"Petlim" limanının rəsmi açılışı gələn ilə planlaşdırılır


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə müəssisəsi olan "SOCAR Turkey" şirkətinin İzmirin Əliağa bölgəsindəki "Petkim" yarımadasında inşa etdiyi "Petlim" konteyner limanının rəsmi açılış mərasimi gələn ilin yaz aylarında baş tutacaq.
Aktual.az Report-a istinadən xəbər verir ki, bunu "SOCAR Turkey" şirkətinin baş icraçı direktoru Kənan Yavuz Dəniz Ticarət Palatasının İzmir şöbəsinin toplantısında bildirib.
O qeyd edib ki, rəsmi açılış Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə həyata keçiriləcək.
Möhtəşəm liman inşa etdiklərini qeyd edən K.Yavuz bildirib ki, bu liman dünyada ən yüksən standartlara sahib limanlardandır.
Limanla yanaşı, SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələrdən danışan baş icraçı direktor 2008-ci ildə "Petkim" Neft-Kimya Holdinqinin alınmasından sonra SOCAR-ın Türkiyə tarixində ən böyük birbaşa sərmayəçisi olduğunu xatırladıb.
K.Yavuz yarımadada həyata keçirilən dəyəri 6 mlrd. dollar olan "Star" neft emalı zavodu barədə də məlumat verərək qeyd edib ki, zavodda işlərin 35%-i görülüb: "Bu layihə 1975-ci ildə həyata keçirilən sonuncu neft emalı layihəsi olan "Aliağa" zavodundan sonra ilk neft emalı layihəsidir. 40 illik fasilədən sonra bu sahəyə sərmayə yatırılır. "Star" zavodu üçün tələb olunan vəsaitin 2,4 mlrd. dolları daxili maliyyələşmə hesabına həyata keçirilir. Bu layihə son dərəcə əhəmiyyətli və "Petkim"in rəqabət gücünü artıracaq layihədir. Bütün idxal olunan neft məhsullarını istehsal edəcək layihəni böyük sürətlə həyata keçiririk. "Star" zavodu 2018-ci ilin mart ayında istehsalata başlayacaq".
Azərbaycanın "Şahdəniz" yatağının ikinci mərhələsində hasil olunan qazın Türkiyə və buradan Avropaya nəqlini nəzərdə tutan Trans- Anadolu boru kəməri (TANAP) layihəsindən də danışan K.Yavuz qeyd edib ki, bu layihə Türkiyə tarixinin ən böyük enerji layihəsidir.
O bildirib ki, bu layihə sayəsində Türkiyənin enerji asılılığı daha da azalacaq və təbii qaz ehtiyacı daha etibarlı şəkildə təmin olunacaq.

Xəbər 450 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR