Mürtəce partiyaların layihə manipulyasiyası

Mürtəce partiyaların layihə manipulyasiyası

AXCP və "Müsavat” öz gücsüzlüyünü ört-basdır etmək niyyətindədir

"Siyasi partiyalar haqqında” yeni qanun layihəsi gündəmin əsas müzakirə predmetlərindəndir. Radikal müxalifət isə bu dəfə də öz ənənəsinə "sadiq qalaraq” hələ ictimai müzakirəyə çıxarılmamış, qəbul olunmamış layihəni hədəfə alır. Belə ki, AXCP və Müsavat partiyaları təqdim olunan "Siyasi partiyalar haqqında” qanun layihəsini "mürtəce” adlandırıb. Axı, qanun layihəsinə edilən təkliflər məhz siyasi partiyaların təklifləridir.

Radikal müxalifətin bu mövqeyi ilə bağlı siyasi partiyaların rəhbərləri necə düşünür?

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bildirib ki, siyasi partiyalarla bağlı qanunda yetərincə yeni və faydalı müddəalar yer alır. Bu layihədən narazı olan isə cəmi bir-iki partiyadır: "Bu ilkin versiyadır, yəqin ki, müəyyən dəyişikliklər ediləcək və yekun variant daha təkmil olacaq. Amma indidən qanun layihəsini "mürtəce” adlandırmaq nə qədər doğrudur? Bu layihənin nəyi mürtəcedir? Kərimli ilə Hacılı həmin qanunun neçə maddəsini oxuyub görəsən? Dərd-sərləri ancaq seçkidə iştirakla bağlıdır. Daha dəqiqi, iştirak etməməklə bağlı. Seçkidə iştirak niyə belə qorxudur sizi? Seçkidə iştirak etməyəcəksənsə, siyasi partiya nəyinə lazımdır? Nədir alternativin? Nə yazılmalı idi qanunda? Onsuz da AXCP sədri 2 seçkidə də iştirak etməsə 80 yaşı olacaq. Arif Hacılının isə 90. Bunlar seçki dietasımı saxlayırlar? Siyasi partiya nə üçündür? Möhürə baxıb həzz almaq üçündürmü? Nə adamları var, nə gücləri var, nə də seçkidə iştirak edirlər. Bunlar hansı əsasla özlərini siyasətçi sayırlar?”

E.Musayevin fikrincə, radikal müxalifət onsuz da ən təkmil sənəd haqqında da nəsə tapıb deməyə adətlidir. Partiya sədri qeyd edib ki, məlum layihəni çox güman ki, heç oxumayıblar: "Elə bir maddədən yapışıblar. Həmin maddə olmasa başqasından yapışacaqdılar, o da olmasa bir başqasından. Yəni, bunlar bütün hallarda nəsə səbəb tapıb axıra qədər ara qarışdıracaqdılar. Nə danışırlar qoy danışsınlar. Özləri bilərlər. Əksər partiyalar qanun layihəsinin müzakirəsinə hazırdır, dinləmələrə, ictimai müzakirəyə qatılacaqlar və heç şübhə etmirik ki, yekunda təkmil bir sənəd ortalığa çıxacaq və həmin qanun siyasi sistemə öz faydasını, töhfəsini verəcək”.

yeniazerbaycan.com



Xəbər 852 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR