Polkovnik: "Hərbi mundir ruhumun libasıdı"

Polkovnik:

Axar.az-ın "Xatirə dəftəri” layihəsinin qonağı əməkdar jurnalist, yazıçı, polkovnik-leytenant İbrahim Rüstəmlidir.

- Cənab polkovnik, xatirələrinizdə cəbhə xətti hardan keçir? Duyğularımızdan, səbrimizdən, hissimizdən uzaqdırmı?

- Bəlkə də məkan baxımından bir qədər uzaqdı, amma mənəvi anlamda duyğularımızdan, səbrimizdən, hissimizdən kənarda deyil. Mənim xatirələrimin cəbhə xətti Qarsdan, Göyçədən, Zəngəzurdan, Qazaxdan, Qarabağdan... keçir. İstəyirsiniz o xatirələrin ən adi, amma son dərəcə mürəkkəb bir fraqmentinə hamılıqla tamaşa edək:

O vaxt lap uşaq idim. Atam Göyçə gölünün sahilində öz dostları ilə süfrə açmışdı. Bizdən azca aralıda erməni gəncləri də yeyib-içirdilər. Məclisin şirin yerində onların Bakıdan gəldiklərini öyrəndik. Necə deyərlər, bir-birimizə qarışdıq, süfrələrimizi qovuşdurduq. Hansı məqamdasa qəfildən böyrümüzdə qos-qoca bir erməni dığası peyda oldu. Bakı ermənisinin qohumu idi deyə, gülə-gülə süfrəyə çağırdı. Kaftarı elə bil ildırım vurdu. Gözləri qanla doldu. Bir andaca iblisə çevrildi. Üzümüzə tərs-tərs baxıb dodaqlarının altında donquldana-donquldana uzaqlaşdı. Atamdan onun nə dediyini soruşanda dizimdən vurdu. Uşaqlıqdan inadkar olmuşam. Məclis dağılandan sonra atama yenə də eyni sualla müraciət etdim: o kişi Aşota nə dedi? Dədəmin kefi kök idi, gülə-gülə cavab verdi: Dedi ki, it oğlu it, oturduğun yerə bir "lapatka” vursan, beş erməni kəlləsi çıxar, sən də burda türklərlə yeyib-içirsən!.. Dədə-baba torpaqlarımızda yurd salan və söyüşü özünə aid edilməli olan bu məxluqun düşüncəsinə fikir verirsiniz!? Təəssüf, biz bu səhnələrin həqiqi mahiyyətini çox gec anladıq...

Yaddaş boğçam xatirələrimin cəbhə xəttini özündə belə aydın və mükəmməl şəkildə ifadə edən səhnələrlə doludur...

- Uzun müddət əyninizdə hərbi mundir daşımısnıız, bu gün təqaüddəsiniz, hərbi geyim üçün darıxanda gözünüzün qurdunu necə öldürürsüz?

- Bilirsiz, bizim hərb və hərbçi anlayışları ilə bağlı təsəvvürlərimiz bəzən ən adi kənar təsirdən asanlıqla mövqeyini itirə bilər. Adamlar bu anlayışı öz aralarında istədikləri kimi, insafsızcasına bölüşüblər. Özü də çox böyük israfçılıqla. Buyurun, baxın: kimi dindirirsən, ağzını açan kimi mən də döyüşmüşəm deyir. Vəziyyət hətta o həddə çatıb ki, əyyaşlığı üzündən hər iki ayağını itirən də özünü cəmiyyətə çox asanlıqla müharibə əlili kimi sırıya bilir!

Bügünlərdə polkovnik Xətai Baxışovla Neftçalaya, şəhid qardaşımız Elimdar Səfərovun anım törəninə yollanmışdıq. Salyanda maşınımız xarab oldu. Taksi tutduq. Sürücü gəlişimizin məqsədini bilən kimi yekə-yekə "mən də dörd il "voyevat" eləmişəm” dedi və üç manatlıq yola nədənsə keçmiş hərbçi "həmkarlarından" on manat aldı!..

Yəni, bizdə hamının əsgər kimi danışdığını görə bilərsən, amma hamını Əsgər kimi görə bilməzsən! Problemlərimizin kökü insanların hərblə bağlı təsəvvüründəki ciddi qüsurlardadır. Hətta hərbi mundir geyinmək də hələ hərbçi olmaq demək deyil! Bu illər örzində mundir altında öz istedadsızlığını, savadsızlığını, hətta əxlaqsızlığını pərdələyən kifayət qədər spekulyant gördük. Bir sözlə, hərb və hərbçi mövzusu haqqında danışarkən mundir-filan kimi cəhətlər ən sonda gələn anlayışlardı. Əsas olanı insanın ürəyidir, mənəviyyatıdır, xarakteridir! Bax, ona görə mən özümü indi əvvəlkindən daha çox hərbçi kimi hiss edirəm, çünki hərbi mundir mənim ruhumun libasıdır...

- Uzun illər hərbi jurnalist kimi fəaliyyət göstərmisiz. Yaddaşınızda qalan nələr var ki, hələ yazmamısız?

- Mən elə indi də hərbi jurnalistəm. Mövzularım ordu ailəsindən gəlir. Dövlətimizə, Silahlı Qüvvələrimizə sədaqətimə heç kim kölgə sala bilməz. Yazdıqlarımda səmimiyəm. Tənqidim də, tərifim də bu ailəyə - Orduya olan sevgimin, sədaqətimin davamıdı...

Ümumiyyətlə, yaddaş insanın ən ağrılı yeridir. Bu mövzuda verilən bütün suallara güllə yarasınına səpilən duz kimi baxıram. Mən də bu xalqın övladıyam axı. Yaralarım çoxdu. Qaysaqlanmayan yaralarım...

Zaman keçdikcə xatirələrimdə yenidən cücərdiyimi, pöhrələndiyimi duyuram. Özümü o xatirələrin qoynunda - güllə-mərmi səsləri altında daha bütöv, daha dolğun, daha güclü hiss edirəm. Xatirələrimi indiki zamanda yaşayıram. Gecələr yuxuya rahat getmək üçün onlarla üz-üzə, göz-gözə qalıram. Yəqin bundan sonra mənim məzarım da, mənim yuxularım kimi, həmişə barıt qoxusu verəcək. Çünki məzarım mənim yazılmayan xatirələrimin yaşanmayan davamı üçün çox dar olacaq, çox dar...

- Necə düşünürsüz o xatirələr ki var, qələmə alınsa, səhnələşdirilsə, orduya və gələcək nəslə nələri danışa bilər?

- Əvvəlcə bunu bilməyinizi istəyirəm: Xatirələrin də ögeyi, doğması olur. Üstəlik, ögey ata, ögey ana kimi, insanların öz-özünə də ögeyliyi, doğmalığı var. Çox adamlar öz həyatını ikinci, üçüncü şəxsin təkində yaşayır, özü ola bilmir. Belə adamların xatirələri də ikinci, üçüncü şəxsin yaşantıları kimi gecə-gündüz əsl sahibini axtara-axtara şüuraltıda tək-tənha avaralanır. Bəzi adamların ölənədək bundan xəbəri olmur. Xəbərdar olanlar isə yan-yörəmizdən öz-özünə danışa-danışa keçənlərdir. Deyəsən, hərdən mən də onlara bənzəyirəm...

Xatirələrimə görə çəkdiyim əzablar mənə həmişə dənizdə boğulan adamı xatırladıb. Başımıza gələn müsibətlər, məsələn, Rəhim Qazıyev kimi sapı özümüzdən olan baltalarla törədilibsə, doğranan ağacların fəryadına da təəccüblənməməliyik. Çünki bu xatirələr bizim "öz əlimizlə" bizim öz adımıza yazılıb. Yəni bu xatirələrin həqiqi müəllifi biz deyilik. Amma o xatirələri unutmaq haqqımız da yoxdur. Ola bilsin hansısa ölkədə, hansısa adamlar öz xatirələrini yaşamaq, təsəlli tapmaqdan ötrü əzizləyir, qoruyurlar. Amma bizim xatirələrimiz hər şeydən öncə bizim həqiqətimizi yaşatmaq və gələcək nəsillərə ötürmək üçündür...

- Elə isə bu günün ordusu dünənkindən nə ilə fərqlənir?

- Azərbaycan ordusu hələ çox gəncdir. O qədər gəncdir ki, onun bu günü ilə dünəni arasındakı sərhədi müəyyənləşdirmək hər adamın bacara biləcəyi iş deyil. Bu ordunun üzərində övladını Vətən yolunda qurban verən ağsaçlı valideynimizin də, sevib-sevilməyə macal tapmamış döyüşlərdə həlak olan on səkkiz yaşlı qardaşımızın da, şəhid atasının üzünü görməyən körpə balamızın da haqqı var! Ordumuz onların hər birinin yaşıdıdır. Onların hər birinin yaşı, hər birinin siması, həm də bu ordunun yaşıdır, həm də bu ordunun simasıdır!

Ancaq psixoloji testlər Silahlı Qüvvələrimizin mənəvi-psixoloji və döyüş hazırlığı sahəsindəki kontrlarının dəyişmədiyinə ciddi əminlik yaradır. Məsələn, 1990-cı illərin əvvəllərində əlinə silah alıb döyüşə atılan, bu gün isə artıq veteran, qazi, müharibə əlili kimi statusları bölüşən dostlarımız indi daha çox savaşa atılmaq yanğısı ilə çırpınırlar. Onlardakı tükənməz döyüş əzmi itirilmiş bütöv bir nəslin həm də özünütəsdiq hissi kimi yadda qalır. Əgər müharibə başlasa, heç şübhəsiz, bu veteranların mütləq əksəriyyətini ön cəbhələrdə görəcəyik. Bu yerdə heç kim onların haqqına girə bilməz. O üzdən Aprel döyüşləri zamanı Ali Baş Komandan tərəfindən bu veteranların çəbhə xəttinə getməsinə icazə verilməsini dünənlə bu gün arasında atılan etibarlı körpü kimi dəyərləndirirəm. Çünki zaman baxımından ordumuzun həqiqi obrazını yalnız və yalnız dünənlə bu günün vəhdətində görürəm. Yüksək döyüş əzmi, vətənpərvərlik, qələbə yanğısı bu obrazın daha çox yadda qalan cəhətləridir.

Bugünün ordusu müasir hərbin döyüş arsenalına, maddi-texniki təminatına, döyüş taktikasına, sıra nizamına, çevik dinamikasına və s. görə, əlbəttə, öz dünənini xeyli arxada qoyur. Qısa müddət ərzində qazanılan bu möhtəşəm uğurlara görə sevincimizi gizlətmirik. Amma Vətənin əsirlikdə qalan parçasına görə çəkdiyimiz əzablar da bizim danılmaz reallığımızdır...

- Son vaxtlar hərblə bağlı ekspert rəylərinizlə, sanballı şərhlərlə, məqalələrlə gündəmə gəlirsiz. Bu, illərin yığılıb qalmış, ehtiyatda saxladığınız müşahidələrinizin, təcrübənizin sonucudur?

- Hələ ordu sıralarında xidmət edərkən qələmə aldığım məqalələrin bir qismi ilə rastlaşmadığınıza təəccüblənmirəm. Bu yazıların tam əksəriyyəti sırf ordu ailəsi üçün nəzərdə tutulmuşdu. Mən xidməti vəzifəmi yerinə yetirirdim. Ancaq onların kütləvi informasiya vasitələrində çapı mümkün olan müəyyən qismi ilə tanışlığınıza da şübhəm yoxdur. "Azərbaycan Ordusu-xalqın bağrından qopan güc", "Əsgər şərəfi", "Bir Şəhidin monoloqu", "Hərbi Doktrina" və s. kimi məqalələrim ölkənin ən nüfuzlu media səhifələrində zaman-zaman geniş işıqlandırılıb.

Hərbi jurnalistika mənim həyat fəlsəfəmdir, yaşam tərzimdir, ayaqda qalmaq mücadiləmdir, nəhayət, əsgərlərimizlə bir səngəri bölüşmək məramımdır. Çünki ömrünün ən yaxşı illərini hərbi xidmətdə keçirmiş birisi üçün ordumuzu qalib görmək, həm də onun öz gələcək obrazının mükəmməl ifadəsidir. Bir sözlə, Azərbaycan Ordusu imzamı yaşadacaq yeganə etibarlı gücdür.

Digər tərəfdən, oxucuların görüşünə ciddi yazılarla çıxmaq qazanılan etimadı qorumaq instinktindən qaynaqlanır. Bunun qarşılığında onlardan gördüyüm münasibətə görə dəfələrlə kövrəlməyim isə mənim fərdi yaşantılarımdandır, yaradıcılığımın özəl uzantısıdır. Məsələn, "Qarçik Muradyana açıq məktub" kimi ağır bir məqaləmin yalnız bir saytda 28 min dəfədən çox oxunmasını görəndə gözlərimin yaşardığını gizlətmirəm. Çünki mən öz yazılarımı, həm də tələbkar, diqqətli və həssas oxucularımla bir yerdə yazıram...

- Bu yazıların mütləq əksəriyyətində informasiya təhlükəsizliyi kimi vacib məsələyə toxunmağınız xüsusilə diqqəti çəkir.

- Dünyanın bir sıra ölkələrində, o cümlədən dəfələrlə Türkiyədə, Almaniyada, Polşada Silahlı Qüvvələrin informasiya təhlükəsizliyinə həsr olunmuş, təcrübəli dünya mütəxəssislərinin mühazirələrində, seminarlarında iştirak etmişəm. Bu tədbirlər zamanı əldə etdiyim bilgilər müvafiq sahə ilə bağlı araşdırmalarım üçün ciddi mənbə rolunu oynayıb. Hər bir ölkənin informasiya təhlükəsizliyi onun gələcəyini şərtləndirən əsas amillərdən biri, bəlkə də birincisidir. Ona görə də az qala bütün yazılarımda bununla bağlı əldə etdiyim, öyrəndiyim təcrübənin tətbiqinə çalışıram. "Şahnazaryana açıq məktub", "Frans(u)a sindromu", "Serj Sərkisyanın heç yerdə görmədiyiniz portreti", "Qraçik Muradyana açıq məktub", "Sonuncu erməni təxribatı", "Mənim erməni oğlum", "Aprel döyüşləri" kimi yazılarımda bu məsələlərə daha böyük yer verməyim təsadüfi deyil. Məndən ötrü bu, bir döyüş növbəsidir. Çünki Silahlı Qüvələrimizin informasiya təhlükəsizliyi indiki məqamda ölkənin informasiya təhlükəsizliyi ilə eyni paraleli bölüşür. Təəssüf ki, bu barədə geniş danışmaq imkanımız məhduddur: düşmən bizi daha diqqətlə oxuyur, daha diqqətlə öyrənir...

- Döyüş bölgələrində çox olardız. Kimlər yaddaşınızdan silinməz?

- Unudulması mümkünsüz o qədər xatirələrim var ki! Xatirələrim özümdən ağırdır. Heç vaxt baxılmayan müharibə filmi kimiyəm. Bu filmin baş qəhərmanı Azərbaycan Əsgəridir; fərdi fədakarlıq nümunəsi göstərərək bütöv bir bölüyü mühasirəyə düşməkdən qurtaran, yaralı döyüş yoldaşını atəş zolağından çıxararkən Şəhid olan, son nəfəsinədək düşmənə qan udduran Azərbaycan Əsgəri...

Aprel döyüşlərində biz bu əsgərin daha fərqli, daha əzəmətli obrazını gördük. Aprel döyüşləri Azərbaycan ordusunu Azərbaycan dövlətinin və xalqının ən mükəmməl, ən etibarlı güc mərkəzi, istinad nöqtəsi kimi təqdim etdi. Azərbaycan hökumətinin illər uzunu düşmən təxribatına cavab olaraq ali tribunalardan səsləndirdiyi haqlı tələblər bu dəfə fərqli farmatda, Azərbaycan əsgərinin simasında ifadə olundu. Mübariz İbrahimovun Qəhrəmanlıq salnaməmizə yeddi il bundan qabaq təkbaşına vurduğu möhür, bu dəfə onlarla igid hərbçimiz tərəfindən əsgəri rəşadət səviyyəsində təsdiqini tapdı. Düşmən seytnot vəziyyətinə salındı. Bütün bunlar Azərbaycan Prezidenti başda olmaqla bütövlükdə dövlətimizin və xalqımızın iradəsini dünyaya nümayiş etdirdi.

- Bir neçə Müdafiə nazirinin vaxtında xidmətdə olmusunuz. Zakir Həsənovun zamanında az xidmətdə oldunuz. Ordumuzdakı son dəyişiklərlə bağlı nə deyə bilərsiz?

- Mən əsgərəm. Məsuliyyətim böyükdür. Vətənimə sədaqət andı içmişəm. Bu and üzərimə ciddi vəzifələr qoyur. Xarakterimlə, yanaşma tərzimlə, davranışımla yalnız bir mövqeyi ifadə etməliyəm. Özümdə həm döyüşçü, həm də siyasətçi obrazını daşımamalıyam. Bu çox təhlükəli tendensiyadır. Baxın, yaxın tariximiz özünü həm əsgər, həm də siyasətçi kimi aparan adamların acı təcrübəsi ilə doludur. Elə indinin özündə də bəzi döyüş dostlarımla fikir ayrılığım buna görə yaranır. Yəni, müdafiə nazirini müzakirə etməyi səlahiyyətimə aid olan məsələ saymıram. Rəhim Qazıyevin adını isə ona görə çəkirəm ki, vaxtilə iştirak etdiyim içlasda nazir kreslosunda yayxana-yayxana xalqımızın ünvanına ağır ifadələr işlədib. Və iclas iştirakçılarından yalnız mənim tərəfimdən sərt təpki ilə üzləşib. Cavabında isə məni də söyüb, məni də təhqir edib. Təbii ki, o adam Orduya yad idi və bu da, zabitin zabitə cavabı deyildi, sadəcə onun özünü özünə tanıtmaq cəhdim idi. Nə olsun ki, məni əvvəlcə kabinetindən, sonra isə "xidməti uyğunsuzluq"la işdən qovdu!..

Ordumuzdakı son dəyişiklərlə bağlı məsələlərə gəldikdə isə, ümumiyyətlə, bilirsiz ki, mərhum Pezidentimiz Heydər Əliyevin dövründən Silahlı Qüvvələr quruculuğu ölkəmizdə prioritet elan olunub. O vaxtdan hərbi qulluqçulara göstərilən diqqət və qayğını onlardan tələb olunan vəzifələrlə bir paraleldə, eyni dinamika ilə müşahidə etmişik. İndi də belədir. Prezidentimiz İlham Əliyevin ordumuza yüksək diqqət göstərməsi qarşımızda dayanan problemlərin həlli istiqamətində atılan mühüm addımlardandır. Ordu - daimi və ciddi nəzarət tələb edən dinamik bir orqanizmdir. Ona görə də bu sahədə xüsusilə dövlət müşaviri səviyyədə aparılan kadr islahatının yeni uğurlara qapı açacağına əminəm. Son dövrlərin statistikası dediklərimə əyani sübutdur. Orduya nəzarətin daha da gücləndirilməsi qısa müddətdə diqqəti çəkən ciddi nəticələrlə yadda qalır.

Digər tərəfdən, cənab Zakir Həsənovu da tabeliyindəki şəxsi heyətə həmişə yüksək tələbkarlıq və təəssübkeşliklə yanaşan və o üzdən əsl səngər həyatı yaşayan bir nazir kimi tanıyırıq. Bütün bunlar orduya olan inamı daha da artırır, xüsusilə yeni yetişən gənc nəslin hərbi vətənpərvərlik ruhunda formalaşmasına təkan verir, xalqın qələbə əzmini gücləndirir. Ona görə də bir əsgər kimi cənab Ali Baş Komandanın ərazi bütövlüyümüzü təmin etmək məqsədilə verəcəyi bütün əmrlərini yerinə yetirməyə hazırıq...

Xəbər 4310 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR