“Onlarla dünyanın o biri başına adlamaq olar…” – Deputat son təyinatlardan yazdı

“Onlarla dünyanın o biri başına adlamaq olar…” – Deputat son təyinatlardan yazdı

Gənclərə etimadın əsl göstərgisi, sübutu budur: Mikayıl Cabbarov və Ramin Quluzadə kimi işini bilən, saf, ləyaqətli kadrların ardınca İnam Kərimov və Sahil Babayev də yeni hökumətin tərkibində yer aldı.


İnam Kərimovla bir qrupda, BDU-nun "Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər” fakültəsinin "Beynəlxalq hüquq” bölümündə təhsil almışıq, hətta uzun müddət bir parta arxasında oturmuşuq.

Məktəbin son illərini Amerikada (Riçmond ştatında) oxuduğu, bu səbəbdən oranın nisbət fərqində 1 il itirdiyi və avtomatik olaraq imtahanı da gec verdiyi üçün aramızda ən yaşlısı o idi – 77 təvəllüd. Hətta bəzən zarafatlaşırdıq ki, əməlli bizdən gerisən, institutu bitirən kimi pensiya yaşına yaxınlaşacaqsan və sənə iş tapmaq çətin olacaq.   

Tər-təmiz, su qədər pak ailənin övladıdır – İnam. Son qəpiklərini də təhsilə, kitaba xərcləyəcək adamlardır, cəmi ailə üzvləri. Yəqin bu səbəbdəndir ki, İnam Kərimov bütün universitet həyatı boyunca nə geyimi, nə maddi imkanı nə də başqa təzahüratlarla deyil, məhz zəkası ilə yadda qaldı. Bu insan qrupda hamının mobil telefonu olan vaxtlarda belə özünə telefon almadı ki, evə əziyyət vermək olmaz, işləyib özüm alacam. Və işləyirdi də. Tələbə vaxtı, 3 aylıq yay tətilində hamı istirahət edərkən o xarici şirkətlərin hansındasa tərcüməçilik edirdi, halal pulunu qazanırdı. İnam hətta Prezident Administrasiyasının məsul əməkdaşı, Korrupsiyaya qarşı Komissiyanın katibi olanda da ictimai nəqliyyatla gəzdi, maşın sürmədi, ona ancaq metroda və avtobusda rastlamaq mümkün idi və...həmin dövrün təvazökarlığı içinə necə yeriyibsə, indi də elədir. Sadəcə, fərqli formatda. O gün başqa bir adamın dilindən eşidirəm ki, bəs İnam Kərimovun Frankfurtda kitabı nəşr olunub. Hüquq sahəsi üzrə. Amma 50 dəfə üz-üzə gəlmişik, özü bu haqda heç nə deməyib. Niyə? – Lazım deyil, vəssalam. Reaksiyası budur.

Yadıma gəlir, Universitetdə - fakültədə  kompüter otağı açılmışdı. Elə vaxt idi ki, kompüterdən, internetdən istifadə anlayışı bizlərə başqa planetə uçmaq qədər çətin görünürdü və uzun müddət bir mütəxəssis tapılmadı ki, həmin otağa rəhbərlik eləsin, barı həmin kompüterdən düzgün istifadə eləməyi bacarsın. Amma demə İnam Kərimov bunun da bilicisi imiş, sadəcə təvazökarlığından demirmiş (Nə vaxt, harda öyrənibmiş, xəbərimiz yoxdur). Nəhayətində isə güclə etiraf elədi və tələbə ola-ola həmin kompüter mərkəzinin rəhbərliyi  ona həvalə olundu...

Ardınca qırmızı diplom, magistratura, Strasburq, Sarbonna təhsili, doktorantura, Administrasiya, "ASAN Xidmət” və...Kənd Təsərrüfatı naziri!

Bizim mentaldan gələn xüsusiyyət var: Kimin harda, yüksək postda dostu varsa ona mütləq iş tapşırır. Ya da işçı. Amma İnam Kərimovla bağlı bizim belə bir lüksümüz yoxdur. Tam səmimi deyirəm. Çün bilirik: Adam üçün ancaq savad keçərli. Atası da, doğma qardaşı da, dostu da tapşırsa fərq eləmir – yalnız savad! Yəqin bu səbəbdəndir, öz dilindən eşitdiyim etiraf: "Hamı məndən küsür, bir adam da göstərin mən küsüm”.

***

Yeni nazir Sahil Babayev! -  O  da həmin qəbildən. Bizimlə bərabər oxuyub. Sadəcə bir kurs fərqi ilə. Fenomenal savada və dünyagörüşünə sahib. Mükəmməl nitqi var. Əsl kitab adamı və peşəkar mütəxəssisdir. Rafiq müəllim kimi bir şəxsiyyətin övladıdır. Fakültənin "gözü” olub, zamanında...

Demək, yaxında bir qanunun müzakirəsi ilə bağlı Sahil Milli Məclisə gəlib. Nazir müavini simasında. Və ...layihə müzakirə olunur. Fikirlərimi bildirdim və...sonda özümdən asılı olmayaraq onun haqda xoş şeylər söylədim. Üstəlik, etiraf edim: tam dəxilsiz şəkildə. Yəni, o fikirlərin mövzuya qətiyyən aidiyyəti  yox idi. Daha dəqiq deyim: söhbətin yeri deyildi. Əziz qardaşım isə özünü itirmədi, o da qarşılıq verdi, eyni sözləri mənim haqqımda dedi. Tam bənzər üslubda – yenə bağlılıq olmadan.

Sonradan anladım, bu bir spontan refleksdir – qürur refleksi! İnsan daim əzizlərinin, doğmalarının yüksəlişilə fəxr edir, sevinir, rahatlıq tapır və sanki bir şəkildə hamıya bəlli etmək istəyir ki, o mənə bir köynək daha yaxındır,  mən onu tanıyanda kimsə tanımırdı, biz çətin günlərin dostlarıyıq...  

***

Və nəhayət...son olaraq  haqqında danışmaq istədiyim insan: Rövşən Rzayev! – Can dostu! Kişi oğlu kişi! Əsl qarabağlı, gerçək ziyalı!

Rövşən müəllim elə bir ürəyin sahibidir ki, bir qarabağlı onun qapısından ümidsiz, gümansız, kədərli şəkildə geri qayıtmayacaq. Buna adım qədər əminəm. Çünki həm Milli Məclisdə, həm Avropa Şurasının nümayəndə heyətinin tərkibində bərabər olduğumuz zamanlarda onun Qarabağ adına sərgilədiyi fəaliyyətin, elədiyi fədakarlıqların canlı şahidi olmuşam. Bu adam mübarizliyin, saflığın simvollarındandır!

***

Dostlarımı təbrik edirəm, onları gözlərindən öpürəm və məlum təyinatlardan dolayı cənab Prezidentə sonsuz minnətdarlığımı bildirirəm.

Bu cür ləyaqətli, peşəkar kadrlarla nəinki hökumətin işini yüksəltmək, səmərələşdirmək, hətta dünyanın o biri başına adlamaq olar...

elşən musayev ile ilgili görsel sonucu

Elşən Musayev, Milli Məclisin deputatı

Xəbər 2140 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR