"Nə qədər ki, Türkiyə nüvə dövləti deyil, Rusiya ilə Türkiyənin üz-üzə dayanması qeyri-realdır”


"Əgər qarşılıqlı hərbi yardım haqqında saziş imzalaya bilmiriksə, hansı konfederasiyadan söhbət gedə bilər?”
"Türkiyə ilə Azərbaycanın konfederativ əsaslarla birləşməsini mümkün saymıram. Vaxtilə Fazil bəy (Mustafa - red.) də bir fikir işlətmişdi ki, qeyri-ciddi adamlar hansısa bir ciddi məsələ haqqında danışanda hətta həmin məsələyə də insanlar qeyri-ciddi yanaşır”.
Aktual.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, BAXCP sədri Qüdrət Həsənquliyev bu fikirləri Türkiyə və Azərbaycanın konfederativ dövlətdə birləşməsi barədə təkliflər haqda "Yeni Müsavat”a danışarkən deyib. 

Partiya sədri xatırladıb ki, vaxtilə özü də konkret ideya ilə çıxış edib: 
"Sözün düzü, mən özüm vaxtilə nəzəri baxımdan belə bir məsələni gündəmə gətirmişdim. Amma demişdim ki, gələcəkdə reallaşa bilər. Təbii ki, söhbət yaxın gələcəkdən getmirdi. Demişdim ki, hətta Türk-Slavyan Respublikaları İttifaqı formalaşa bilər. Yəni Avropa Birliyi modelində belə bir ittifaqın yaradılmasını mümkün saymışdım. Belə bir təşəbbüslə çıxış etmişdim ki, vaxtilə SSRİ var idi, indi də Türk - Slavyan Respublikaları İttifaqı ola bilər. O zaman hələ Ukrayna və Rusiya indiki kimi müharibə vəziyyətində deyildi. Nəzərdə tutmuşdum ki, 3 slavyan respublikası və üstəgəl, Türkiyə də daxil olmaqla, Azərbaycan və Orta Asiyadakı türk respublikaları. Yəni yeni ittifaqın da adı Türk-Slavyan Respublikaları İttifaqı olsun. Əsaslandırmışdım ki, Türkiyənin əhalisinin sayı çox olduğuna görə Avropa İttifaqına buraxmayacaqlar. Faktiki olaraq, Avropa İttifaqı bir xristian klubudur. Ona görə də belə bir ittifaq yaradıla bilər. Nəzəri baxımdan bir fikir səsləndirmişdim. Amma o zaman da demişdim ki, bunu hətta mən özüm səsləndirsəm də, indiki dövrdə qeyri-realdır”.

Q.Həsənquliyev iki qardaş ölkənin konfederasiya halında birləşməsini real saymır: 

"İndiki dövrdə hələ konfederasiyanı kənara qoyuruq, əgər Türkiyə-Azərbaycan ittifaqının yaranması qeyri-mümkündürsə, bu illər ərzində qardaşlığımız haqqında sayı-hesabı olmayan bəyanatlar vermiş olsaq da, iki respublika olaraq qarşılıqlı hərbi yardım haqqında saziş imzalaya bilmiriksə, Belarus və Rusiya kimi bir ittifaq dövləti yarada bilmiriksə, hansı konfederasiyadan söhbət gedə bilər? Özü də bu, axı tək bizim istəyimizdən asılı olan məsələ deyil. Bunun üçün gərək qarşı tərəfin - Türkiyənin də istəyi olsun. İkincisi də dünyanın reallıqları ondan ibarətdir ki, hər iki dövlətin xarici siyasətini müəyyənləşdirən faktorlar mövcuddur.  Azərbaycan MDB-nin, Türkiyə isə NATO-nun üzvüdür. Bu baxımdan region dövlətləri belə bir sazişin imzalanmasına imkan verəcəklərmi? Bilirsinizmi, mütləq müstəqillik deyilən bir şey yoxdur. Ona görə də dünyanın siyasətini müəyyənləşdirən böyük dövlətlər buna ”hə" deyəcəkmi? Bunlar hamısı çox ciddi məsələlərdir. Ona görə də real olan məsələlərdən danışmaq, o istiqamətdə təkliflər vermək daha məqbuldur".

"Bəs hazırda real olan nədir”, sualına BAXCP sədrinin cavabı aşağıdakı kimi oldu: 

"Tutaq ki, Türkiyə Avrasiya İttifaqına girir, Azərbaycan da bu quruma üzv olur. O halda Avrasiya İttifaqı Türk-Slavyan Respublikaları İttifaqı modelini alır. Türkiyə burada olacağı təqdirdə artıq dünya birliyi Avrasiya İttifaqını da rusiyayönümlü bir təşkilat kimi qiymətləndirməyəcək. Həm də orada olan digər respublikalar, tutaq ki, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan özünü daha rahat və azad hiss edəcək. Türkmənistanı, Qırğızıstanı, Özbəkistanı da bu quruma cəlb etmək olar. Bu baxımdan hesab edirəm ki, daha real təkliflərlə çıxış etmək lazımdır. Hətta Türkiyənin Avrasiya İttifaqına girməsi belə, son dərəcə problematik məsələ kimi görsənir. Ona görə ki, ABŞ və Avropa Birliyi buna imkan verəcəkmi? Bu məsələnin özü belə şübhə doğurur, o ki, qaldı Azərbaycan və Türkiyənin konfederativ dövlət qurmasına razılıq verilsin”.

Türkiyənin Azərbaycan ərazilərinin azad olunmasında, Suriya və İraqdan sıxışdırıldığı üçün Qarabağa sığınan PKK-ya, həmçinin erməni terrorçularına qarşı birgə əməliyyatı, Naxçıvanı müdafiə istiqamətində hərəkətə keçməsi mümkündürmü?

Q.Həsənquliyev bunu da mümkün saymır: 

"Birmənalı şəkildə qeyri-realdır. Ona görə ki, Ermənistan Rusiyanın himayəsi altında olan dövlətdir, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Bu təşkilatda da söz sahibi Rusiyadır. Ona görə də Rusiya buna imkan verməz. Bu səbəbdən mən həmişə deyirəm ki, Türkiyə nüvə dövləti olmayana qədər regionda, bizim yerləşdiyimiz coğrafiyada söz sahibi Rusiya olaraq qalacaq. Ona görə də mən İranın nüvə silahı əldə etməsinə çox normal yanaşıram, bunu əvvəllər də bəyan etmişəm. Düşünürəm ki, İran nüvə silahı əldə edəndən sonra dərhal Türkiyə də bu silaha sahib olacaq. Beləliklə, bölgədə Rusiyanın hegemonluğuna son qoyulacaq. Nə qədər ki, Türkiyə nüvə dövləti deyil, Rusiya ilə Türkiyənin üz-üzə dayanması qeyri-realdır”.

Xəbər 1480 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR