"Məgər Fədayə Laçın ağır xəstəliyə tutulub müalicəyə ehtiyacı var...?"


Günlərdir ki, mediamızın gündəmini "Qoca” ləqəbli avtoritetin "macəraları”, müğənni Fədayə Laçının onunla münasibətləri, həbs olunması zəbt edib. Fədayə Laçın həbs olunduqdan sonra Azərbaycan oxucusunu da özü ilə "həbs etdirdi”. Hansı saytı, hansı televiziya kanalını açırsan, bu mövzudan bəhs olunduğunu görürsən. Təəssüf ki, bu mövzu Bakı-Tbilisi-Qars dəmir yolu kimi möhtəşəm bir layihənin açılışını, Türkiyə Prezidentinin Azərbaycana tarixi səfərini (Zamanla biz həmin səfərdə müzakirə edilən məsələlərin ölkəmiz üçün nə qədər əhəmiyyətli olduğunu biləcəyik), Tehranda keçirilən Azərbaycan-İran-Rusiya dövlət başçılarının Zirvə görüşünü kölgədə qoydu.  
Saytlarda bəhs etdiyim hər üç vacib məsələdən hazırlanan yazıların oxunma sayı Fədayə Laçına çata bilmədi. Azərbaycanın tanınmış jurnalisti Mirşahin Ağayevin yazdığı tənqidi qeydlərlə biz də razıyıq: "Fədayə Laçın, Allah yolunuzu açsın, rica edirəm, azadlığa çıxandan sonra bir görüşü də mütləq Bakı-Tbilisi-Qars qatarına salın, onda hadisə daha maraqlı olar yəqin”.
Bəs mövzu qapandımı? Yox əşi, hələ yeni başlamışıq, hara qurtarır. Bu mövzu gələn il Novruza qədər davam edəcək.  Əgər bu arada bir Fədayə Laçın ortaya çıxmasa. İndi də Fədayə Laçının müdafiəsinə qalxmışıq. Hər gün bir Xalq artisti, Əməkdar artist Fədayə Laçın haqqında fikirlər səsləndirir. Özü də elə belə yox ha, ölkəmizin Birinci vitse-prezidentinə müraciət etməklə. Məntiqli düşünə bilmirsinizsə, heç olmasa danışmayın, sosial şəbəkələrdə ağlınızın kəsdiyini yazmayın. Təəssüf ki, biz jurnalistlər də onların sosial şəbəkələrdə yazdıqlarını ictimailəşdiririk. Nə edək, oxucu belə istəyir. Bu barədə biz az sonra.
Mən anlamağa çalışıram ki, ölkəmizin tanınmış simaları Birinci xanıma niyə müraciət edirlər? Fədayə Laçın ağır xəstəliyə tutulub müalicəyə ehtiyacı var? Yoxsa onun üzərinə şər atıb həbs ediblər? O bir cinayətkarın həbsdən qaçmasına kömək edib. Buna görə də Azərbaycan qanunlarına uyğun olaraq, tədbir görülüb, cəzası nədirsə, onu çəkməlidir.
  
Maraqlıdır ki, indi Fədayə üçün əl-ayağa düşən bəzi sənətçilər doğrudan da köməyə ehtiyacı olan sənət adamları ilə bağlı heç kimə müraciət etməmişdilər. Mən xatırlamıram. Böyük sənətkarımız Könül Xasıyevanın səhhəti ilə bağlı Mehriban xanıma hansı sənət adamı müraciət etmişdi? Mediamızda Könül Xasıyevanın problemləri Fədayə Laçın kimi qabardılmadı. Ona görə ki, oxucu belə istədi. Və elə bu məqamda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya xalq musiqimizin gözəl ifaçısı, əsl sənətkar Könül Xasıyevaya göstərdiyi böyük qayğıya görə bir vətəndaş kimi minnətdarlığımı bildirirəm.
  
Yaxud başqa bir misal. "Lalə qızlar” ansamblının keçmiş üzvü, istedadlı müğənni Elmira Əliyeva acınacaqlı vəziyyətdə idi. Onunla bağlı "ATV”-də efirə gedən "Həyat” verilişinə sona qədər baxa bilmədim. Bu sənətkara da Heydər Əliyev Fondu sahib çıxdı. Onun sosial vəziyyətinin yaxşılaşdırılması, sağlamlığına qovuşması üçün tədbirlər görüldü. Elmira Əliyeva kimi sənətkarımız da indiki "ulduzların” yadına düşməmişdi. Onunla bağlı veriliş efirə gedəndən sonra da bu mövzuda heç bir Xalq artisti, Əməkdar artist danışmadı.
  
Əminəm ki, Fədayə Laçının yersiz müdafiəsinə qalxanların, bununla bağlı hətta birinci xanıma müraciət edənlərin Xalq artisti, böyük sənətkarımız Elmira Rəhimovanın da problemlərindən xəbəri yoxdur. Axtarış saytları vasitəsilə axtardıq, bir çox saytlara baxdıq. Ancaq unudulmaz sənətkarımızın "Həyat” verilişindəki müraciətinə rast gəlmədik. Belə misalların sayını daha da artıra bilərik. Təəssüf ki, biz belə bir cəmiyyətdə yaşayırıq.
   
İndi keçək digər məsələyə. Bəs media orqanları belə lazımsız xəbərləri niyə ictimailəşdirir? Çoxları deyir ki, günah mediadadır. Bəli bu işdə bizim də qəbahətimiz var. Ancaq media orqanlarını bu yola sürükləyən oxuculardır. Bir neçə fakt demək və müqayisələr aparmaq istəyirik. Azərbaycanın taleyüklü məsələləri ilə, milli dəyərlərimizlə, mənəviyyatımızla, tariximizlə, xalq yaradıcılığımızla bağlı hazırlanan yazıların ən populyar saytlarda belə, 2-3 min oxucusu olmur. Bu da oxuyanlar deyil ha, çoxu sadəcə xəbəri açıb baxanlardır. Ancaq Fədayə Laçından bəhs edən və buna bənzər yazıların ən azı 8-10 min oxucusu olub. Media orqanları görsə ki, bu tipli xəbərləri oxuyan yoxdur, o zaman belə yazılardan imtina edəcək. Açıq deyək ki, ciddi xəbərlər yayan, tariximizi, milli dəyərlərimizi təbliğ edən saytları oxumurlar, cəmiyyət onları tez sıradan çıxarır. Oxunmayan sayta isə heç kim reklam vermir. Saytların isə yeganə gəlir yeri onların redaksiya xərclərinin  heç yarısını belə ödəməyən reklam gəlirləridir. O zaman elektron media nə etməlidir? Məcbur oxucunun istədiyi xəbərlər yaymalıdır ki, reklam ala bilsin.
Bircə müqayisə aparaq. Azərbaycanın ən çox oxunan saytlarından biri olan Moderator.az-da dünən axşam yerləşdirilən, Ankaradakı səfirliyimizin də münasibət bildirdiyi, Türkiyənin "Rekor Turizm” Şirkətinin  açıqlama verməsinə səbəb olan  vacib bir mövzu haqqındakı yazını cəmi 3 minə yaxın adam  oxuyub. Ancaq bu gün səhər yerləşdirilən Fədayə Laçınla bağlı Xalq artisti Briliant Dadaşovanın müraciətini artıq oxuyanların sayı 8 mini ötüb. 
Dünən axşam yerləşdirilən Cəfər Cabbarlı ilə bağlı maraqlı bir yazının oxunma sayı isə heç hələ 3 minə çatmayıb. Briliant Dadaşovanın müraciəti politoloq Cümşüd Nuriyevin Dağlıq Qarabağla bağlı verdiyi açıqlamanı da  ötüb keçib. Bu həftə Moderator.az-da ən çox oxunan 10 yazıdan 5-i Fədayə Laçın haqqında verilən xəbərlərdir. Ən çox oxunan isə bu yazıdır: "Lotu Quli ona uduzan kişinin arvadını qeyri-qanuni yolla içəri keçirib dəfələrlə zorlayıb...” Görürsünüzmü cəmiyyətimiz nə gündədir. Bunları yazırıq, sonra da fikirləşirik ki, biz bu sözləri kimə deyirik? Axı o xəbərləri oxuyanlar da bizim bu yazımızı oxuyanlardır (O da oxusalar). Bəli, Azərbaycan oxucusu şou xarakterli yazıları, müğənnilərin saçyoldusunu, kriminal dünyası ilə bağlı xəbərləri daha çox oxuyur. Azərbaycanın taleyüklü problemləri, ölkəmizin böyük uğurları ilə bağlı, sanballı elm adamları, mədəniyyət xadimləri haqqında yazılar 2-3 gün manşetdə saxlanılsa da onların oxunma sayı şou nümayəndələrindən bəhs edən xəbərlərin oxunma sayının heç yarısına da çata bilmir. Nə qədər acı olsa da deməliyik ki, bu gün cəmiyyətimizə, gələcəyimiz olan uşaqlara, yeniyetmələrə, gənclərə nümunə qismində ömrünü millətin balalarının savadlanmasına həsr edən müəllimləri, insanların sağlamlığı keşiyində duran həkimləri, Azərbaycanın tarixini, mədəniyyətini araşdıran, müsir texnologiyanın inkişafına öz töhfəsini verən elm adamlarını təqdim etmirik. Son vaxtlar hansısa informasiya orqanında nümunəvi ailələrimizdən hazırlanan reportaja rast gəlməmişik. Belə ailələri nümunə kimi göstərməliyik ki, ailə dəyərlərimizi təbliğ edək. Onda bəlkə də boşanmğa qərar verən bir  ailənin dağılmasının qarşısını ala bilərik.  Belə misalların sayını artırıb oxucuları yormaq istəmirik. 
Reallıq budur ki, Azərbaycan cəmiyyəti uçurumun kənarındadır. İnsanların bu tipli xəbərlərə meyl göstərməsinin səbəbləri araşdırılmalıdır. Yoxsa belə xəbərləri eşidərək böyüyən uşaqlar gələcəkdə kriminal avtoritetlər, belə adamlarla oturub-duran müğənnilər kimi olmaq istəyəcəklər. Uşaq nə etsin, görür ki, cəmiyyətdə belə adamlar daha çox tanınır, nəinki elm adamları, böyük mədəniyyət xadimləri və.s.
Görkəmli mütəfəkkir Əbu Turxan yazırdı: "İnsan gələcəyə öz keçmişinin çiyinlərində gedir”. Biz bu gün gələcəyimiz üçün heç də yaxşı bir keçmiş yaratmırıq. Odur ki, gələcəyimizin qaranlıq olmaq ehtimalı var. Gəlin bu barədə hamılıqla düşünək...

Tural Səfərov
Xəbər 6464 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR