Mirkazım Seyidov: İlham Əliyev Ermənistanın işğalçılıq siyasətini məkrli şəkildə pərdələməyə çalışan Sarkisyanı dalana dirədi

Mirkazım Seyidov: İlham Əliyev Ermənistanın işğalçılıq siyasətini məkrli şəkildə pərdələməyə çalışan Sarkisyanı dalana dirədi

Ölkə başçısı, Qarabağ probleminin həlli yolunda, Azərbaycan diasporunun qarşısında mühüm vəzifələr durduğunu da xüsusi qeyd etdi

Ermənistan prezidenti Serj Sarkisyan Nyu-Yorkda, BMT Baş Assambleyasının 72-ci sessiyasında, sağlam düşüncə və normal siyasi məntiqdən kənar məlum çıxışı ilə, fitnəkarlığını bir daha nümayiş etdirdi. Faşist xislətli bu cəllad həyasız "diplomatiyası” ilə növbəti dəfə beynəlxalq birliyin gülüş hədəfinə çevrildi. Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ   münaqişə ilə bağlı BMT-nin dörd qətnaməsini "unudaraq”, diqqəti rəhbərlik etdiyi dövlətin işğalçılıq siyasətini məkrli şəkildə pərdələməyə çalışdı. Əlbəttə, bu fitnəkarın BMT tribunasından səsləndirdiyi fikirlərin yalan olması adı çəkilən ali qurumda onu dinləyənlərə yaxşı bəlli idi. Çünki S.Sarkisyan özü də bildirib ki, indiyə kimi münaqişə ilə bağlı 4 dəfə eyni məzmunda BMT kürsüsündən çıxış edib və bu, onun beşinci çıxışıdır. Görünür, "siyasi liderin” BMT-nin tribunasından dəfələrlə yalanlar deməsi, absurd bəhanələrlə Azərbaycana qara yaxması, bununla da beynəlxalq birliyin gülüş hədəfinə çevrilməsi onu öyrəncəli edib.

Onu da deyim ki, terrora dövlət səviyyəsində dəstək verən S. Sarkisyan yenə də üzv ölkələrə bu ali qurumun əsas prinsiplərindən biri olan ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipini arxa plana keçirməyə, yalnız xalqların öz müqəddəratını müəyyən etmək məsələsinə əsaslanmağa çağırdı. Ancaq cənab İlham Əliyev digər beynəlxalq toplantılarda olduğu kimi, növbəti dəfə faşist rejim başçısının   yalan üzərində qurulan  çıxışını məntiqli fikirləri ilə, faktlarla alt-üst etdi. 

Dövlətimizin başçısı, eyni zamanda, işğalçı Ermənistanın son təxribatları, dinc sakinlərə qarşı hərbi cinayətləri barədə məlumat verdi və ardınca beynəlxalq təşkilatların bu münaqişə ilə bağlı arzuolunmaz mövqelərini qınadı. Ermənistanın 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadığını və buna görə də təcavüzkarın cəzalandırılmadığını söyləyən Prezident İlham Əliyev dedi ki, bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunsa da, Azərbaycana gəldikdə, 24 ildir məlum qətnamələr reallaşdırılmır. Əlbəttə, bu, ikili standarta əsaslanan yanaşmadır.

Azərbaycan Prezidenti BMT tribunasından təcavüzkara növbəti xəbərdarlığını da etdi. Bir daha bildirdi ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin,  eyni zamanda, Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq.

Cənab İlham Əliyev BMT-nin ali tribunasından siyasi xarizması ilə əsl liderlik keyfiyyətini ortaya qoydu. S. Sarkisyanın yalan və fitnəkar fikirlərini tutarlı faktlarla ifşa edərək, Qarabağ həqiqətlərini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı və bu məsələdə Azərbaycanın haqlı, ədalətli olduğunu vurğuladı: "25 ildən çoxdur ki, Ermənistan Azərbaycanın 20 faiz ərazisini - Dağlıq Qarabağı və ölkəmizin digər  7 rayonunu işğal altında saxlayır. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib”.

Yeri gəlmişkən, ötən ilin aprelində Ermənistanın şəhər və kəndlərimizə hücum edərək, təmas xəttində növbəti hərbi cinayət törətməsi, bunun nəticəsində 6 dinc azərbaycanlının qətlə yetirilməsi, hətta, onların sırasında bir uşağın olması, bundan əlavə, 26 mülki şəxsin yaralanması, yüzlərlə evin dağıdılması barədə faktları sessiya iştirakçılarının nəzərinə çatdıran  Prezident İlham Əliyev onu da vurğuladı ki, uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonda - Ağdərə, Füzuli və Cəbrayılda müəyyən əraziləri azad etdi və öz bayrağını həmin yerlərdə qaldırdı. Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq.

Burada bir məqamı da diqqətə çatdırmaq istərdim. Ermənistan prezidenti  Serj Sarkisyan Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı ilə həm də cılız və zavallı "rəhbər” olduğunu bir daha nümayiş etdirdi. Eyni zamanda, aydın oldu ki, Ermənistan siyasi rəhbərliyi hakimiyyətdə olduğu ötən illər ərzində mənsub olduğu xalq üçün elə bir əhəmiyyətli addım atmayıb. Serj Sarkisyanın fəaliyyətsizliyi ilə işğalçı ölkə demək olar ki, uçuruma yuvarlanıb. Cəllad Sarkisyanın belə olan təqdirdə hakimiyyətini qorumaq üçün işğalçılıq siyasətini davam etdirməkdən başqa yolu qalmır, həmçinin Azərbaycanın uğurlarına kölgə salmaq, ona qarşı böhtan kampaniyası aparmaq üçün, necə deyərlər, dəridən-qabıqdan çıxır.

Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışında Serj Sarkisyana cavab olaraq xatırlatdı ki,    Ermənistanın işğalının yaratdığı böyük çətinliklərə baxmayaraq, hazırda Azərbaycan uğurla inkişaf edir. Azərbaycan BMT-nin fəal üzvüdür. 2011-ci ildə Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi, 155 ölkə Azərbaycana səs verdi. Üzv dövlətlərin tam əksəriyyəti Azərbaycana və onun siyasətinə öz dəstəyini nümayiş etdirdi. Həmin vaxt cəmi 20 yaşı olan ölkə üçün bu, böyük nailiyyət idi. Azərbaycan müasir, sabit və demokratik ölkədir. Demokratiyanın inkişafı və insan hüquqlarının müdafiəsi hökumətin əsas prioritetlərindəndir. Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən ifadə, mətbuat, yığıncaq və dini azadlıqlar tam şəkildə təmin edilir.

Dövlətimizin başçısı, eyni zamanda, diqqəti Azərbaycanın monoetnik ölkə kimi tanınan Ermənistandan fərqli olaraq, çoxmillətli dövlət olması, dinlərarası dialoqun gücləndirilməsinə yönələn çoxsaylı  beynəlxalq tədbirlərə evsahibliyi etməsi faktına da yönəltdi. Bildirdi ki,  2004-cü ildən başlayaraq, Azərbaycanın iqtisadiyyatı 3 dəfədən çox artıb, ölkəmizdə 1 milyon 600 mindən artıq iş yeri açılıb. İşsizlik səviyyəsi 5 faizə, yoxsulluq səviyyəsi isə 5-6 faizə düşüb, 2004-cü ildən etibarən ölkəmizdə əmək haqları 5,6 dəfə, pensiyalar 8,2 dəfə artıb...

Bax, elə bu inkişafa, yüksəlişə qısqanclıqla yanaşdığına görədir ki, Ermənistanın zavallı "rəhbəri” Serj Sarkisyan Azərbaycanın uğurlarına kölgə salmaqla, ölkəmizə qarşı böhtan kampaniyası aparmaqla hakimiyyətinin ömrünü uzatmağa çalışır.

Sonda bir mühüm məqamı da diqqətə çatdırmağı özümə borc bilirəm. Cənab Prezidentin Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasındakı məlum çıxışı Azərbaycanın hücum diplomatiyasının parlaq nümunəsi olmaqla bərabər, həm də Azərbaycan diplomatiyası qarşısında   daha  mühüm vəzifələr qoydu.

Cənab Prezident bu tribunadan yararlanmaqla, həm də ölkəmizin sərt və konkret, eyni zamanda, haqlı, ədalətli mövqeyini bildirdi. Bununla bərabər,  Azərbaycanın "hücum diplomatiyası”nı parlaq şəkildə nümayiş etdirdi. Başqa sözlə, möhtərəm İlham Əliyev Serj Sarkisyanı fakt və dəlillərlə elə "dalana dirədi” ki, bununla da  Ermənistanın işğalçı siması bir daha açıq-aydın göstərildi. Bu, həmçinin Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi uğur deməkdir.   

Cənab Prezident bu çıxışı ilə həm də Azərbaycan diasporu qarşısında mühüm bir vəzifə durduğunu da bir daha xatırlatdı: dünyanın harasında yaşamasından asılı  olmayaraq, hər bir soydaşımız dövlət başçımızın Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasındakı məlum çıxışının tezislərini rəhbər tutmaqla fəaliyyətində bunu daim nəzərə almalı,  "hücum diplomatiyası” ilə Ermənistana qarşı  təcrid siyasətini davam etdirilməli, beynəlxalq təşkilatlarda Ermənistanın bütün təxribatlarına bu cür layiqli cavab verməlidir.

Mirkazım SEYİDOV,
Azərbaycan Respublikaçılar Partiyası sədrinin birinci müavini, 
Azərbaycan və Rusiya Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, 
Türkdilli Xalqlarla Slavyan Xalqları arasında "əməkdaşlıq" Fondunun təsisçisi, 
«ARAZ» Qəzetlər Qrupunun və araz.az saytının baş məsləhətçisi

Xəbər 500 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR