“Mənə görə utanırsan, bilirəm” - Mövlud Mövlud

“Mənə görə utanırsan, bilirəm” - Mövlud Mövlud

Xəbər verdiyimiz kimi, bu gecə saat 02:00 radələrində tanınmış yazar Mövlud Mövlud özünü 17 mərtəbəli binadan ataraq intihar edib.

Aktual.az  yazarın bir neçə əlyazmasını oxuculara təqdim edir:
Əzab çəkirəm, aşkım!
Gözəl anam, biricik aşkım!
Niyə belə oldu? Kim idi günahkar? Kimlər idi bütün bu baş verənlərin səbəbkarı?
Hardan, necə, kimdən başlayacağımı bilmirəm. 1993-cü ildə Etibar Məmmədovun Elçibəyə oxuduğu "Qətnamə”dənmi?
2000-ci ildə Əbülfəz bəy Türkiyədə can çəkişərkən onun xəstəliyi ilə bağlı ən iyrənc şayiələr yayanlardanmı?
Atamın gözümüzün qabağında sənin başını həyət darvazasına çırpmağındanmı?!
***
Axır ki "zəhmət”im bəhrəsini verdi. Budur, artıq böyrəklərim sözümə baxmır. "UZİ”yə düşdüyüm gün həkim üzünü mənə tutub "qaqam, deyəsən, "vurmaq”la aran yaxşıdı”, - demişdi. Onda sən əllərini dizinə çırpıb "Allah, məni öldür”,- deyəndə utandım. Çox utandım. 23 illik avara və sərgərdan həyatımda sənə bir xoş gün yaşatmamışam. Ömrün boyu bu "ciqan” oğlunun üstündə tənə eşidib, göz yaşı tökmüsən. Müəllimlərim, qonşular, qohumlar, tanış-biliş - hamı məndən sənə şikayət edib.
Yadındamı? Bir dəfə evə dəm gəlmişdim. Mətbəxin qapısında, əlin qoynunda dayanıb mənə baxmağını hələ də unuda bilmirəm. Baxışlarından "nə olacaq balamın axırı?” oxunurdu.
Gərək məni bağışlayasan, mamaşa! Sənə nümunəvi oğul ola bilmədim, bir xoş gün yaşada bilmədim. Təzə-təzə içməyə başlayanda məni qabağına qoyub, "atanızdan çəkdiklərim bəsdir, sən də içsən, yazıq olaram” demişdin. Yalvarmışdın mənə, içməyim deyə.
Uşaqlıq əhvalatlarını unuda bilmirəm; evdəki dava-şavalar, aşırılan stollar, qırılan qab-qaşıq, ağlaşmalar...
Atam evə yenə sərxoş gəlmişdi. Bir bəhanə tapıb səni döydü. Saçlarından sürüyüb həyətə çıxarmağı, atanın goruna söyə-söyə başını həyət qapısına döyməyi indi də gözümün qabağına gələndə tıncıxıram.
O gündən kəkələməyə başladım, indi də o səhnə gözümün önünə gələndə bütün bədənim əsir. Mən o günü heç vaxt unutmayacam, mamaşa!
Qohumlarımız mənim pis oğul olduğumu deyirlər. Mənə görə utanırsan, bilirəm. Hər dəfə qohum əqrəbaların evindən gələndə bir yığın "ultimatum”la gəlirsən: "Mövluda de araqdan yazmasın”, "Mövluda de, müxalifətçilərlə oturub-durmasın”, "Mövluda de içməsin”…
Nadan yığınına fikir vermə, gözəl qadın! Sənin oğlun dərdli adamdı. Hələ də bu üzüboz şəhər onun həssaslığından bir qırıq qopara bilməyib. Hələ də ayağı qırılmış at üçün səhərə qədər ağlaya bilərəm.
Sən canın dəymə, qoy bu gün içim, qurban olum sənə, gözəl anam.
***
Əvvəllər yazılarımı kəsib saxlayırdın. Amma indi əksinə, onları it-bata salırsan ki, atamın əlinə keçməsin. Deyirsən, tərbiyəsiz yazıram - "Araq belə gəldi, nəşə belə getdi.” Yaxşı, bir də yazmaram. Sənə qurban olaq - mən də, yazılarım da...
Qoy bunu da içim, daha içməyəcəm.
Məndən narahatsan, bilirəm. Mənə görə çox qorxursan. Üstümdə əsirsən. Qorxma, mamaşa, qorxma, Allah sənə görə dəyməz mənə.
Saçın tökülür, ağarır, üzün qırışır, gözlərindən kədər yağır. Hər dəfə sənin gözlərinə baxanda elə bilirəm ayaqlarımı, əlimi bədənimdən kəlbətinlə dartıb çıxarırlar. Əzab çəkirəm, aşkım, əzab çəkirəm! Dəymə, sən canın, qoy bu gün bir az içim.
Atamla sevib evlənmisiniz. Bilirəm, bu yaşınızda da bir-birinizi Leyli-Мəcnun kimi sevirsiniz. Səni həm sevən, həm də əzab verən atamın üstündə bütün qohum-əqraba səni danlasa da içən, dalaşqan bir kişiyə getdiyinə görə suçlasa da, sən yenə öz sevgilinin namını heç kimə vermədin.
***
Öhö...öhö...öhö... Yaxşı, boynuma alım, siqaret çəkirəm. Amma atacam, а tova atacam, narahat olma, ömrüm-günüm, gəl öpüm, gəl, qurban olum, mənim biricik aşkım.
Yaxşı, sil gözünün yaşını, get, yat. Mən də indi gedirəm yatmağa...
***
Hamının günahı var, hamının! Qətnaməni "Fatihə” kimi oxuyanlardan tutmuş, "Fatihə”ni Qətnamə kimi oxuyanlara... Hamının günahı var! (qafqazinfo)
 
Aktual.az
Xəbər 331 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR