Məmmədyarov Lavrovun Qarabağla bağlı bəyanatına cavab verdi

Məmmədyarov Lavrovun Qarabağla bağlı bəyanatına cavab verdi

Aprel döyüşləri və ötən il dekabrın 29-da Ermənistan-Azərbaycan sərhədində baş vermiş insident bir daha göstərdi ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regionda gərginliyin əsas mənbəyidir. ATƏT-in Minsk Qrupunun həmsədrləri dövlət başçıları səviyyəsində status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu dəfələrlə bəyan ediblər. Ötən il aprelin 5-də Moskvada Ermənistan və Azərbaycan Silahlı qüvvələrinin Baş Qərargah rəisləri səviyyəsində atəşkəsin əldə olunması üçün Rusiyanın göstərdiyi səyləri yüksək qiymətləndiririk.

Amma aprel döyüşləri bir daha göstərdi ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr dövləti, həm də qonşu dövlət olaraq münaqişənin tezliklə həll edilməsi üçün səylərini daha da artırmalıdır. Tam şəkildə əminəm ki, əgər Rusiya bütün ciddiliyi ilə məşğul olarsa, status-kvo dəyişəcək, regionda sabitlik təmin ediləcək və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunacaq.

Aktual.az-ın məlumatına əsasən, bu barədə APA-ya müsahibəsində Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov bildirib.

Qeyd edək ki, bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın daxili işi olmadığını bildirib. Lavrovun bu bəyanatını şərh edərək E.Məmmədyarov bidirib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bütün beynəlxalq ictimaiyyət tanıyır və dəstəkləyir. 

"O ki qaldı sülh prosesinə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üçün beynəlxalq platformadır. Münaqişənin həlli ilə əlaqədar beynəlxalq təşkilatların beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan çoxsaylı qərar və qətnamələri var.

Münaqişənin həlli ilə əlaqədar ən vacib sənədlər BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı qətnamələridir. Bu qətnamələrdə BMT Təhlükəsizlik Şurası Azərbaycana qarşı gücdən istifadə edilməsini və onun torpaqlarının işğal edilməsini pisləyib. Bu qətnamələrdə BMT TŞ Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətini bir daha ifadə edib və Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edib və işğal olunmuş ərazilərdən bütün işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Bu çağırış deyil, BMT TŞ-nın tələbidir”, - deyə Azərbaycanın XİN rəhbəri bildirib.
 
Aktual.az
Xəbər 619 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR