Novruz Məmmədov: “Hər an qaynar müharibə ola bilər”

Novruz Məmmədov: “Hər an qaynar müharibə ola bilər”

Dağlıq Qarabağ münaqişəsi regionun inkişafına ən böyük maneədir.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov rəsmi qəzetdə dərc olunan məqaləsində qeyd edib.

N.Məmmədov bildirib ki, bu gün Azərbaycanın qarşısında duran ən böyük çağırış Dağlıq Qarabağ probleminin həll olunmasıdır: "Azərbaycanın regional və beynəlxalq səviyyədə fəaliyyətinin qarşısında dayanan birinci dərəcəli məqsəd öz ərazi bütövlüyünün bərpasıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi isə təkcə Azərbaycanın deyil, eləcə də bütün regionun inkişafı qarşısında duran əsas maneədir. 20 ildən çoxdur ki, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon Ermənistanın işğalı altındadır. Ermənistanın hərbi təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş, ölkədə 1 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, münaqişə yalnız beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".

PA rəsmisi deyib ki, dünya birliyi və beynəlxalq təşkilatlar da Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır: "Münaqişənin həllinin hüquqi əsasları BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi qətnamə, habelə Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası, NATO, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə söykənir. Bütün bu sənədlər Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını təsdiqləyir".

N.Məmmədov əlavə edib ki, Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində son illər atdığı addımlar diqqəti çəkir: "Bu istiqamətdə atılan addımlar göstərir ki, Azərbaycan diplomatiyasının beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyəti əsasən Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsinə yönələn beynəlxalq səylərin gücləndirilməsinə yönəlib. Bu istiqamətdə son bir il ərzində beynəlxalq səviyyədə qəbul edilmiş 5 sənəd diqqəti cəlb edir. 2015-ci il mayın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclasında qəbul olunmuş "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” adlı qətnamə, Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci il 16 iyun tarixli qərarı, 2015-ci il iyulun 5-9-da keçirilmiş ATƏT-in Parlament Assambleyasının iclasında qəbul edilən "ATƏT məkanında dövlətlərarası münasibətlərdə Helsinki Prinsiplərinə sadiqlik haqqında” qətnamə, 2015-ci il noyabrın 4-də isə AŞPA-nın Siyasi məsələlər və demokratiya komitəsi "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılığın artması” adlı qətnamə və 2016-cı ildə İslam Əməkdaşlıq Təşkilatının İstanbul Zirvə görüşündə qəbul olunmuş Yekun Bəyannamə. Bütün bu sənədlərdə Azərbaycan ərazilərinin işğal olunması faktı təsdiq olunub və münaqişənin Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyünün təmini prinsipləri əsasında həllinin zəruriliyi də vurğulanıb".

O, Xocalı soyqırımına da toxunub: "Münaqişədən bəhs edərkən, Xocalı soyqırımını xatırlamamaq mümkün deyil. Belə ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri və keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərini zəbt edərək soyqırımı həyata keçirmişdir. Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, insanların başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir. Son illər Meksika, Pakistan, Kolumbiya, Çexiya Respublikası, Bosniya və Herseqovina, Peru, Rumıniya, Panama, İordaniya, Sudan, Honduras, Qvatemala parlamentləri Xocalı soyqırımını tanımışlar. ABŞ-ın Vest Virciniya, Kaliforniya, Massaçusets, Texas, Nyu Cersi, Meyn, Nyu Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennessi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi ştatlarının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunmuş, Xocalıda qırğın törədənlərin məsuliyyətə cəlb olunması tələb edilmişdir. ABŞ-ın Havay və Montana ştatlarının qubernatorları da Xocalı faciəsinin tanınması ilə bağlı xüsusi bəyannamə imzalayıblar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü əsasında dünyanın 40-dan çox ölkəsində həyata keçirilən "Xocalıya ədalət!`` kampaniyasının məqsədi də beynəlxalq ictimaiyyəti bu qanlı hadisə ilə bağlı ətraflı məlumatlandırmaqdır".

PA rəsmisi qeyd edib ki, 1992-ci ilin mart ayında yaradılan ATƏT-in Minsk qrupunun məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə vasitəçi olmaqdır: "1996-cı ilin dekabrından Minsk qrupuna üç dövlət - Rusiya, ABŞ və Fransa həmsədrlik edir. Lakin təəssüf ki, münaqişə hələ də həll olunmamış qalır. Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda bu günə qədər irəliləyiş əldə edilməyib. Ermənistan münaqişənin həllində maraqlı deyil. "Nə hərb, nə də sülh vəziyyəti”ni saxlamaq istəyir. Lakin 2016-cı ilin aprel ayının əvvəllərində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində qoşunların təmas xəttində çoxsaylı insan tələfatı ilə müşayiət olunan gərginlik bir daha göstərdi ki, münaqişənin dondurulmuş qalması hər an qaynar müharibəyə səbəb ola bilər. Beynəlxalq vasitəçilər isə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsələr də, nədənsə bununla bağlı birmənalı mövqe nümayiş etdirmirlər. Biz ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərin, eləcə də dünya ictimaiyyətinin münaqişənin ədalətli həlli üçün konkret addımlar atmasını gözləyirik. Ədalət prinsipinə əməl edilməməsi nəinki regionu, bütün dünyanı böhrana sürükləyir".

Aktual.az
Xəbər 1164 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR