Dağlıq Qarabağla bağlı üzünü kimə tutursansa, hamı bir ağızdan deyir:
"urus qoymur". Anlamaq olmur məgər Azərbaycan müstəqil dövlət
deyilmi, özünün suveren hüquqlarını qorumaq üçün kimdənsə icazəmi almalıdır?
Məgər Azərbaycan ordusu beynəlxalq hüquqa və beynəlxalq təşkilatların
verdiyi qərarlara, qətnamələrə söykənib antiterror əməliyyatları apararaq
Qarabağı azad edə bilməzmi? Belə olan halda "urus" nə deyib
qoymayacaq?
Əlbəttə, bu suallara neçə illərdir "nəhənglər" tərəfindən
məhəl qoyan olmasa da, amma Azərbaycan üçün bundan başqa çıxış yolu yoxdur.
Şübhəsiz ki, Dağlıq Qarabağın sülh yolu ilə azad edilməsinə dünyada
kim inanırsa və Ermənistanın yeni başçısından bunu gözləyirsə kökündən yanılır.
Baxın, qatı millətçi olan Nikol Paşinyan siyasi baxışlarına görə
Ermənistan Dövlət universitetinin jurnalistika fakültəsinin 4-cü kursundan
qovulduqdan sonra sağa-sola qələm çala-çala Ermənistanın "başına"
kimi gəldi. Doğrudur, onun siyasi savadı az olsa da bəlli olan budur ki, artıq
o, öz hökumətinin "başıdır" və bu başın nə qədər boş və ya dolu
olmasından asılı olmayaraq onunla baş-başa gəlmək rəsmi Bakı üçün qaçılmazdır.
Çünki "nazirbaşı" olan kimi Dağlıq
Qarabağa "uçan" Paşinyan bununla bütün dünyaya bəyan etdi ki, Dağlıq
Qarabağı müstəqil respublika kimi tanıyır və siyasi baxımdan hörmət əlaməti
olaraq ilk səfərini məhz "bu ölkəyə" edir.
Sözsüz ki, Paşinyan "gəmisinin" hansı "limana" -
Rusiyaya, yoxsa Qərbə tərəf yan alacağını hələ özünün də dəqiq bilmədiyini
güman etmək olar. Yox əgər bilirsə də hələ ki, "ermənilik" edərək
gizlədir. Çünki o, hələ mitinqlər zamanı, yəni "nazirbaşı" olmamışdan
əvvəl Rusiya Dövlət Dumasının deputatları ilə görüşdən sonra - "Görüşdə Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyi haqqında danışıldı və görüş
konstruktiv keçdi. Mən Rusiyadan olan kolleqalarımı inandırdım ki, hakimiyyətə
gəlsək, Avrasiya İqtisadi Birliyindən və Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatından çıxmaq məsələsini qaldırmayacağıq" desə də, amma müxalif deputat olan zaman Ermənistanın Avrasiya
İqtisadi Birliyinə könüllü yox, məcburi qoşulduğunu deyirdi. Rusiya-Ermənistan
münasibətlərini isə "diqtə edən və qulaqasan" kimi səciyyələndirirdi.
Görünür
Paşinyan öz ölkəsi daxilində müəyyən islahatlar aparıb "kreslosunun
boltlarını" sıxınca, Rusiyanın ağzını bacardığı qədər boza verərək vaxt
udmaq fikrindədir. Vaxt udmaq isə ermənilər üçün xarakterik bir xüsusiyyətdir;
onlar həm tarixi öz xeyirlərinə saxtalaşdırıb "udmaqda", həm də Qarabağ
məsələsində zamanı otuz ilə yaxın uzadaraq, saatları öz xeyirlərinə işlətməkdə
mahirləşiblər.
"Erməniliyin"
ömrünün qırx gün çəkməsinə baxmayaraq, Paşinyanın Rusiyanı aldatmasının ömrü
heç qırx saat da çəkmədi. Onun məkrli niyyətinin üstünün necə açılmasına diqqət
edin; lragir.am
erməni saytına müsahibə verən keçmiş deputat, həmçinin siyasi məhbus olmuş Azat
Arşakyan deyir: "Paşinyan taktiki
gedişlərdən istifadə edir. O, açıq şəkildə Rusiya imperiyasını hələ ki, narazı
salmaq istəmir. Bu, Ermənistanı tədricən müstəqil və azad siyasət aparmaq
müstəvisinə gətirəcək. Qarabağ hərəkatı zamanı biz bu məktəbi artıq keçmişik.
Çünki Qarabağ hərəkatı da o zaman "Lenin - partiya - Qorbaçov" şüarı
ilə başladı, ancaq nəticədə Ermənistanın
95% əhalisi müstəqilliyə səs verdi. Bu dəfə də belə olacaq. Qərb rus imperiyasına qarşı kəskin rejimdə Soyuq
müharibəsini davam etdirir. Bu gedişlə imperiya diz çökərək öz qonşularını
rahat buraxacaq. Biz bu istiqamətdə ilk addımı atdıq və mən buna görə fəxr
edirəm".
Tarix
boyu siyasi şərait güdən və öz çörəkverənlərini arxadan vuran ermənilər bu
addımı heç də ağılsızcasına atmırlar, onlar bu məqamı 1828-ci ildən bu günədək
"yüz ölçüb bir biçirlər".
Rusiya
prezidenti Ermənistanın yeni "nazirbaşına" təbrik teleqramında - "Ümid
edirəm ki, sizin hökumətin başında fəaliyyətiniz ölkələrimiz arasında dostluq,
müttəfiqlik əlaqələrinin daha da möhkəmləndirəcək, Müstəqil Dövlətlər Birliyi,
Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı
çərçivəsində tərəfdaşlıq davam etdiriləcək" yazması, Azat Arşakyanı Paşinyanın
"içi" barədə daha da azad danışmağa həvəsləndirib.
Baxın, teleqramın məzmunundan "ürəyi atılan" A.Arşakyan
fikirlərini tam çılpaqlığı ilə necə bəyan edir: "Rusiya o qədər zəifləyib
ki, hərbi xərclərini azaldıb, o artıq müflisləməyə yuvarlanır, onun uzaq erməni
əyalətini saxlamağa gücü yoxdur. Rusiyanın Ermənistandakı kiçik bazası hətta
erməniləri ovutmaq üçün heç Azərbaycana cavab verməyə kifayət deyil. Ona görə
də Moskva geriyə addım atdı və bu ölkənin məmurları öz çıxışlarında
Ermənistanın suverenliyinə hörmət etdiklərini dilə gətirib baş verənlərə
"bu, Ermənistanın daxili işidir" dedilər. Amma Rusiya tərəfi Ermənistanla
əvvəlki kimi əməkdaşlığın davam etdirilməsinə ümidlidir. Bu isə Ermənistanın
yeni rəhbərliyinin Rusiya ilə bağlı olan "layihələrdən" çıxmayacağı
bəyanatından irəli gəlib".
Tamamilə eyforiya dumanına düşən ermənilər az qala Rusiyanı onlardan asılı
vəziyyətə düşdüyünü zənn edirlər.
Bu arada
görün hələ Ermənistan Xarici işlər nazirinin müavini Şavarş Koçaryan nə deyir:
"Ermənistanın daha layiqli və əzmkar xarici siyasət aparması üçün ciddi
şərait yaranıb. İndi Ermənistanla daha çox hesablaşacaqlar".
Dağlıq Qarabağla bağlı Paşinyanın "xod etməsi" təbidir. Sözsüz
ki, onun bu "xodu" nəticədə indiyədək ondan əvvəlki
"ermənibaşların" "pas" olmalarından heç də fərqli
olmayacaq. Yəni münaqişənin həlli istiqamətində gedən danışıqlarda qondarma
"Dağlıq Qarabağ respublikası"nın tərəf kimi iştirak etməsi rəsmi Bakı
tərəfindən haqlı olaraq həmişə rədd edilib. Əks təqdirdə bu "qondarmanı"
tərəf kimi danışıqlara cəlb etmək və ya qəbul etmək Bakı tərəfindən onun
dolayısı ilə tanınması demək olardı.
Amma
baş verənlərə digər tərəfdən baxanda görünür ki, inqilabını "məxməri"
edən Nikol Paşinyan son bir ay ərzində "erməni
ruhunu" Zori Balayandan da çox dirçəldə bildi.
Ermənistanda baş verən bütün gedişatlar onu təsdiq edir ki, zaman heç
də Azərbaycanın xeyirinə işləmir. Çünki Dağlıq Qarabağı və ona bitişik olan rayonları
əsir saxlayan ermənilər "Qarabağ klanına" dirəşərək özlərinə yeni
"hökumətbaşı" seçdikdən sonra ən azı mənəvi baxımdan yüksək
əhval-ruhiyyə əldə etmiş oldular. Doğrudur, artıq 30 ildir öz əl-qolunu
"qara bağla" bağlayan Ermənistan iri miqyaslı regional layihələrdən
kənarda qaldığından nə qədər cabalasa da, iqtisadi baxımdan inkişaf edə
bilməyəcək. Çünki bu ölkənin mütləq iqtisadi inkişafı başda Dağlıq Qarabağ
olmaqla, Azərbaycanın işğal altındakı digər rayonlarının azadlığından keçir.
Ancaq məsələyə digər tərəfdən baxanda, əgər bugünədək bütün
beynəlxalq layihələri şüurlu şəkildə Qarabağa qurban verən ermənilər
monopoliya, korrupsiya və rüşvət içində yarıac, yarıtox vəziyyətdə tab gətirib
yaşaya bildilərsə, Paşinyanın monopoliyasız, korrupsiyasız, həmçinin rüşvətsiz
dövlət quracağı təqdirdə qismən də olsa daha yaxşı yaşaya biləcəklərini güman
etmək olar.
Hərçənd, Müstəqil Dövlətlər Birliyi respublikalarının xəmiri sovet
korrupsiya mayası ilə yoğrulduğundan və sovetin "əziz" xələfi Rusiya
başda olmaqla bu ölkələrin bu gün də "korrupsiya çörəyi" yediklərindən
onların "ağız dadlarını" dəyişmək mümkün olmur. Monopoliya,
korrupsiya və rüşvətxorluq kimi ağır "xəstəliklər" bu ölkələrin az
qala idarəçilik sisteminin tərkib hissəsinə çevrilib. Bu sistemi dəyişməyə cəhd
edənləri isə Gürcüstanın eks-prezidenti Saakaşvilinin timsalında "şimal
küləyi" göyə sovurub didərgin salır. Bu mənada indi "göylə
gedən" Paşinyanın da sonda göyə sovrulması güman ediləndir.
Yeri
gəlmişkən, Rosneftin vitse prezidenti Mixail Leontevin
"...ermənilər, rədd olun! Siz bu dünyada bizdən başqa kimə
lazımsınız?" deməsi sadəcə Azərbaycan üçün gəlişi gözəl olan söz deyil. Bu
sözün arxasında Paşinyanın hələ mitinqlər zamanı öz xalqına bəyan etdiyi -
"Ermənistanda monopoliya olmayacaq! Bu təkcə ölkəyə banan gətirən erməni
oliqarxlarına aid deyil, həm də Rusiyanın Rosneft və Qazprom kimi nəhənglərinə
aiddir" vədi dayanır.
Əlbəttə, siyasət çox "çirkin məsələdir", artıq Rosneftdən
bildirilib ki, Leontevin Ermənstan barədə dedikləri kompaniyanın mövqeyi deyil.
Bilmək olmaz, bəlkə də Putin mayın 14-də Paşinyanı Soçidə qılıqlayaraq
"Rusiya monopoliyasını" Ermənistanda saxlaya bildi. Yox əgər bu
alınmasa, onda çox güman Rusiya əvvəlki Ermənistanla "vidalaşmalı"
olacaq.
Belə olan halda isə Qarabağın azad olunmasında
siyasi şəraitin Azərbaycan tərəfi üçün əlverişli olmasını gözləmək olar və Azərbaycan
Kremlin məşhur ideoloqu Aleksandr Duqinin - "Rusiya qlobal geosiyasi
maraqlarını Ermənistan kimi kiçik bir ölkənin xatirinə qurban verə bilməz"
sözünü nəzərə alaraq hərəkətə keçməlidir. Nə qədər gözləmək olar axı, Paşinyan
Rusiyanı aldadır, amma Azərbaycanı "urus qoymur".
Nə isə, zaman gedir, qulaqlarımızı öz səsi ilə
deşən əqrəblər bizi həm də günbəgün ürəyimizdən "sancaraq" hələ ki, ermənilərin
xeyirinə işləyir.
Son olaraq çıxış yolu ona qalır ki, əgər Arşakyanın dedikləri doğru
olarsa, Paşinyan "erməniliyini" göstərən zaman rəsmi Bakı bu
fürsətdən maksimum istifadə edib Azərbaycan cəmiyyətindəki "urus
qoymur" sterotipini sındırıb və dillərdə gülüş hədəfinə çevrilmiş
"lazım gəlsə" ifadəsini ermənilərin göz yaşına çevirə bilər.
Mübariz Azərbaycanlı,
müstəqil jurnalist
Xəbər 328 dəfə oxunub.