Millət vəkili Bordyujanın fikirlərini əsassız və yolverilməz adlandırdı

Millət vəkili Bordyujanın fikirlərini əsassız və yolverilməz adlandırdı

"Azərbaycan ordusu istənilən an Ermənistan silahlı qüvvələrinin, təcavüzkar və işğalçı dövlətin təxribatlarına, vəziyyəti gərginləşdirməyə yönəlik addımlarına, bir sözlə, düşmənə layiqli cavab verməyə hazır və qadirdir. Ordumuz elə sonuncu dördgünlük "Aprel döyüşləri”ndə bunu bir daha sübut etdi. Bu gün də Azərbaycan ordusu, silahlı birləşmələrimiz Ermənistanın, ermənilərin təxribatına layiqli cavabını verdi, düşməni anındaca susdurdu”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Eldəniz Səlimov deyib.

Millət vəkilinin sözlərinə görə, ancaq çox təəssüflər olsun ki, bəzi dairələr təxribatçı və işğalçı dövləti adı ilə çağırmağa həvəsli görünmür, əksinə, öz əsassız və haqsız açıqlamaları ilə Azərbaycanı ittiham etməyə çalışırlar.

"Xüsusilə də, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja Azərbaycanın ərazi bütövlüyü və  suverenliyini açıqdan-açığa şübhə altına alan ifadələr işlədib ki, bunlar olduqca yolverilməz və qəbuledilməzdir. Heç kim, heç bir qüvvə, heç bir qurum, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını şübhə altına alan hansısa ifadələr, iddialar səsləndirə bilməz. Kimsəyə belə bir haqq verilməyib.

Bu baxımdan, hesab edirəm ki, artıq Qarabağ münaqişəsinin sülhlə və ədalətli həlli yolunda ciddi addımlar atılmasının zamanıdır. Xüsusilə də, regiona turist səfərləri etməkdən, quru bəyanatlar verməkdən savayı bir iş görməyən ATƏT-in Minsk qrupunun həmsədrləri sözdən əməli işə keçməlidirlər, düşməni, işğalçını adı ilə çağırmalıdırlar, onu konstruktiv mövqeyə gəlmək üçün ciddi təzyiqlər, sanksiyalar tətbiq etməlidirlər. Yalnız bu zaman onların ədalətli hakim olmasına inanmaq olar. Ancaq təəssüf ki, onların addımlarında bunun işartısı belə görünmür…
 
Eyni zamanda bir daha əvvəlki fikirlərimə qayıdaraq bildirmək istəyirəm ki,  Azərbaycan dövlətinin, ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevin daim diqqəti və qayğısı altında olan Azərbaycan ordusu düşmənin istənilən addımına, təxribatına zamanında və məqamında layiqli cavabını verməyə, ölkənin ərazi bütövlüyünü təmin etməyə hazırdır”-deyə, millət vəkili daha sonra sözlərinə əlavə edib.
 
Aktual.az
Xəbər 574 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR