Prezident: Azərbaycan-Rusiya münasibətləri regionda sabitliyin təminatıdır

Prezident: Azərbaycan-Rusiya münasibətləri regionda sabitliyin təminatıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovu qəbul edib.

Aktual.az Trend-ə istinadən məlumatına görə, dövlət başçısı Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovun ölkəmizə səfərinin ənənəvi qardaşlıq əlaqələrinin müzakirəsi üçün yaxşı imkan yaratdığını vurğulayıb. Ölkəmizlə Dağıstan Respublikası arasında əlaqələrin region üçün, bütövlükdə Azərbaycan-Rusiya münasibətlərinin inkişafı baxımından çox əhəmiyyətli olduğunu qeyd edən Prezident İlham Əliyev bildirib ki, dövlətlərarası ikitərəfli münasibətlər möhkəmləndikcə, Azərbaycan-Dağıstan ənənəvi əlaqələri daha da güclənir.

Ramazan Abdulatipovu və bütün dağıstanlıları Dərbənd şəhərinin iki min illik yubileyinin yüksək səviyyədə keçirilməsi münasibətilə təbrik edən dövlət başçısı bunun region üçün çox böyük hadisə olduğunu deyib. Prezident İlham Əliyev yubiley tədbiri zamanı Azərbaycanla bağlı, xalqımızın ümummilli lideri ulu öndər Heydər Əliyev və görkəmli dövlət xadimi Əziz Əliyev haqqında dediyi səmimi sözlərə və Əziz Əliyevə Dərbənd şəhərində abidə ucaldılmasına dair qəbul edilən qərara görə Ramazan Abdulatipova minnətdarlığını bildirib.

Azərbaycanla Rusiya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iyunda ölkəmizə səfəri zamanı da bunu bir daha təsdiqlədiyini diqqətə çatdırıb. Dövlət başçıları arasında mütəmadi keçirilən yüksək səviyyəli görüşlərin önəmini qeyd edən Prezident İlham Əliyev bu yaxınlarda Vladimir Putinlə Qazaxıstanda görüşdüyünü məmnunluqla xatırlayıb və uğurla inkişaf edən Azərbaycan-Rusiya münasibətlərini regionda sabitliyin təminatı kimi dəyərləndirib. Əməkdaşlıq potensialının genişləndirilməsi məsələsinə toxunan dövlətimizin başçısı Rusiya Federasiyasının regionları, xüsusilə Dağıstan Respublikası ilə əlaqələrin iqtisadi, investisiya qoyuluşu, humanitar və digər sahələrdə daha da inkişaf etdirilməsinin önəmini vurğulayıb.

Azərbaycanla Rusiya Federasiyasının Dağıstan Respublikası arasında əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını vurğulayan Ramazan Abdulatipov bu əlaqələrin inkişafında Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında mövcud olan səmimi münasibətlərin əhəmiyyətini qeyd edib. Dövlət başçılarının vaxtaşırı olaraq görüşdüklərini vurğulayan Ramazan Abdulatipov özünün Rusiya Prezidenti ilə görüşləri zamanı da Vladimir Putinin Azərbaycanla əlaqələrin inkişafı ilə hər dəfə yaxından maraqlandığını və ölkəmizlə ən xoş və fəal münasibətlərin genişləndirilməsi ilə bağlı tövsiyələr verdiyini deyib. O, Azərbaycanın müxtəlif regionları ilə də əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib.

Dərbənd şəhərinin iki min illik yubileyinə toxunan Ramazan Abdulatipov xalqlarımızın əsrlər boyu bir yerdə yaşadığını vurğulayaraq birgə tariximizin böyük əhəmiyyət daşıdığını deyib. Dağıstan Respublikasının rəhbəri Azərbaycan Prezidentinin göstərişi ilə Dərbənd şəhərində yüksək keyfiyyətlə həyata keçirilən abadlıq və quruculuq işlərinin də böyük razılıqla qarşılandığını bildirib.

Xəbər 495 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR