Peyvəndə nəzarətdə yenilik tətbiq olunacaq

Peyvəndə nəzarətdə yenilik tətbiq olunacaq

2017-ci ildən respublikanın şəhər və rayonlarında peyvənd işinə nəzarəti gücləndirmək üçün yeniliyin tətbiqi nəzərdə tutulur. ​

Aktual.az  Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirdikləri mətbuat konfransında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Sağlamlıq kartına uşağın bütün peyvəndləri haqqında məlumatların daxil edildiyini deyən mərkəzin direktor müavininin sözlərinə görə, peyvənd işinə nəzarəti gücləndirmək üçün sağlamlıq kartı sistemi vasitəsi ilə hər bir uşağın peyvənd olunması barədə məlumatı hesabat formasında əldə etmək imkanı yaradılıb. Artıq Bakı şəhərində sınaqdan keçirilmiş bu proqramın 2017-ci ildən respublikanın digər şəhər və rayonlarında tətbiqi nəzərdə tutulur. ​

A.Əliyeva deyib ki, 2014-cü ildən peyvəndlər ölkəmizə UNİCEF-in xətti ilə gətirilir: "Əksər flakonlar bir dozalı olur. Vaksinlərin etibarlı saxlanması məqsədi ilə "soyuq zəncir" sistemi gücləndirilib. Vaksinlər istehsalçıdan uşağa qədər düzgün qaydada, yəni soyuq zəncir sistemi ilə çatdırılır".

A.Əliyeva qeyd edib ki, son illər yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan genişmiqyaslı və səmərəli tədbirlər nəticəsində ölkəmizdə dayanıqlı epidemioloji sabitlik təmin edilib. 2016-ci il ərzində respublika üzrə uşaqların profilaktik peyvəndlərlə əhatə səviyyəsi qənaətbəxş olub. Belə ki, yenidoğulmuşların vərəm əleyhinə BCG peyvəndi ilə əhatə olunması 97,8%, HepB peyvəndi ilə 98,0%, poliomielit əleyhinə (OPV0) 97,8%, 1 yaşa qədər uşaqlar arasında göyöskürək, difteriya, tetanus, b tipli hemofil infeksiya və hepatit B əleyhinə pentavaksinlə (GDTHibHepB3) 95,6%, poliomielit əleyhinə (OPV3) peyvəndi ilə 97,6%, pnevmokok əleyhinə peyvəndlə 96,5%, qızılca-parotit-məxmərək əleyhinə peyvəndlə 97,9% təşkil edib.
 
Aktual.az 
Xəbər 262 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR