Olbraytın koreyalı uşaqları - Zahid Oruc yazır

Olbraytın koreyalı uşaqları - Zahid Oruc yazır

Rusiyanın ORT telekanalı beynəlxalq və daxili informasiya məkanındakı rəqabətə tab gətirmək üçün gündəlik siyasi talk-shoulardan ən uğurlusunu Əfqanıstan müharibəsinin dəhşətlərindən keçmiş Artyom Şeyninin vasitəsilə efirə çıxarır. Söhbət əlbəttə, baxımlılıq dərəcəsindən və reytinqdən getmir, lakin Kremlin dünya hadisələrinə hansı bucaqdan yanaşdığını birinci dövlət tribunasında izləmək gerçəkdən də çox faydalıdır. Xüsusilə də hakimiyyət kursunu müdafiə edən bütün ağır çəkili siyasətçilər, dövlət və hökumət adamları ilə yanaşı, alternativ cinahı təmsil edənlər də burada beyin savaşında iştirak edirlər.
Sözün həqiqi mənasında "Pervaya Studiya”dakı ruh və döyüş atmosferini həsr olunduğu mövzudan asılı olmayaraq,dünyadakı vəziyyətin silahsız kiçik mənzərəsi saymaq olar. Burada təkcə qaynar emosiyalar axıb tökülmür, eləcə də rəqibin arqumentlərini dağıtmaq üçün gətirilən dəlil və mülahizələr ictimai fikri bəlli bir xətt üzrə yönəltməyə kömək edir. Dünən qonaqlar,nəhayət, Yaxın Şərq bataqlığından çıxıb Koreya yarımadasına baş vurmuşdular.
Trampın gəmilərinin dalınca gedən informasiya kanalları artıq 3-cü dünya müharibəsinin anonsunu verdikləri vaxtda Artyom Şeynin çox unikal kadrları yaxın tarixdən tapıb qonaqlara və onu izləyən milyonlarla tamaşıçıya göstərirdi. "Yaddaşları təzələməkdə həmişə fayda var”, deyərlər. Lakin tarixdən kimin hansı nəticəni çıxardığı da sual olaraq qalır.
Yeni əsr hələ başlamayıb-2000-ci ilin oktyabrında Birləşmiş Ştatların ilk xanım dövlət katibi Madlen Olbrayt Şimali Koreyaya səfərə gedir. 50 ildən artıq kommunist hökmranlığı altında olan bir ölkəyə belə yüksək çinli nümayəndə birinci dəfədir baş çəkir. Hazırki prezident İnin atası İr qoca Şərqin bütün etiketlərinə və qədim ənənələrinə uyğun olaraq xanım siyasətçini qəbul edir. 100 mindən artıq musiqiçi bütün ölkə boyu təntənə və qonaqpərvərlik havasına bürünüb, küçələr soyuq müharibə dövründən qalmış simvolikaları çıxararaq yeni situasiyanın tələblərinə uyğun geyinib,minlərlə oğlan və qız meydanlarda hünər göstərərək Roma hökmdarlarının qarşısında təzim edən qladiatorları xatırladır.
Olbrayt getdiyi ölkənin tarixini və Ağ Evin birdən-birə dəyişən hədəflərini yaxşı bilir. O, Kapitoli təpəsindən dünyanı yönləndirən siyasi mərkəzlərin istəklərini həyata keçirmək üçün bir vaxtlar Sezarı fəth edən Kleopatra qədər tədbirlilik göstməyə məcburdur. Yox, misirli səfəindən fərqli olaraq, amerikalı diplomatın gözəllik və nəvazış silahı yoxdur. Bir yandan da Kim Çen İrlə protokol təbəssümi keçməz. Onun sağlığına qaldırdığın badəni gərək axıra qədər içəsən. Sonra..
Daha sonra Olbrayt uşaqlarla qol götürüb rəqs edir, çuçxe ideologiyasına tapınan xalqın havasına və mədəniyyətinə sayğılı olduğunu nümayiş etdirməyə çalışır. Bir vaxtlar oğul Buşun Tbilisidə sonralar onun adını daşıyan küçədə qızılgül inqilabının şərəfinə etdiyi Qafqaz rəqsi kimi.
 Olbrayt təmsil etdiyi hakimiyyətin nüvə silahına doğru son tədqiqatlarını və sınaqlarını keçirən Pxenyanla hansı sövdələşməyə gedə biləcəklərini məxfi qovluqda ortaya qoyur. Prezident İr söz verir ki, ortaq raket istehsalına gedəcəkləri və böyük kreditlər alacaqları təqdirdə atom sevdasından vaz keçəcəkdir. Lakin çex mühacirinin qızı və Hitlerizmin cəngindən canlarını qurtarmaq üçün Amerikaya qaçmağa məcbur olan olbraytlar ailəsinin ünlü simasının tarixi razılaşmaları kağız üzərində qalır. Çünki "dəmir ledi”nin yolunu açdığı Koreya ilə bağlı Oval kabinetdəki planlar dəyişir və Klinton Sakit okeanındakı fırtınaların təsirindənmi, yoxsa, Asiya nəhəngi qarşısında mütləq çəkindirici, qorxunc bir qüvvənin hazırlanması ideyasına görə noyabrdakı səfərindən imtina edir.
Bax belə. Nəticə hamıya bəllidir. İndi siz deyən, belə izivac, istiləşmə və diplomatic təbəssmünü sonunda atılmış Kim Çen İr və onun varisi ölümdən xilas üçün nə etməliydi? Bəli, nüvə silahını əldə edərək hərbi və siyasi təhlükəsizliyini təmin edəcəyinə bel bağlayan Koreya hakimiyyəti onlardan əcinnə düzəltmək istəyənlərə "Günəş günü”ndə texnoloji nailiyyətlərinin ən son nümunələri ilə cavab verməliydilər.
Bölünmüş Amerikadan fərqli olaraq, vahid liderinə büt kimi sitayiş edən 25 milyonluq bir ordu qədim spartalılar kimi ölüm balladaları oxuyurlar. Həmin tarixi səfərdə Olbraytın rəqs etdiyi uşaqlar indi hakimiyyətdə, yaxud hərbi meydanlarda gövdə nümayiş etdirilər. Kimisi zəhərli ilanın başını çeynəyir, başqa birisi sinəsində daş qıraraq yenilməz çuçxelərin güllədeşməz cismini qərbli terminatorlara görk edirlər.
Dövlət katibinin ana nəvazişi göstərdiyi balalar Kaloforniyanı bir düymə ilə yerlə-yeksan etməyin virtual məşqini keçir, Trampın karikaturasına baxıb gülürlər. Kim İr Senin balaları mənəvi atalarının şərəfinə ucaltdıqları dövləti bütün dünya imerializminə qarşı alınmaz qalaya çevirdiklərinə əmindilər. Tarixi bənzərliyə diqqət edirsizmi? Hadisələr necə də ötən əsrin 80-ci illərini xatırladır.
1979-cu ilin fevralında tələbə gənclərin etirazları ilə başlayan antimütləqiyyət hərəkatı Tehranda şah rejimini devirir və Parisdə mühacir ömrü yaşayan Ayətullah Xomeyni vətənə dönərək milyonların çiyinləri üzərində dini hakimiyyətini bərqərar edir. Pəhləvi ailəsi qaçıb canını qurtara bilsə də Birləşmiş Ştatlar səfirliyinin 66 nəfərlik heyətini girov götürən üsyançılar Karter hökumətini dərin sınağa çəkib. Dövlət katibi Sayrus Vensin iradəsinin ziddinə olaraq, hərbi qüvvələrin "Qartal pəncəsi” adını qoyduqları azadetmə əməliyyatı iflasa uğrayır və diplomatik böhran daha da dərinləşir. Amerika xalqının etirazlarına baxmayaraq, siyasi elita rüsvayçılığı qəbul edərək, farsların əlində qoyacaqları şəxslərin taleyini deyil, Ağ Evin dünyadakı nüfuzunun sarsıla biləcəyindən qorxurlar.
O biri yandan da min kilometrlərlə məsafəni qət edib bir vaxtlar makedoniyalı İskəndərin girdiyi İran torpaqlarında birbaşa savaş qərarı çıxarmaq da çox təhlükəliydi. Çünki Andropov yeni inqilabçıları hər cür silah və maliyyə yardımı ilə təmin etməsi üçün qoca Brejnevi razı sala bilmişdi. Hadisələrin belə məcrada getdiyi bir vaxtda, təkcə Karter hökumətinin deyil, bütün dünya diplomatiyasının pərəstiş və təzim etdiyi isim-Zbiqnev Bjezinksi səhnəyə çıxır. Buz kimi soyuq hesablamaların sahibi olan təhlükəsilik müşavirinin yeni müharibə planı təkcə girovların deyil, eləcə də Yaxın Şərqin düşmənlərinin xilas yoluna çevrilməlidir.
İrakın yeni lideri, ”Xaç atası” filmi özü üçün kumirə çevirən və Məkkəyə gedib sünni cihadçıları ilə gələcəkdə şiə düşmənlərinə qarşı mübarizəyə and içən Səddam Hüseyn Amerikanın köməyinə çatır. Tikritli liderin tehranlı dindaşlarına nifrəti o həddəydi ki, o, dini fundamentalizmə qarşı digər ərəb qardaşlarının da yardımını alacağına qəti inanırdı. Əslində Səud hökumətinin hər cür köməyi və verdiyi silahlar rüsvayçı müharibədə böyük rol oynamışdı. Üstəlik, Amerikaya vurğunluğun maksimalizmindən əziyyət çəkən Səddam məxfi yazışmalarla Mərkəzi Kəşfiyyat İdarəsi rəhbərindən onun ölkəsində məxfi idarənin filialını açmağı xahiş edirdi. Çünki şərikli idarəçiliklə Bağdadı hərbi cəhətdən möhkəmləndirib onu islam xilfatənin siyasi mərkəzinə çevirmək olardı. Özü də planın baş tutması çox da əlçatmaz deyildi. İldırımsürətli hərbi əməliyyatlar dağınıq vəziyyətdə olan ayətullah qoşunlarını məğlub etməklə yanaşı, İrak liderinin yeni ərazilər qazanmasına və şahla keçmişdə imzalanmış güzəştli müqavilənin ləğvinə aparıb çıxarmaqla onun avtoritenin bütün dünyada qəbul olunmasına səbəb olacaqdı.
Birləşmiş Ştatlar Konqresindəki böyük müxalif güclərin müqavimətini qıran Reyqan hökuməti İraka müxtəlif yollarla miqdarı on milyard dollarla ölçülən hərbi vertolyotlar, kəşfiyyat qurğuları, raket əleyhinə komplekslər və digər ağır texnikalar vermişdi, lakin İran ordusu ilə bağlı məlumatlar, həmçinin, döyüş təlimlərinin keçirilməsi də pentaqonlu mütəxəssilərin çiyinində idi.
Çarlz Duelfer adlı tədqiqatçı yazır ki, İran-İrak müharibəsində Hüseynin qoşunları rəqibə qarşı 101 mindən artıq kimyəvi silah tətbiq etmişdi və onda heç kəs kütləvi qırğın silahı təhlükəsindən danışmırdı. Rüsvayçı məğlubiyyətə hansı tərəfin uğramağından asılı olmayaraq, ata Buş 1989-cu ildə 26 nömrəli təhlükəsizlik direktivində yazırdı: ”Fars közfəzinin neft resurslarına giriş və regionun dost rejimlərini qorumaq bizim milli təhlükəsizlik maraqlarımızın ayrılmaz hissəsidir. Ona görə də İrakla normal münasibətlər uzunmüddətli xarakter daşıyır və həmin bölgədə, o cümlədən, Orta Şərqdə sülhə xidmət edir”.
Həmin bəyanatdan çox az keçmiş Səddam Hüseynin əskərləri Küveytə yeriyincə o, dünyanın bir nömrəli diktatoru elan olunaraq,başını oğul Buşun edam kötüyünə gətirəcək tarixi səhvini edir. Kim bilir, müsəlman dünyasında krallıq rejimlərinin yıxılmasında başı çalmalı, əmmaməli, yoxsa papaqlı hansı qardaşı iştirak edəcəkdi?
İndi Koreya ətrafında yaşananlara baxanda qarşında sanki 34 yaşlı Səddamı görürsən. Kim Çen Inın ölkəsini informasiya qıtlığı üzündən həbsxana adlandıranlar bir göz qırpımında leksikonlarını dəyişə bilərlər. Nədən? Bunu anlamaq üçün Bjezinski olmağa ehtiyac yoxdur. Çünki Çini, Yaponiyanı, Cənubi Koreyanı təhlükədə saxlayan qüvvəni məhv etmək Asiya qitəsinin nəhənginə-dünyanın iki nömrəli iqdisadi hegemonun dünya hökmranlığına avtomatik "yaşıl işıq” yandırmaq deməkdir.
Halbuki Tramp dünya inqilabları ideyasından imtina, sərhədləri daxilində olan ölkəyə rəhbərlik və Göylər ölkəsini yerində oturtmaq vədi ilə hakimiyyətə gəlib. Onun diktator dediyi İnin nüvə silahını tam xərcləyəndən sonra yerində İŞİD-ə bənzər xaos tiraniyası yaranmayacaqsa, onda həmin müharibəni başlatmağına dəyməz. Belədə İn böyük bir qitəni qorxu atmosferində saxlamaq üçün Birləşmiş Ştatların işinə daha çox yarayır və az qala onların müttəfiqi kimi hərəkət edir. Diktatura rejimləri demokratlara xidmət edir! Bəli, reallıq nə qədər dəhşətli olsa da belədir. Çünki dünyanı ələ keçirməyin başqa yolu yoxdur.
Tarixin ironiyasına baxın-ikinci dünya müharibəsindən sonra Xirosimaya və Naqasakiyə iki atom bombası ataraq 140 mindən artıq insanı məhv edən ABŞ hərbi aviasiyası indi samuraylarla birgə çuçxlara qarşı birləşib.
Vitse prezident Maykl Pens deyib ki, Tramp Yaponiya ilə vahid səngərdədir. Nəticədə Tokio ordularını on illərin fasiləsindən sonra kazarmalardan çıxararaq, döyüş vəziyyətinə gətirib.
Xatırladaq ki, Olbrayt başına vurduğu sancaqlar onun saçındakı dağınıqlığı deyil, dünyadakı vəziyyəti ifadə edib Məsələn, Putinlə görüşdə o üçmeymunlu broşka ilə Rusiya liderinin Çeçenistan qəddarlığına sən demə etiraz edirmiş. Görəsən, sabiq diplomat xanım Koreya böhranından sonra saçına nə taxır?
Xəbər 945 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR