Nazir: Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır

Nazir: Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır

 Tiflisdə NATO Parlament Assambleyasının yaz sessiyası çərçivəsində Müdafiə və təhlükəsizlik Komitəsinin iclası keçirilib.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, tədbirdə çıxış edən Gürcüstan müdafiə naziri Levan İzoriya Gürcüstan Silahlı Qüvvələrinin NATO qüvvələri ilə birgə Əfqanıstanda təhlükəsizliyi təmin etməyə hazır olduğunu bildirib.

Nazir qeyd edib ki, Gürcüstanın beynəlxalq missiyada iştirakı ümumi dəyərlərə xidmət edir.

Azərbaycan Milli Məclisinin üzvü Siyavuş Novruzov isə  L.İzoriyaya sualla müraciət edərək Gürcüstanın Silahlı Qüvvələrinin təcrübəsinin Azərbaycan üçün vacib olduğunu bildirib. Nazir suala cavabında bildirib ki, Gürcüstan ərazisindən keçən Bakı-Tiflis-Ceyhan, Bakı-Supsa boru xətləri, habelə BTQ dəmir yolu layihəsinin mühafizəsində Gürcüstan Silahlı Qüvvələrinin böyük rol oynayır.

S.Novruzov 2008-ci il Rusiya-Gürcüstan müharibəsi zamanı Gürcüstan ərazisindən keçən beynəlxalq boru xətlərinə yaranan təhlükə barədə danışıb, habelə "Asala” terror təşkilatının terror aktları törətməyi planlaşdırdığını bildirib.

S.Novruzovun Gürcüstan Silahlı Qüvvələrinin modernləşməsi barədə sualına gəldikdə isə L.İzoriya Azərbaycanla Gürcüstanın strateji tərəfdaş olduğunu qeyd edərək bunu deyib: 

"Bu günlərdə Azərbaycan müdafiə naziri Gürcüstana rəsmi səfər edib. Biz həm ikitərəfli, həm də Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin iştirakı ilə üçtərəfli görüş keçirdik. Biz müdafiə, təhlükəsizlik və silahlı qüvvələrin gücləndirilməsi, eləcə də Cənubi Qafqazın regionunda təhlükəsizlik məsələlərini müzakirə etdik”.

Nazir azərbaycanlı deputatın haqlı olduğunu və Cənubi Qafqazda təhlükəsizliyin qorunmasının vacib olduğunu, mühüm obyekt və infrastrukturu birgə qoruduqlarını bildirib: 

"Biz Cənubi Qafqazda təhlükəsizliyi NATO-nun üzvü olan Türkiyə, eləcə də  Gürcüstan və Azərbaycanla birgə effektli şəkildə təmin etməyə çalışırıq. Bu, bizim başlıca prioritetlərimizdən biridir”.

Müdafiə naziri L.İzoriya iki həftə sonra üçtərəfli hərbi təlimlər keçiriləcəyini və bu təlimlərin sentyabr ayında davam edəcəyini qeyd edib.

Nazir Gürcüstan Silahlı Qüvvələrinin NATO standartlarına uyğun modernizasiya olunacağını da bildirib. O, bu istiqamətdə fransızlarla danışıqların aparıldığını və NATO ilə hərbi sahədə yeni proqramın icra ediləcəyini vurğulayıb.
 
Aktual.az
Xəbər 502 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR