Ümidgah - İsa Nəcəfov ulu öndərdən yazır

Ümidgah - İsa Nəcəfov ulu öndərdən yazır

Heydər Əliyevin əziz xatirəsinə ithaf olunur


"Günəşi örtsə də qara buludlar,

Yenə günəş adlı bir qüdrəti var.”

 S.Vurğun, "Vaqif” pyesindən.

Qarşıda məni Minskə ezamiyyət gözləyir. Beş gün bu şəhərdə olmalıyam. Tənhalıq məni üzməsin deyə illərin sınağından şərəflə çıxan dostlarım Mübariz və Elmana mənimlə səfərə çıxmağı təklif etdim. Mübariz böyük təəssüflə işlərinin çox olmasından gileyləndi – gedə bilməyəcəkdi. Elman isə heç bir dəfə də Minsk şəhərində olmadığını söylədi…

Öncə qeyd edim ki, Minsk bir sıra böyük şərq şəhərlərindən fərqli olaraq olduqca təmiz, səliqə-səhmana malikdir. Bakıdan isə fərqli olaraq Sovetlər Birliyindən qalma simasını qoruyub saxlaya bilib. Geniş və səliqəli küçə və xiyabanlara zəngin olan şəhərdə olduğumuz ikinci gün Elman mənə süfrə arxasında dedi ki, bəlkə Minskdə yaşayan tələbə yoldaşımı dəvət edim. O çox maraqlı adamdır. Dövlət Təhlükəsizliyi Komitəsinin Ali Məktəbini qurtardıqdan sonra onunla görüşməmişəm. Sənin üçün də maraqlı olar. SSRİ-nin dağılmasına kimi Tbilisidə yaşayıb. Əks kəşfiyyat xidmətində çalışıb. Böyük həvəslə belə bir şəxslə tanış olmağa razı oldum. Hələ 80-ci illərdə  müstəntiq işləyərkən Çekistlərlə birgə cinayət işinin istintaqının gedişində tanış olmuşdum. Onların özünə məxsus iş üslubu və düşüncə tərzi məni valeh etmişdi. Vətənə və dövlətə olan sevgiləri məndə onlara qarşı hüsnü rəğbət oyatmışdır.

Elman zəng etdi. Otuz ildən sonra tələbə yoldaşlarının görüşü heç də təsirsiz deyildi. Biri ömrünün ən gənc illərini Əfqanıstanda odun alovun içərisində, digəri isə adət və ənənələri müxtəlif olan bölgədə, dünya ölkələrinin maraqlarının toqquşduğu Qafqaz və Zaqafqaziyada keçirmişdir. Hər iki şəxsin qırışlı alınları, bəyazlaşmış saçları xidməti həyatlarının çətinliyindən, ağırlığından və həddindən artıq çox gərgin anlar yaşamalarından xəbər verirdi. Elman məni tələbə yoldaşı Valodyaya təqdim etdi.

Adətən belə həyəcanlı anlarda insanlar, xüsusilə də, çekistlər Ömər Xəyyamın mədh etdiyi şəraba aludə olurlar. Lakin zaman dəyişdiyindən indi şərabdan çox "Viski”yə hörmət edilir.

Tələbə yoldaşları keçmiş günlərinə qayıtdılar. Biri digərini təsdiq edə-edə məzəli, maraqlı hadisələri, faktları yada saldılar. Arada yanlarında mənim olduğumu da unudurdular…

Valodya ani olaraq söhbəti tələbə yoldaşlarından saldı və dinləyici olarkən Heydər Əliyevi ilk dəfə necə gördüyünü xatırlatdı:

– Yadındadır, Moskva mehmanxanasında tədbir vardı, Sov. İKP-nın 26-cı qurultayının nümayəndələrinin  təhlükəsizliyinin təmin edilməsinə bizi cəlb etmişdilər. Mən Heydər Əliyevi ilk dəfə yaxından orda görmüşdüm. Mən o anda yaşadığım hisslərin təsirindən indiyədək çıxmamışam. Mən əfsanəvi çekisti görürdüm. Müəllimlərimiz onun adını elə fəxr və ehtiramla çəkmişdilər, onun çekist məharətindən elə danışmışdılar ki, bu mənim qəlbimdə və ruhumda silinməz izlər buraxmışdı.

Elman dilləndi:

-Əlbəttə yadımdadır. Məni sizə rəhbər təyin etmişdilər. Mehmanxananın yuxarı mərtəbəsində idim. Liftin qapısı açıldı. Heydər Əliyeviç liftdən çıxdı. Mehmanxananın direktoru çox sürətlə ona yaxınlaşdı. Mən yaxınlıqda olduğum üçün əlimi irəli verib onu saxladım. Heydər Əliyeviç məni görüb ana dilində soruşdu: "Bala haradansan?” "Azərbaycandanam – dedim – Ali məktəbdə oxuyuram”.

"Oxu. Yaxşı oxu. Vətəninə lazım olacaqsan” – dedi və sonra ayrıldı.

Bu an Valodya fikrə getdi. Təbəssüm sifətindən çəkildi. Baxışları sərtləşdi, gözlərində, baxışlarında qəzəb yarandı:

– Elman bilirsən, o zaman Heydər Əliyev Naxçıvana qayıdanda mən mərkəzdən tapşırıq aldım. Zaqafqaziya Hərbi Dairəsində Əks Kəşfiyyata mən rəhbərlik edirdim. Tapşırıqda deyilirdi ki, biz Heydər Əliyevi nəzarətə götürməliyik, onun hər addımını, hər görüşünü izləyib yuxarıya xəbər verməliydik. Bu Hərbi Dairənin çekistlərinin nifrətinə, narazılığına səbəb oldu. Heç kim bu tapşırığı icra etmədi. Kimin arxasınca işləmək?! Heydər Əliyeviçin?? Bundan betər sərsəmlik olmazdı. O, nəinki bütün çekistlərin, hətta bütün hərbiçilərin sevimlisiydi. İnsanlarda ona böyük hörmət var idi. Çünki o, insanlara qarşı ədaləti və dövlətə sədaqəti ilə başqalarından seçilirdi. Heydər Əliyeviç dərin zəkası və uzaqgörənliyi, dözümlülüyü ilə də fərqlənirdi.

Dərin sükut yarandı.  Xəyallar məni öz ağuşuna alıb bir anlıq 90-cı illərə apardı. Əjdər Xanbabayevin qətlə yetirilməsi ilə əlaqədar başlanmış cinayət işinin istintaqı zamanı mənə bəlli oldu ki, Respublikamızın DTK-da Komitə sədri Vaqif Hüseynovun əmri əsasında Komitədə də yeni "Naxçıvan” şöbəsi yaradılmışdır. Onun əməkdaşları bütün əməliyyat metodlarından istifadə etməklə Heydər Əliyev və onun ailə üzvlərinin ərtafında əməliyyat işi aparmalıydı. Və aparılmışdır da. 1998-ci ildə MTN-in 80 illiyində nazirlikdə keçirilən toplantıda Heydər Əliyevin nitqində dedikləri sözlər ani olaraq beynimdə səsləndi. "Bu binanı mən sizin üçün tikdirdim. Sizin əksəriyyətinizi mən işə götürdüm. Amma sizlər məni və ailə üzvlərimi izlədiniz, dinlədiniz və əməliyyat işləri apardınız..”

Qəlbimdə başqaldıran bir sual… Nə üçün?? Bizimkilər bunlardan – Zaqafqaziya Hərbi Dairəsində Əks Kəşfiyyatdan fərqli olaraq niyə Heydər Əliyevə xəyanət etdilər. Sual köksümdə üzüntülü bir ağrıya çevrildi…

Bir neçə dəqiqəlik hökm edən sükutu Elman pozdu:

-Valodya, 80-cı illərin sonu idi. Məhşur Sovet kəşfiyyatçısı Con Bleykin həbsxanadan qaçışını, sonra isə Moskvaya gətirilməsini təşkil edən DTK rezidenti (adı və soyadı məxfilik üçün Elman tərəfindən çəkilmədi) süfrə arxasında mənə dedi: – "Cavan oğlan vaxt gələcək SSRİ dağılacaq. Heydər Əliyev vətəninə qayıdacaq – Naxçıvana. Və sonra hakimiyyətə gələcək. Ona kimi siz onu qoruyun”. Həmin vaxt Heydər Əliyev artıq təqaüdçü idi.

Rezident daha sonra dedi: – "Heydər Əliyevin vətən qarşısında əvəzsiz və bənzərsiz xidmətləri var. O, ölməz çekist və dövlət xadimi, tarixi şəxsiyyətdir…”

Elman mən sənə heç kimin bilmədiyi bir faktı da danışmaq istəyirəm- deyə Valodya sözə başladı. QKÇP-nin SSRİ-ni saxlamaq cəhdi boşa çıxandan sonra Zaqafqaziyada vəziyyət köklü sürətdə pisləşdi. Tbilisidə hərbiçilər hərbi şəhərcikdən kənara silahla çıxa bilmirdilər. Moskvada Yeltsin muxtar qurumlara səlahiyyət paylamaqdaydı. O deyirdi: – "Kim nə qədər istəyir səlahiyyət götürsün”. Mərkəzdən bizə heç kim kömək göstərmək istəmirdi, əmək haqqı ala bilmirdik. Tədbir görülməsəydi vəziyyətimiz daha da ağırlaşacaqdı. Ona görə də Zaqafqaziya Hərbi Dairəsinin Komandanı Patrikeyev generalların iştirakı ilə hərbi müşavirə keçirdi. Müşavirədə 24 general iştirak edirdi. Mən də həmin müşavirənin iştirakçısı idim. Gündəlikdə bir sual dururdu. Nə etməli??

Uzun müzakirədən sonra qərara alındı ki, SSRİ-nin dağılması labüddür. Və ona görə də Zaqafqaziya Respublikalarından ibarət Sovet Sosialist Respublikası yaradılsın. Qərar səsə qoyuldu. Hamı bir nəfər kimi buna səs verdi. Bəs yeni yaradılacaq Respublikaya kim rəhbərlik etməlidir? Bu məsələnin müzakirəsi gecə yarısına kimi davam etdi. Nəticədə bir neçə nəfərdən ibarət siyahı tərtib edildi. Kimlər yeni yaradılacaq Respublikaya rəhbərlik edəcək?.. Elman, bilirsən  birinci yerdə kimin adı dururdu?

-Əlbəttə Heydər Əliyevin – Elman cavab verdi.

-Afərin. Çox düz tapdın – Valodya təsdiq etdi. – Generalların hamısı Heydər Əliyevə səs verdi. Bundan sonra hamıda sabaha inam yarandı. Qısa müddətə olsa da, hamımız gələcəyimizə inanmağa başladıq. Maraqlısı odur ki, o bu sözləri mənim ana dilimdə – Azərbaycanca dedi.

Elman mənim təəccübləndiyimi görüb gülümsədi və dilləndi:

-Valodya Ali Məktəbdə beş il ərzində məruzələri türkcə dinləyib. İmtahanları da türkcə verib. Türk dilini gözəl bilir.

-Lakin bu sevincimiz uzun çəkmədi. Hərbi Dairənin Komandanı Patrikeyev səhərisi günü xidməti təyyarəsiylə  Moskvaya uçdu. Onu qərargah rəisi Samsonov əvəz etdi. Yenə toplaşdıq. Müzakirə etdik və qərara aldıq ki, müşavirədə qəbul etdiyimiz qərarı Moskvaya müvafiq mənbələrə göndərək. Belə də etdik. Bir gündən sonra biz mərkəzdən teleqram aldıq. Teleqram bu müraciətlə başlayırdı. "Əziz rus zabitləri…” Bu ifadə hər şeyi deyirdi. Artıq başa düşdüm ki, ölkə dağılır. Rus millətindən olmayan zabitlər sahibsiz bəndə kimi Allahın ümüdünə qaldı. İkinci gün Moskvadan bir neçə təyyarə gəldi. Çoxlu nümayəndə gəlmişdi. Özləri ilə bir yük təyyarəsində pul da gətirmişdilər. Təchizat yaxşılaşdı. Lakin çox keçmədi ki, Zaqafqaziya Hərbi Dairəsi ləğv edildi. Hərə bir tərəfə dağıldı. Mən də vətənimə, Belarusiyaya qayıtdım. Xeyli müddət işsiz qaldım. Axırda qərara gəldim ki, Milis İdarəsinə işə girmək üçün müraciət edim. Rəis məni qəbul etdi. Dedim ki, mən əməliyyatçıyam. Soruşdu nə bacarırsan, dedim əməliyyat işini. Hansı məktəbi bitirdiyimi bilən kimi dərhal işə qəbulum haqqında əmr hazırlanmasına göstəriş verdi. Mən oldum "ment”. Elman, başa düşürsən çekist olur "ment”. Bu fikir məni boğurdu.

Bir gün məni Mərkəzdən axtardılar. Vəziyyətimi biləndə dedilər ki, Belarusiya DTK-sına müraciət edim. Mən də müraciət etdim. Bax belə… İndi isə təqaüddəyəm.

Valodya viski dolu badəsini götürüb ayağa qalxdı:

-Elman, gəl bunu içək Heydər Əliyevin ruhunun sağlığına. Elman, sən xoşbəxt adamsan, onunla yəqin tez-tez danışıbsan, görüşübsən. Sənə qibtə edirəm.

Elman da ayağa qalxdı. Badəsini götürdü. Bu dəfə badələr cingiltisiz içildi. Hər üçümüz dahi şəxsiyyətin ruhu qarşısında vicdan heykəlləri olan başlarımızı bir dəqiqəlik sükutla aşağı əyib, xəyallara daldıq. Heydər Əliyevi sakitcə qəlbimizdə bir daha yad etdik.

Stullara çökdük. Valodya birinci dəfə idi ki, nəzərlərini mənə dikib dedi:

-İsa Əliyeviç, siz dediklərimi yazarsınız?

-Axı mən yazıçı deyiləm – dedim.

-Yox siz yazıçısınız. Bilirəm, siz mənim dediklərimi onsuz da yazacaqsınız.

Keçmiş illərin anıları məni ağuşuna alıb geriyə apardı…

14 ilə yaxındır ki, biz onsuz – əqidə atamızsız yaşayırıq. Lakin onun hələ 1998-ci ildə Vətənim haqqında, onun gələcəyi barədə dediyi sözlərin necə çin olduğunun şahidi oluram.

"Siz bilmirsiniz ki, çox yaxın gələcəkdə vəziyyət necə dəyişəcək? Hər şey yaxşılaşacaq.”  Bəlkə də mən onun dediklərini dəqiq deyə bilmədim. Lakin mənasını sözsüz ki, düz deyirəm. Heydər Əliyev bu sözləri deyərkən nəzərləri tamam dəyişmişdi. Dərin baxışlarındakı sevincin iftixarla birləşərək şölələndirdiyi nur əbədi bir axına çevrilmişdi…

                                            II

Uzun illərdir düşünürəm. SSRİ adlı möhtəşəm bir dövlətin məhvi bəşər övladına nə verdi… Dünyada əks qüvvələr arasında tarazlıq pozuldu. Ona görə də bu gün Şərqdə qan su yerinə axır. 1991-ci ildən üzü bəri insan qanı tökülməkdədir. Bunun sonu görünmür. Tökülən qan izini kəsmək istəyin "Dahi” sanki dünya siyasəti səhnəsinə hələ çıxmaq istəmir. Ancaq cümlə xəyanətlərə bais olan "İblis” öz işini görməkdədir. İblislərin sayı isə get-gedə çoxalır. Sovet məkanında müharibə ocaqları artmaqdadır, Afrikadan tutmuş Hindi-Çin yarımadasınadək müsəlman qanı dayanmadan tökülür. Müsəlmanın müsəlmanı məhv etmə mexanizmi durmadan işləyir. Heç kim də onu durdurmaq istəmir.

…Və məni bir sual da daima düşündürür. 1987-ci ildə Heydər Əliyev təqaüdə göndərilməsəydi, vəzifəsində qalsaydı Qarbaçov Yeltsin cütlüyü xəyanət niyyətlərini həyata keçirə bilərdilərmi?

Heydər Əliyevi tanıdığımdan qəti şəkildə deyə bilərəm – yox!

– Ona görə ki, onun Sovetlər İttifaqının dayaqı və qoruyucu sütunları olan orduda, təhlükəsizlik orqanlarında, eləcə də, bütün millətlər arasında böyük nüfuzu və hörməti vardı;

– Heydər Əliyev Allah tərəfindən mükafatlandırılmış hikmət sahibiydi;

– O, tükənməz iradəyə və sonsuz xalq inamına sahib olan, çətin anda soyuqqanlılığını qoruyub saxlayan, uzaqgörənliyə, cəsarətə malik bir tarixi simaydı;

– Dünya siyasətinin bilicisi idi;

– Fəaliyyət tarixi sübut edir ki, o ən müdhiş konfiliktləri, müdrik tədbirləriylə dinc yolla yatırmağa qadir olan dövlət xadimi idi:

– Dövlət idarəçiliyinin ustadıydı…

Heydər Əliyev Xaliqin əta etdiyi fitri sirli ənamlarla dünyaya gəldiyi kimi, uzun illər ərzində topladığı sirlərlə də dünyanı tərk etdi.

Heydər Əliyev şəxsiyyəti bir həqiqətdir və xalqının ömrü qədər əbədi yaşayacaqdır!!!

P.S. Uzun illər ərzində gizli "xəzinədə” saxlanılan tarixi sirləri bu səfər də əldə etməyimlə özümü çox xoşbəxt hesab etdim.

İsa  Nəcəfov,

Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin hakimi


Xəbər 2713 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR