Mayk Taysonun yolunu gedən azərbaycanlı: Onu siz də tanıyın!

Mayk Taysonun yolunu gedən azərbaycanlı: Onu siz də tanıyın!

Ramal Amanov: "Əgər ruhdan düşürsənsə, qəti əmin ol, səndən idmançı olmayacaq”

 

DOSYE: Ramal Rəsul oğlu Amanov 1984-cü ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. 10 yaşından idmanla məşğuldur. Dəfələrlə beynəlxalq miqyaslı yarışlarda qalib olub. Boks üzrə dünya çempionudur. Peşəkar boskla məşğuldur. WBA international champion, WBA fedelatin champion kəmərinin sahibidir. Əməkdar idman ustası, prezident mükafatçısıdır.

 

 

- Ramal, bir zamanlar səsin daha yüksəklərdən gəlirdi. Ölkənin ən perspektivli idmançılarından sayılırdın. Nə oldu, nə baş verdi ki, gündəmdən çəkildin?

 

- İnsan yeni işə başlayanda daha həvəsli olur, daha çox diqqət çəkməyə çalışır. Lakin müəyyən müddət keçəndən sonra peşəkarlıq nə tələb edirsə, onu etməyə məcbursan. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, hazırda peşəkar boksla məşğulam. Təbii, oxucularda haqlı sual yarana bilər? Ramal Amanov indiyə qədər qeyri-peşəkar boksla məşğul idi? Əlbəttə ki, yox. Sadəcə düşünürəm ki, özümü, həyatımı idmana, boksa sərf etmişəmsə, bu sahədə daha çox uğurlar əldə etməliyəm. Uğurlarım nə qədər çox olacaqsa, ictimaiyyət məni daha çox tanıyacaq. Yəni istəməsəm belə gündəmdə olacam. Mənim üçün əsas olanı gündəm yox, öz sahəmdə daha ciddi nailiyyətlər qazanmaq, Azərbaycan bayrağını daha ciddi yarışlarda dalğalandırmaqdır. Bütün səyim məhz buna yönəlib. Məlumat üçün deyim ki, peşəkar boksun ənənəvi boksdan fərqi 12 raund ərzində döyüş keçirməkdir. Heç şübhəsiz bu idmançıdan daha çox səy və zəhmət tələb edir. Çox az idmançı var ki, peşəkar boksçu olaraq "yola davam" deyir. Ənənəvi boksda müəyyən nailiyyətlər əldə etdikdən sonra onlar özünü digər sahələrdə sınamağa üstünlük verirlər. Mən isə dünyaya boksçu olaraq gəlmişəm və bu sahədən tramplin kimi istifadə etmək niyyətində deyiləm. Oxuculara agah olsun deyə bildirim ki, Məhəmməd Əli, Mayk Tayson və digər tanınmış boksçular məhz peşəkar boks yarışlarında böyük nəticələr əldə ediblər.

 

 

- Onda gəl əvvəldən başlayaq, idmana gəlişin necə oldu? Bəlkə başqa sahədə daha çox uğur qazana bilərdin? İdmana gələndə heç ağlına gələrdimi ki, dünya çempionu olacaqsan?

 

- Uşaqlıq illərim dava-dalaşla keçib (gülür). Elə gün olurdu ki, bir neçə dəfə dava edirdim. Əlbəttə, bu kimisə aşağılamaq niyyətindən irəli gəlmirdi. Sadəcə döyüşə həvəsli idim və dostlarım mənim üçün "boks kisəsi” idi. Valideynlərim görəndə ki, artıq bu "hobbi" arzuolunmaz nəticələrə gətirib çıxarır, ciddi düşünməyə başladılar. Atam qərara gəldi ki, məni idmana yazıdrsın. 10 yaşımdan boksla məşğul olmağa başladım. İki ay keçmədi ki, məktəblilər arasında Gəncə birincliyində gümüş medal qazandım. 14 yaşında isə yeniyetmələr arasında Azərbaycan birincisi oldum. Ümumilikdə 12 dəfə müxtəlif yaş qrupları üzrə Azərbaycan çempionu oldum. Beynəlxalq arenaya ilk çıxışım isə 2004-cü ildə oldu. Həmin il tələbələr arasında dünya çempionu oldum. Bir il sonra isə böyüklər arasında dünya çempionatında ikinci, dünya kubokunda isə üçüncü yeri qazandım. Dəfələrlə Azərbaycan bayrağını zirvələrə qaldıraraq, onlarla beynəlxalq turnirin qalibi olmuşam. Azərbaycan Respublikasının əməkdar idman ustası, Prezident mükafatçısıyam.

 

 

- Son dövrlər yeniyetmələr arasında idmana maraq artıb. Onların arasında peşəkar idmanla məşğul olmağa iddialı olanların sayı da az deyil. Bir peşəkar idmançı olaraq səncə, idmançıda hansı məxsusi keyfiyyətlər olmalıdır?

 

 

- Burada haşiyəyə çıxaraq demək istəyirəm ki, bizim idmana gəlişimiz Azərbaycanda olimpiya hərəkatının vüsət aldığı dövrlərə təsadüf etdi. Ulu Öndər Heydər Əliyevin xeyir-duasıyla Cənab Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərliyi ölkə idmançılarının qarşısında böyük imkanlar açdı. İdmana dövlət dəstəyi biz yeniyetmə idmançıları ruhlandırır, döyüşdən döyüşə qələbəyə sövq edirdi. Hazırda isə Azərbaycan idmanı nəinki inkişaf edib, dünyanın aparıcı idman ölkələrindən biriyik. Müasir Azərbaycan gəncinin, yeniyetməsinin imkanı var ki, özünü idmançı kimi daha çox tanıtdıra bilsin. Daha böyük zirvələri fəth eləsin. O ki qaldı "İdmançı olmaq üçün hansı məxsusi keyfiyyətlər olmalıdır” sualına, bu sualın cavabı çoxşaxəlidir. Ən vacib məqam iradəli olmaqdır. Əgər ruhdan düşürsənsə, qəti əmin ol, səndən idmançı olmayacaq.

 

 

- İdmançılar arasında bizneslə məşğul olanlar az deyil. Hazırda nə işlə məşğul olursan? Sənin hər hansı biznesin varmı?

 

- Hər hansı biznesim yoxdur. İndiyə qədər ümumiyyətlə sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışam. Doğrusu, buna həvəsim də yoxdur. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı son illərdə ciddi inkişaf yolu keçib. Regionun lider dövləti olaraq bizim rolumuz və iştirakımız olmadan bölgədə hər hansı layihənin uğur qazanması mümkün deyil. Bu amil heç şübhəsiz sahibkarların qarşısında geniş imkanlar açır. Lakin mən sahibkar deyiləm və nə zamansa iş adamı olmaq fikrim yoxdur. Hesab edirəm ki, hər kəs öz bildiyi işlə məşğul olsa daha yaxşıdır.

 

 

- Bayaq qeyd etdiniz ki, artıq peşəkar boksla məşğulsunuz. Bildiyimizə görə, beynəlxalq səviyyəli doqquz döyüşün hamısında qalib olmusunuz. Dünyanın ən güclü 15 peşəkar boksçusu sırasında yer alırsız...

 

- Bəli, peşəkar boksa qədəm qoyandan beynəlxalq səviyyəli doqquz döyüş keçirmişəm və hamısında qələbə qazanmışam. Məğlub etdiyim döyüşçülər arasında erməni idmançı – Sevak Bagdasaryan var. Halbuki o Ermənistanın ən güclü boksçusu sayılır. 63 kq çəki dərəcəsində 1700 boksçu arasında dünya 13-cüsüyəm.

 

 

Müsahibəni aldı:

 

Azər Niftiyev

//Aktual.az

 



Xəbər 42153 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR