Moskvada Respublika Günü münasibəti ilə təntənəli qəbul keçirilib

Moskvada Respublika Günü münasibəti ilə təntənəli qəbul keçirilib

Rusiya paytaxtında 28 May-Azərbaycanın Respublika Günü münasibəti ilə təntənəli qəbul keçirilib.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə Moskvanın "Avropa" sarayında keçirilən qəbulda Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin, Rusiya XIN-in rəsmi nümayəndəsi Mariya Zaxarova, Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, xarici ölkələrin səfirləri və hər iki ölkənin tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu günün Azərbaycanın tarixində önəmli hadisə olduğunu bildirib: "28 may Azərbaycan Respublikasının yaradılmasının 99-cu ildönümüdür. Bu, tariximizin şanlı səhifəsidir. Bir il sonra biz bu tarixi hadisənin 100 illiyini təntənəli şəkildə qeyd edəcəyik. Əlbəttə ki, öz müstəqilliyini yenidən qazanan Azərbaycan xalqı bu tarixə çox həssas yanaşır. Çünki 1918-ci ilin mayın 28-də Azərbaycanın müstəqilliyi haqqında deklarasiya qəbul olunub. Azərbaycan Demokratik Respublikası Şərqdə yaranan ilk demokratik dövlət idi. ADR-in parlamentində Azərbaycanın ərazisində mövcud olan bütün siyasi partiyalar və xalqların nümayəndələri təmsil olunurdular. Şərqdə, o cümlədən bəzi Qərb ölkələrindən də qabaq Azərbaycanda qadınlara seçki hüququ verilmişdi. Bu demokratik respublikanın yaradıcılarının ideyalarını bu gün müstəqil Azərbaycanda uğurla həyata keçirirlər. Bizim ölkəmiz çox çətin şəraitdə öz müstəqilliyini, suverenliyini qoruyub saxlaya bilib".
 
Azərbaycan-Rusiya münasibətlərindən danışan səfir bildirib ki, Azərbaycan bu münasibətlərə böyük önəm verir: "Xəzər və Qafqaz regionunda sülhün və sabitliyin təmin olunması üçün Azərbaycan region ölkələri ilə mehriban qonşuluq münasibətlərini dəstəkləyir. Lakin əməkdaşlıq potensialını tam açmaq üçün ona maneə olan faktorları aradan götürmək lazımdır. Ölkəmizin ərazisinin Ermənistan tərəfindən işğalı, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərinin yerinə yetirilməməsi regionda sülhə və sabitliyə təhlükə daşıyan yeganə faktordur. Təmas xəttində tez-tez müşahidə olunan gərginliklər, atəşkəs rejiminin pozulması onu göstərir ki, Azərbaycan ərazisinin işğalına dərhal son qoyulmalıdır. Heç kəs insanların həlak olmasını arzulamır. O cümlədən hərbçilərin və mülki əhalinin. Azərbaycan bu münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Ona görə də biz dünya ictimaiyyətinin üzvlərinin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının vacibliyi və ərazilərinin işğaldan azad olunması barədə prinsipial mövqeyinə ümid bəsləyirik. Burada sözsüz ki, əsas rollardan biri Rusiyaya məxsusdur. Ona görə ki, Rusiya BMT TŞ-nin daimi üzvü, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi və nəhayət Cənubi Qafqazla coğrafi və tarixi bağlılığı olan ölkədir".
 
Daha sonra Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin çıxış edib. O, çıxışına Azərbaycan xalqını 28 May-Respublika Günü münasibəti ilə səmimi qəlbdən təbrik edərək başlayıb. Rusiya-Azərbaycan münasibətlərindən danışan nazir müavini qeyd edib ki, iki ölkə arasındakı münasibətlər strateji xarakter daşıyır: "Rusiya və Azərbaycanı bir-birinə çoxəsrlik dostluq ənənələri, ümumi tarix və mədəniyyət, mehriban qonşuluq, bərabər hüquqluq prinsipləri əsasında olan strateji münasibətlər bağlayır. Bu il biz iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd etdik. Azərbaycan və Rusiya arasında əməkdaşlığın keyfiyyəti və miqyası ildən ilə artır".
 
Nazir müavini Rusiya ilə Azərbaycan arasında siyasi, iqtisadi və humanitar sahədə əlaqələrin yüksək templə inkişaf etdiyini vurğulayıb: "Dövlət başçılarımız Vladimir Putin və İlham Əliyev arasındakı inamlı münasibətlər də iki ölkə arasındakı əlaqələrə öz tövhəsini verib və verməkdə davam edir. Biz Rusiya-Azərbaycan münasibətlərinin gələcəyinə ümidlə baxırıq.  Əminəm ki, Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafı xalqlarımızın köklü maraqlarına cavab verir, regionda sülhə və qarşılıqlı anlaşmanı təmin edir".
 
Daha sonra Azərbaycan diasporunun inkişafına töhvə verən diaspor nümayəndələrinin mükafatlandırma mərasimi keçirilib. Rusiyanın əməkdar inşaatçısı Əlizaman Rəhimova "Şöhrət" ordeni, Ümumrusiya Azərbaycan Konqresinin Murmansk regional bölməsinin sədri Afil Hüseynova və digər diaspor nümayəndələrinə "Tərəqqi" medalı təqdim olunub. Təntənəli mərasim ziyafət və konsert proqramı ilə davam etdirilib.  
 
Aktual.az
Xəbər 248 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR