“Ordumuzu döyüşə hazırlamalıyıq” – ARP rəsmisindən maraqlı MÜSAHİBƏ

“Ordumuzu döyüşə hazırlamalıyıq” – ARP rəsmisindən maraqlı MÜSAHİBƏ

araz.az-ın müsahibi Azərbaycan Respublikaçılar Partiyası (ARP) sədrinin birinci müavini Mirkazım Seyidovdur.

 - Mirkazım bəy, avqustun 15-də ARP sədri Sübut Əsədovun sərəncamı ilə birinci müavin təyin edildiniz. 

- Daim ölkəmizin ictimai-siyasi həyatında aktiv olmağa, Vətənə xidmət etməyə çalışmışam. Əsas fəaliyyətlərimdən biri də Rusiyadakı Azərbaycan diasporunun təşkilatlanması və daha fəal şəkildə işləməsinə kömək etmək olub. Bu posta təyinatım də sırf fəaliyyətimlə bağlıdır. ARP sədrinə göstərdiyi etimada görə təşəkkür edirəm. Bundan sonra əsas işimdən biri də partiyanın təşkilatlanması və ictimai-siyasi həyatda daha aktiv iştirak etməsidir. Təbii ki, ümumi qayəmiz Azərbaycanımıza və xalqımıza xidmətdir.

- Partiyanızın iqtidaryönlü olduğu haqda fikirlər var. Bu, doğrudurmu?

- Xeyr, biz iqtidaryönlü partiya deyilik. Sadəcə olaraq, ulu öndər Heydər Əliyevin siyasi xəttini və bu xətti uğurla davam etdirən Ali Baş Komandan İlham Əliyevin siyasətini, xüsusilə Dağlıq Qarabağın və işğal edilmiş digər ərazilərimizin düşməndən azad edilməsi istiqamətində apardığı işi dəstəkləyirik. Lakin ölkədə məmur özbaşınalığına qarşıyıq və buna qarşı mübarizə aparırıq. Azərbaycanda bəzi məmurlar Prezidentin onlara göstərdiyi etimaddan sui-istifadə edir, nəinki özləri, hətta övladları və bütün qohum-əqrəbaları harınlamış həyat yaşayır. Bununla bağlı kifayət qədər nümunə var. Bizim əleyhinə olduğumuz əsas məsələ budur. Axı Prezident İlham Əliyev dəfələrlə bildirib ki, məmur xalqın xidmətçisidr, amma bəzi məmurlar özlərini xalqın ağası kimi aparır. Belə məmurların hərəkətləri dövlət başçısının da siyasətinə kölgə salır. Buna görə də hər kəs belə məmurlara qarşı mübarizə aparmalı və dövlət başçısının yanında olmalıdır.

- Bəziləri iddia edir ki, Azərbaycana demokratiyanı Qərb, xüsusilə ABŞ gətirə bilər. Bu fikirlə razısınızmı?

- Bu gün qana boyanmış, vətəndaş müharibəsinin getdiyi Yaxın Şərq ABŞ-ın gətirdiyi demokratiya ilə bağlı ən yaxşı nümunədir. Dünyada demokratiyadan yaxşı nümunə hələki tapılmayıb. Lakin Amerikanın demokratiyanı maraqlarının təmin olunması üçün alətə çevirdiyi faktı danılmazdır. 2011-ci ildə "ərəb baharı” başlandı və ABŞ Yaxın Şərqdə demokratiya gətirəcəyini elan etdi. Əsas iddiası da ərəb ölkələrinin başında dayananların uzun illər hakimiyyətdə olması idi. Halbuki, öldürülən Liviya lideri Muammər Qəddafi başda olmaqla, devrilən liderlər vaxtilə postlarına ABŞ-ın dəstəyi ilə gəlmişdilər. Göründüyü kimi, ABŞ onları istifadə edib atdı və öz xalqlarının düşməninə çevirdi. Bu gün Liviyanın vəziyyətinə baxın! Parçalanmış vəziyyətdədir. O cümlədən, vaxtilə İraqa gətirdikləri demokratiya bu ölkəni də zəif vəziyyətə salıb. "Ərəb baharı” Suriyada dirənəndə isə ABŞ demokratiyasının iç üzü daha aydın şəkildə ortaya çıxdı. Suriyada vətəndaş müharibəsi ilə yanaşı, sanki gözə görünməyən dünya müharibəsi də gedir. Bir tərəfdə Amerika, bir tərəfdə Rusiya, o biri tərəfdə Türkiyə, başqa bir tərəfdə İran və s. Suriya xalqı isə, məhv olub gedir. Demokratiya budurmu?! Ukraynada Maydanı təşkil etdilər, adını ukraynalıların azadlığı qoydular. Nəticədə, ölkə parçalandı, müharibə hələ də gedir. Vaxtilə MDB-də ən güclü iqtisadiyyata malik ölkələrdən biri olan Ukraynanın hazırkı vəziyyəti acınacaqlıdır. Dünyanın bu dəhşətli mənzərəsi fonunda ABŞ-ın, yaxud Avropanın Azərbaycana gətirəcəyi demokratiya bizə nə verə bilər?! Azərbaycan demokratik ölkədir. Təbii ki, bütün ölkələr kimi, bizim ölkəmiz də mükəmməl deyil, müəyyən problemlər var. Lakin əsas məsələ odur ki, Prezident İlham Əliyev bu problemləri bir-bir aradan qaldırır.

- Deyirsiniz ki, ABŞ bizə heç nə verməyəcək, bəs, Rusiya nə verə bilər?

- Rusiya güclü ölkədir, xüsusilə hərbi cəhətdən qüdrətlidir. Güclü qonşu ilə münasibətləri daim normal səviyyədə saxlamalıyıq. Məsələ Rusiyanın bizə nə verməsi deyil, bizim ondan nə ala bilməyimizdir. Hazırda Rusiyadan Ordumuza lazım olan silah-sursatı ala bilirik. Bununla yanaşı, çalışmalıyıq ki, Moskvada daha güclü diplomatik dəstək alaq. Təbii ki, bu dəstək Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olmalıdır. Bu gün Rusiya Azərbaycanla münasibətlərə böyük önəm verir, Azərbaycanın da Rusiyaya münasibəti qarşılıqlıdır. Lakin bu ölkədəki erməni lobbisi, eləcə də müəyyən maraqlar Moskvanın Dağlıq Qarabağ münaqişəsində həlledici addım atmasına mane olur. Biz Rusiyanı bu münaqişənin ilk növbədə onun özü üçün təhlükəli olduğuna inandırmalıyıq. Çünki Rusiyanın cənub sərhədlərində qaynayan bu münaqişə daşacağı təqdirdə ziyan görənlərdən biri elə onlar olacaq.

- Sizcə, münaqişənin ədalətli həllində Qərbin, yoxsa Rusiyanın rolu böyük ola bilər?

- Qarabağ münaqişəni kifayət qədər çoxtərəfli və mürəkkəbdir. Çünki hər bir tərəfin öz maraqları var və bütün cəbhələr son nəticədə öz maraqlarının heç olmasa müəyyən qədər təmin olunmasına çalışır. Qərbin və Rusiyanın da öz maraqları olduğu üçün, hansının daha ədalətli yanaşma nümayiş etdirə biləcəyini demək çətindir. Qərb Azərbaycandan öz müstəqil siyasətini dəyişməsi tələb edir və vəd edir ki, yalnız belə olacağı təqdirdə ərazi bütövlüyümüzün təmin olunmasına kömək edə bilər. Axı bu yalnız vəddən ibarətdir. Birincisi, Gürcüstan təcrübəsi Qərbin öz vədinə əməl etmədiyini, lazım olanda, aldatdığını göstərdi. İkincisi, illərdir Qərb strukturlarına kök atmış erməni lobbisinin son nəticəyə təsir etməyəcəyinə heç kim zəmanət verə bilməz. Rusiyaya gəlincə, onun da öz maraqları var. Moskva münaqişəni öz maraqları çərçivəsində həll etməyə çalışır və təbii ki, bu da son nəticədə bizim ədalətli mövqeyimizin tam bərpa olunmasına gətirib çıxarmayacaq. Lakin Qərbdən fərqli olaraq, Rusiya ən azından münaqişənin həllində maraqlı görünür və müxtəlif təkliflərlə çıxış edir. Rusiyanın təklifləri heç olmasa ilkin mərhələdə status-kvonun dəyişməsi ilə nəticələnə bilər. Lakin bütün hallarda ərazi bütövlüyümüzü bizdən başqa heç kim ədalətli şəkildə həll etmək niyyətində deyil.

- Azərbaycan nə etməlidir?

- Əsas yol hərbi variantdır, hansı ki, Ali Baş Komandan bu variantı daim gündəmdə saxlayır. Ermənistanın Azərbaycanın "sürünən müharibə” aparmasından şikayətlənir. Bu, hədəfimizə addım-addım yaxınlaşdığımızın göstəricisidir. Ötən il baş verən "aprel müharibəsi” sübut etdi ki, Ordumuzun işğal altındakı əraziləri azad etməyə qadirdir. Ermənistan hələ də məğlubiyyətin şokundan ayılmayıb. "Aprel müharibəsi”ndə Ordumuz 2 milyon hektardan çox ərazini düşməndən azad etdi. Ardınca yurd-yuvalarından didərgin düşmüş qaçqınların bir qismi Cocuqmərcanlıya qayıtdı. Bu, "Böyük Qayıdış”ın ilk mərhələsidir və inanırıq ki, bunun davam olacaq. Hesab edirəm ki, qələbənin davamlı olması üçün daim silah arsenalımızı gücləndirməliyik. Xüsusilə müdafiə sənayesinə diqqəti artırmalıyıq. Hazırda Azərbaycan qısa zaman ərzində 1000-dən çox adda silah-sursat istehsal edir, hətta xarici ölkələrə də ixrac edir. Elə etməliyik ki, Ordumuzun tam təchizatını yerli istehsal hesabına həyata keçirək. Və müharibə buludunu daim düşmənin başı üzərində asılı saxlayaq.

- Necə düşünürsünüz, bölgədə maraqları olan beynəlxalq güclər münaqişənin hərbi həllinə imkan verərlərmi?

- Hər şey mümkündür. Biz dünyanın ədalətsiz şərtlərinə görə, əlimiz-qolumuz bağlı şəkildə oturmamalıyıq. Onsuz da dünya ədalətsizdir. Dünyanın siyasi vəziyyəti daim dəyişkəndir. Mümkündür ki, münaqişənin hərbi yolla həlli üçün siyasi şərait yaransın. Bu, artıq bir dəfə baş verib, lakin siyasi vəziyyət yarımçıq olduğu üçün sona qədər həll olunmayıb. Deməli, ikinci dəfə də baş verəcək. Biz Ordumuzu buna hazırlamalıyıq.

- Dediyiniz siyasi vəziyyət nə vaxt yetişə bilər?

- Bunu konkret demək çətindir. Lakin hazırkı vəziyyət – Rusiya-ABŞ qarşıdurması, Trampın prezident seçilməsi, Koreya yarımadasındakı gərginlik, NATO-nun Rusiya sərhədlərinin dibində hərbi təlimlər keçirməsi və bazalar yaratması, eləcə də Rusiyanın adekvat addımları və s. dünyanı böyük toqquşmalara doğru aparır. Hətta vəziyyət o yerə çatıb ki, diplomatik həll yolları tükənir. Bu da, avtomatik olaraq, Dağlıq Qarabağ ətrafında da vəziyyətin gərginləşməsinə təsir göstərir. Deməli, yavaş-yavaş müharibəyə hazırlaşmalıyıq. Mümkün müharibədə bizim üstünlüyümüz təkcə qüdrətli ordumuz yox, həm də mənəvi üstünlüyümüzdür. Çünki biz haqlı tərəfik, hər bir azərbaycanlı Qarabağın azadlığı uğrunda döyüşə hazırdır. Ali Baş Komandan əmr da verən kimi, hər kəs səfərbər olacaq. Ermənistan isə, haqsız tərəfdir və onların haqsız olduğunu sadə ermənilər də anlayır. Artıq sıravi ermənilər cinayətkar Sarkisyan rejiminin "vətənpərvər nağıllarına” inanmır. Məlumatlar göstərir ki, valideynlər övladlarının hərbi xidmətə getməməsi üçün onları xaricə göndərir, yaxud, rüşvət verib yararsızlıq sənədi alırlar. Bunun kütləvi hal alması düşmənin daxildən zəiflədiyini göstərir. Deməli, zaman da bizim xeyrimizə işləyir.

- 2018-ci ildə prezident seçkiləridir. Partiyanız seçkiyə qatılacaqmı, qatılacaqsa, namizədiniz kim olacaq?

- 2018-ci ildə keçiriləcək prezident seçkilərinə hələ zaman var. Lakin biz partiya daxilində seçkiyə qatılıb-qatılmamaqla bağlı müzakirələr, məsləhətləşmələr aparırıq. Əgər partiya qatılmaqla bağlı qərar versə, o zaman namizəd məsələsinin də üzərində müzakirələr aparılacaq və qərar qəbul ediləcək. Lakin dediyim kimi, bu haqda danışmaq hələki tezdir.

- Siz həm də "Bakı-Dirçəliş” İctimai Birliyinin İdarə Heyətinin üzvüsünüz. Bu birliyin fəaliyyəti nə yerdədir?

- Prezidenti cənab İlham Əliyev, o cümlədən, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafını daim diqqətdə saxlayırlar. İndiyədək bu məqsədlə bir sıra dövlət proqramları qəbul edilərək, uğurla reallaşdırılıb. Paytaxtətrafı yaşayış məntəqələrində yol və nəqliyyat infrastrukturu, ekoloji vəziyyət yaxşılaşdırılıb, sahibkarlığın inkişafı istiqamətində yeni iş yerləri, müəssisələr açılıb, həmçinin əhalinin həyat səviyyəsi daha da yaxşılaşıb. "Bakı-Dirçəliş” İctimai Birliyini yaratmaqda da məqsəd bu sahəyə öz kiçik töhfəmizi verməkdir. İndiyə kimi ictimai-siyasi fəaliyyətimlə bağlı Bakı kəndlərində çoxsaylı və genişmiqyaslı görüşlərim olub. Bu  görüşlərdə biz dövlətçiliyimizin qorunması, inkişafı üçün ancaq Heydər Əliyev kursunun davamlılığının zəruriliyini təbliğ etmişik. Respublikada siyasi sabitliyin qorunması naminə müxtəlif xarici və daxili pozucu qüvvələrin Bakı kəndlərindən istifadə etməsinin qarşısını almaq üçün bacardığımız qədər bu istiqamətdə çalışmışıq,  prezident seçkiləri ərəfəsində paytaxtətrafı  kənd və qəsəbələrdəki bütün nüfuzlu şəxslərlə, ağsaqqallarla görüşüb söhbətlər aparmışıq, çoxsaylı görüşlər keçirərək, insanların problemlərini öyrənmişik. Həmin problemlərin qısa müddətdə həlli üçün dövlət qurumları qarşısında məsələlər qaldırmışıq və əksər hallarda buna nail olmuşuq. 

- Son olaraq, Azərbaycan xalqına nə demək istəyirsiniz?

- Xalqımıza sözüm odur ki, gəlin bütöv olaq, bir olaq. Bir olaq ki, daim diri qalaq. Öz problemlərimizi, idarəetmə sistemindəki çatışmazlıqları özümüz həll edək, kənar qüvvələrin oyuncağına çevrilməyək. Biz bir olsaq, nə məmur özbaşınalığı qalar, nə də sosial problemlər. Bir olsaq, tezliklə bayrağımızı Şuşaya da sancacağıq. Buna görə də hamımız Ali Baş Komandanın ətrafında sıx birləşməliyik.

Xəbər 8249 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR