Muğam feyziyabı

Muğam feyziyabı

Heydər Əliyev Fondunun AzTV ilə əməkdaşlığının 10 ili tamam olur

Azərbaycan Televiziyası və "Mədəniyyət” telekanallarında yayımlanan ən populyar layihələrdən biri – "Muğam Televiziya Müsabiqəsi-2017” – artıq finişə yaxınlaşır. İyunun 12-də Heydər Əliyev Mərkəzində keciriləcək final gecəsi muğamsevərlərə növbəti dəfə unudulmaz və xoş anlar yaşadacaq. Heydər Əliyev Fondunun dəstəyi ilə baş tutan bu möhtəşəm tədbir, sözün əsl mənasında, təkcə ölkəmizdə deyil, bütün dunyada yaşayan həmvətənlərimizə fəzilətli anlar bağışlamaqla yanaşı, tamaşaçıları feyziyab edir. 
Bəşər övladını xöşbəxt etməyin müxtəlif üsulları var. Aqillərin fikrincə, bunlardan ən təqdirəlayiqi insanı "balıq payı almağ”a alışdırmaq deyil, ona "tilovla balıq tutmağ”ı öyrətməkdir. Sözün qısası, ona peşə təlimi keçmək və ruzisini halallıqla qazanmağın yolunu göstərməkdir.
Azərbaycan Televiziyasında yayımlanan "Muğam Televiziya Musabiqəsi–2017”ni seyr edəndə aqillərin bu dəyərli nəsihətini qeyri-ixtiyari xatırlayırsan. Artıq 2005-ci ildən bəri Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gələn bu telemüsabiqənin sayəsində onlarca gənc ifaçı muğam kimi əsrarəngiz və füsunkar sənətin incəliklərinə yiyələnib, peşəkar xanəndə kimi püxtələşərək efirlərimizin, səhnələrimizin yaraşığına çevrilib.
Yəqin fikir vermisiniz, hər hansı istedadlı yazıçıdan, bəstəkardan, ifaçıdan söhbət düşəndə, sənətşünaslar insanların qəlbini fəth edən bir əsəri nümunə kimi göstərib deyirlər ki, "filankəs yalnız onu yazsaydı, bu, həmin şəxsin tarixdə qalması üçün kifayət edərdi”. Belə sözləri Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə əlaqədar da söyləmək olar. Hamıya bəllidir ki, H.Əliyev Fondu mədəniyyətimizin, incəsənətimizin qorunması və inkişafı naminə iri miqyaslı işlər görür. Amma təkcə "Muğam Televiziya Müsabiqəsi”nin gerçəkləşdirilməsi Mehriban xanımın "mədəniyyətimizin və incəsənətimizin hamisi” adını qazanması üçün kifayət edərdi. Çünki bu müsabiqə əsl sənət məktəbinə çevrilib və ən böyük mədəni-mənəvi xəzinəmiz olan müğamın inkişafına güclü təkan verib, meydana yeni Leyli və Məcnunları çıxarıb.
Əminliklə söyləmək olar ki, hazırda AzTV və "Mədəniyyət” kanalları vasitəsilə yayımlanan "Muğam Televiziya Musabiqəsi” teleməkanımızda keçirilən ən sanballı layihədir. Ənənə və dəyərlər qorunanda hər şey gözəl alınır. Muğam müsabiqəsi bütün xırdalıqları ilə Azərbaycanda mövcud olmuş qədim musiqi məclislərini xatırladır. Seyrçinin özünü sehirli aləmdə hiss etməsi üçün hər bir məsələ düşünülüb: məclis milli geyimli peşəkar musiqiçilərin müşayiətilə açılır, klassiklərin qəzəlləri tanınmış qiraət ustaları tərəfindən səsləndirilir, muğam ifasının patriarxları yad olunur, milli libaslı iştirakçıların çıxışı zamanı muğam şöbələrinin, təsniflərin və rənglərin adları subtitrdə göstərilir. Bununla da müsabiqə mühüm maarifçilik missiyasını da yerinə yetirmiş olur.
Bu missiyanın icrası üçün Heydər Əliyev Fondunun Azərbaycan Televiziyasını (2011-ci ildən "Mədəniyyət” telekanalı da müsabiqəni yayımlayır) seçməsi təsadüfi deyil. Yalnız zəngin videoteka və fonotekaya, böyük yayım təcrübəsinə malik olan AzTV təşkilatçılıq işini yüksək səviyyədə yerinə yetirə bilərdi. Nəticə isə  göz qabağındadır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2007-ci ilin fevralın 1-də "Muğam telemüsabiqəsi-2007”nin Opera və Balet Teatrında keçirilmiş qala konsertindən sonra Heydər Əliyev Fondunun və Azərbaycan Televiziyasının musabiqədəki rolunu yüksək qiymətləndirmişdi.
Və artıq H.Əliyev Fondunun muğam müsabiqəsi layihəsi üzrə AzTV ilə əməkdaşlığlığının 10 ili (2007–2017) tamam olur. Bu, Heydər Əliyev Fondunun, 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizin ilk və əsas televiziyasına böyük etimadının sübutu sayıla bilər.
Muğam müsabiqəsindən danışarkən, münsiflər heyətinin əməyini unutmaq olmaz. Təqdirəlayiqdir ki, Azərbaycan Televiziyası bir təşkilatçı kimi bütün işlərin öhdəsindən böyük bacarıqla gəlir. AzTV və "Mədəniyyət” kanallarını münsiflər heyətində icraçı kimi təmsil edən Nadir Axundovun simasında bu, yaxından duyulur. Başqa cür ola da bilməzdi! Çünki Azərbaycan Televiziyasının rəhbərliyi işi peşəkara tapşırıb. Nadir Axundov, demək olar ki, Azərbaycan Televiziyasının yaranışının ilk dövrlərindən (1969-cu il) bu mənəvi ruh məbədində çalışır. Məhz böyük bəstəkarımız Tofiq Quliyevin təkidi ilə 1978-ci ildə N.Axundov AzTV-nin musiqi redaksiyasına baş redaktor təyin edilmişdi. Lakin 1990-cı ilin 20 Yanvar faciəsindən sonra N.Axundov doğma televiziyadan uzaqlaşmalı olmuşdu. Çünki 20 Yanvar şəhidlərinə yas tutulduğu o dövrdə yenicə sədr təyin edilmiş Qeysər Xəlilovun efirdən şən musiqi və yüngül verilişlər səsləndirilməsi tələbinə tabe olmamışdı... Təkcə elə bu fakt bəzi gerizəkalı bədxahlara veriləcək yaxşı cavabdır. Amma N.Axundov AzTV-dən uzaq qaldığı 16 illik dövrdə də güclü təşkilatçı olduğunu dəfələrlə sübuta yetirmişdi. Onun başqa telekanalda həyata keçirdiyi "Azəristar” layihəsi estrada səhnəmizə neçə-neçə istedadlı ifaçı bəxş etdi! Lakin 2006-cı ildə AzTV-nin yeni rəhbərliyinin dəvətilə doğma televiziyaya qayıdan N.Axundovun muğam müsabiqəsindəki fəaliyyəti heç nə ilə müqayisə oluna bilməz. Tamaşaçı yalnız efirdə göstərilənləri görür. Kadr arxasında isə AzTV rəhbərliyinin, o cümlədən də N.Axundovun aylarla çəkdiyi böyük zəhmətin mürəkkəblikləri, kəşməkəşləri, hətta bəzi anlarda ağırlıqları dayanır. Bölgələrdə seçim turlarının keçirilməsi, yüzlərlə səsin dinlənilməsi, ən yaxşı ifaçıların aşkara çıxarılıb seçilməsi, 3 aydan artıq davam edən müsabiqə ərzindəki məşqlərin təşkili, qonaqların, tamaşaçıların çəkilişlərə cəlb olunmaları, canlı efirin idarə edilməsi və sair məsələlər nəhəng təşkilatçılıq işinin görünməyən tərəfləridir.
Bir məqam da çox böyük maraq doğurur. Müsabiqədə baş verənlər arasındakı heç bir incəlik AzTV rəhbərliyinin gözündən yayınmır. Elə müsabiqənin gedişi zamanı AzTV rəhbərliyi Nadir Axundova tapşırıqlarını çatdıraraq, nöqsan görünə biləcək hər bir xirda məsələnin vaxtında həllinə nail olur və ya müsabiqə iştirakçılarını ruhlandıran xeyirxah addımlar atır.
Yalnız düşüncəli insanlar Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov kimi ustad xanəndələrin, Sərdar Fərəcov kimi peşəkar bəstəkarın, İlqar Fəhmi kimi tanınmış söz adamının məsləhət və tövsiyələrinin xalq qarşısında əsl imtahan verən müsabiqə iştirakçıları üçün necə dəyərli olduğunu anlaya bilərlər. Münsiflərin izləyici diqqətindən yayına bilməyəcək cəhətlərindən biri də onların verdikləri qiymətlərin fərqli olması, doğru saydıqları fikirdə israr etmələri, tamaşaçıların xoşuna gəlmək üçün deyil, sənətin inkişafı naminə tutduqları mövqedir. Bu mənada, Əlibaba Məmmədovun, Nadir Axundovun, Sərdar Fərəcovun, İlqar Fəhminin söz və rəqəmlərlə ifadə olunan qiymətləndirmələri xüsusi rəğbət doğurur.
Müsabiqənin ən böyük nailiyyəti isə təkrarolunmaz səslərin üzə çıxarılması və əvvəlki laureatların (Təyyar Bayramovun, Nasir Ətapurun) artıq müəllim kimi öz tələbələrini bu möhtəşəm yarışa gondərmələridir. 2007-ci ildən etibarən keçirilən müsabiqənun yüzlərlə laureatından heç birinin səsi, avazı bir-birini təkrarlamır. İnsan övladı Azərbaycan xalğının necə böyük xəzinəyə malik olduğuna heyran qalır! Hər müsabiqədə ən azı 5–6 fərqli, diqqətə layiq istedad ortaya çıxır. Bu mənada, 6-cı müsabiqənin nəticələrini də uğurlu saymaq olar. Pərviz Qasımov, Macid Əsri, Rəvanə Əmiraslanlı, Almaxanım Əhmədli, Səma Sultanova, Valid Abdullayev, Məfdun Məmmədov, Nurlan Namazov və digərləri münsiflərin və tamaşaçıların ümid və rəğbət bəslədikləri ifaçılardır. Builki müsabiqədə qədim Təbrizimizi təmsil edən Macid Əsrinin iştirakı biz azərbaycanlıları xüsusilə fərəhləndirir.
Bir sözlə, qədirbilən tamaşaçılar və müğamsevərlər Azərbaycanın klassik irsinin inkişaf etdirilməsi naminə göstərilən bu fədakar əməyə görə Heydər Əliyev Fonduna, Azərbaycan Mədəniyyət Fonduna, "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə, Mədəniyyət və Turizm Nazirliyinə yalnız minnətdar ola bilərlər. Çünki, bu, Vətənə göstərilmiş ən böyük xidmətdir! Bravo!
 
Qəzənfər Qasımov

Xəbər 3445 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR