Millət vəkili Milli Qəhrəmanlara büstlərin qoyulması ilə bağlı MM-də məsələ qaldırıb

Millət vəkili Milli Qəhrəmanlara büstlərin qoyulması ilə bağlı MM-də məsələ qaldırıb

Millət vəkili Q.Paşayeva MM-də Milli Qəhrəmanlara büstlərin qoyulması ilə bağlı qanunvericilikdə yaranmış boşluqların qısa zamanda aradan qaldırlması təklifini irəli sürüb.
 
Millət vəkili Q.Paşayeva bu gün MM-in iclasında bir sıra Milli Qəhrəman ailələrin onunla görüş zamanı qaldırdığı məsələni qaldırıb və qısa zamanda bu məsələyə baxılmasına çağırıb : "Prezidentimiz və Ali Baş Komandanımız İlham Əliyev hər zaman Milli Qəhrəman və şəhid ailələrinə xüsusi diqqətlə yanaşır. Bir sıra bölgələrimizdə Milli Qəhrəmanlarımıza mərkəzi yerlərdə büstləri qoyulub ki, bu da qəhrəman şəhidlərmiz qarşısında vəfa borcumuz olmaqla yanaşı, gənc nəsillərin vətənpərvərlik ruhunda böyüməsi üçüm çox önəmlidir. Amma qanunvericilikdə ortaya çıxan bir ziddiyyət bəzi bölgələrdə mərkəzi yerlərə Milli Qəhrəmanlarımızın büstlərinin yerləşdirilməsi üçün ciddi sual yaradıb və bunun aradan qaldırılması lazımdır. Belə ki 1997-ci ildə qəbul olunmuş "Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında" qanunda qeyd olunur ki, büstlər 2 dəfə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülənlərə qoyulur. Amma 1992-ci ildə qəbul edilmiş "Azərbaycanın Milli Qəhrəmanı" adı haqqında Əsasnamənin təsdiq edilməsi barədə qanunda qeyd edilir ki, Azərbaycanın Milli Qəhrəmanı adı eyni şəxsə 1 dəfə verilir. Yəni bu qanuna əsasən 2 dəfə Azərbaycanın Milli Qəhrəmanı adı almaq mümkünsüzdür. "Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında" qanunda deyilir ki, büst 2 dəfə Milli Qəhrəman adına layiq görülənlərə qoyulur, bu, çox ciddi ziddiyyətdir və bir sıra bölgələrdə Milli Qəhrəmanlara mərkəzi yerlərdə büstün qoyulması məsələsinə təsirini göstərir. Ona görə də təklif edirəm ki, bu qanunda 2 dəfə adını götürək və bu zaman 2 qanun arasında ziddiyyət də aradan götürüləcək və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş hər bir qəhrəmanımıza büstün qoyulması məsələsi birmənalı şəkildə öz həllini tapmış olacaq və müxtəlif bölgələrdə Milli Qəhrəman ailələri arasında yaranmış narahatlıq da aradan qaldırılacaq. Torpaqlarımız uğrunda fədakarcasına vuruşan, xidmət göstərən, canını və sağlamlığını qurban verən bütün Milli Qəhrəmanlarımıza, özəlliklə şəhid olmuş Milli Qəhrəmanlarımıza bölgələrdə büstlərinin qoyulması sadəcə bu ailələr üçün deyil, bütün cəmiyyətimiz üçün lazımdır və gənclərimiz arasında hərbi vətənpərvərlik ruhunun yüksəldilməsinə də öz təsirini göstərər. Dövlətimizin hər zaman Milli Qəhrəmanlarımıza, ailələrinə və şəhid ailələrinə daim diqqətini nəzərə alaraq qısa zamanda bu məsələnin həllinə tapmasına inanır və çağırıram."
 
Aktual.az
Xəbər 249 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR