Layihələrimiz Azərbaycanı alternativ enerji mənbələrindən birinə çevirəcək -SOCAR

Layihələrimiz Azərbaycanı alternativ enerji mənbələrindən birinə çevirəcək  -SOCAR

Qlobal böhranlar kiçik təsərrüfatlardan böyük transmilli şirkətlərə qədər bütün istehsal sahəsi üçün bir sınaqdır. Məhz iqtisadi böhranlar zamanı iqtisadi cəhətdən əsaslı şəkildə işlənən, yüksək rentabelliyi ilə fərqlənən şirkətlər öz dayanıqlığını təmin edə bilir.


Dünya bazarında neftin qiymətinin dəfələrlə aşağı düşməsi də neft-qaz şirkətlərini ciddi sınaq qarşısında qoyub. Belə ki, neftin qiymətinin aşağı düşməsi nəticəsində dünyada 46 neft şirkəti ümumi dəyəri 200 mlrd. dollara bərabər olan neft və qaz meqalayihələrini təxirə salıb. Neft sənayesində xərclərin azaldılması problemi artıq böyük miqyas alıb. Neftin bir barelinin qiymətinin 50 dollardan aşağı olması şəraitində gələcəkdə icrası nəzərdə tutulmuş və ümumi dəyəri təxminən 1,5 trln. dollar olan layihələr artıq rentabelliyini itirib. Eyni zamanda, təxirə salınmış bu cür layihələrin həyata keçirilməsi ehtimalı da çox aşağıdır. Bu səbəbdən neft şirkətləri yeni layihələr üzrə xərclərini 20-30% azaltmağa çalışır. Məsələn, 20 mlrd. barel həcmində neft ehtiyatının (bu, Meksikanın bütün ehtiyatlarından daha çoxdur) yaradılması üzrə gələcəyə hesablanmış əməliyyatlar təxirə salınıb.
Aktual.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) "Report"un iqtisadi böhranın Şirkətə mümkün təsiri ilə bağlı sorğusuna cavab olaraq bildirilib ki, ümumilikdə baş verən proseslər Azərbaycanın da neft-qaz sahəsində həyata keçirdiyi layihələrə bir daha nəzər salmağı vacib edib. Belə ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar SOCAR ötən il xərclərin optimallaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirib, sərmayə qoyuluşunda daha tez səmərə verən yüksək rentabelli layihələrə üstünlük verib. Ötən il dekabrın 31-də SOCAR prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə keçirilmiş yığıncaqda da vurğulanıb ki, SOCAR-ın iştirakı ilə həyata keçirilən regional və qlobal əhəmiyyətli iri layihələrin maliyyələşdirilməsində heç bir problem yoxdur və olmayacaq.
Bu, ilk növbədə SOCAR-ın maliyyələşdirdiyi bütün beynəlxalq layihələrin yüksək gəlirli olması ilə bağlıdır: "Yaxın illərdə ölkəmizə milyonlarla dollar həcmində qazanc gətirəcək bu layihələr Azərbaycanı alternativ enerji mənbələrindən birinə çevirəcək. Dünyanın bir çox neft və qaz şirkətlərinin anti-böhran tədbirləri çərçivəsində meqalayihələrini təxirə salması fonunda Azərbaycanın iri layihələrdən imtina etməməsi göstərir ki, Azərbaycanın neft-qaz sənayesində həyata keçirdiyi meqalayihələr iqtisadi cəhətdən əsaslı şəkildə işləndiyi üçün yüksək rentabelliyi ilə fərqlənir və neftin qiymətlərinin aşağı həddində də uğurla icra olunur".

Xəbər 588 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR