“MR BEE” brendinin rəhbəri: "Almaniyada bizim məhsullarımıza böyük maraq var"

“MR BEE” brendinin rəhbəri:

Azərbaycanın İqtisadiyyat Nazirliyi tərəfindən "Made in Azerbaijan” brendinin təşviqi məqsədilə Almaniyanın Berlin şəhərinə ixrac missiyası təşkil edilib. Missiyada müsabiqə əsasında seçilən meyvə-tərəvəz, təbii mineral suları, meyvə şirələri, şərab, bal və çay istehsalı sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edirlər.

Azərbaycan şirkətlərindən ibarət nümayəndə heyətinə daxil olan, "Baku Business Factory”nin dəstək göstərdiyi xalis bal satışı ilə məşğul olan "MR BEE” brendinin rəhbəri Cavid Kərimov "Report”a bildirib ki, ixrac missiyası Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ("Azpromo”) və Almaniya-Azərbaycan İnkişaf Fondunun təşkilatçılığı və maliyyə dəstəyi ilə Almaniyanın Berlin şəhərində səfərdədir: "İxrac missiyasına müxtəlif sahələr üzrə 19 şirkət daxildir. Bu əsasən kənd təsərrüfatı sahələri - meyvəçilik, tərəvəzçilik, arıçılıq və s. üzrə fəaliyyət göstərən şirkətlərdir. Eyni zamanda qeyri-qida sənayesi - mebel, ip istehsalı, xalçaçılıq üzrə fəaliyyət göstərən yerli şirkətlərimiz də tədbirdə iştirak edir. Bura gəlməkdə əsas məqsədimiz sahələrimizə uyğun şirkət və mütəxəssislərlə görüşüb, onların təcrübəsi ilə yaxından tanış olub yararlanmaqla, Avropaya, həmçinin onun böyük bazarı olan Almaniyaya çıxış əldə etməyin yollarını, sertifikatlaşdırma, qablaşdırma, satış, distribüter sistemini öyrənməkdir". O qeyd edib ki, missiya çərçivəsində yerli distribyutorlar, potensial müştərilərlə ikitərəfli görüşlər keçiriləcək, ixracın təşkili məsələləri müzakirə olunacaq.

"Eyni zamanda ixrac missiyası iştirakçıları səfər çərçivəsində Berlində təşkil olunan "Beynəlxalq Yaşıl Həftə-2017”  ("International Green Week - 2017”) sərgisində də iştirak etmək şansını qazanıb. Sözügedən sərgidə milli pavilyonumuzda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Azərbaycanın Almaniyadakı səfirliyi və "Azpromo”nun dəstəyi ilə ölkədə istehsal edilən 200-dən çox çeşiddə müxtəlif kənd təsərrüfatı və yeyinti məhsulları nümayiş olunur. Bəzi istehsalçılara da burada öz məhsulunu nümayiş etdirmək üçün şərait yaradıldı. Biz də bu sərgidə "MR BEE” məhsulunu nümayiş etdirdik. Bizim məhsullarımıza böyük maraq var” - C.Kərimov əlavə edib.
Qeyd edək ki, yanvarın 29-na qədər davam edəcək "Beynəlxalq Yaşıl Həftə-2017” çərçivəsində iştirakçılara Azərbaycanın investisiya və biznes imkanları, həmçinin kənd təsərrüfatı sahəsində istehsal olunan rəqabətqabiliyyətli məhsullar barədə məlumat veriləcək.



Xəbər 726 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR