Kiprdə 28 May Respublika Gününə həsr olunmuş təntənəli tədbir keçirilib


May ayının 28-də Şimali Kipr Türk Cümhuriyyətində 28 May Respublika Gününə həsr olunmuş mərasim təşkil olunub. Azərbaycan-Kipr Gənclər Təşkilatı və İslahatçı Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan mərasimdə Şimali Kipr rəsmiləri, millət vəkilləri və mətbuat nümayəndələri, Doğu Akdeniz Universitetinin rəhbərliyi, habelə Kiprdə təhsil alan azərbaycanlı və əcnəbi tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Azərbaycan-Kipr Gənclər Təşkilatının sədri Toğrul Abbasov qonaqları salamlayıb və Respublika Gününün tarixi barədə qısa məlumat verib. Daha sonra Kiprdə təhsil alan azərbaycanlı tələbələrin fəaliyyəti barədə danışan T.Abbasov Kiprdə Azərbaycanın tanıdılması istiqamətində gördükləri işlərdən söz açıb. Şimali Kiprin ən böyük təşkilatı olan Rauf Raif Denktaş və Düşüncələrini Yaşatma Dərnəyinin Başkanı Latif Akça öz çıxışında Azərbaycan-Kipr münasibətlərinə toxunub və Dağlıq Qarabağ münaqişəsinin Kipr üçün də xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Daha sonra çıxış edən İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı Azərbaycan və Kipr gənclərinin bundan sonra da birgə fəaliyyətinin zəruriliyini vurğulayıb və bu istiqamətdə bütün imkanların səfərbər olunmasının vacibliyini vurğulayıb. Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov 1918-ci ildə elan edilən Azərbaycan Demokratik Respublikasının tarixi barədə məlumat verib və Türkiyənin tarix boyu Azərbaycana dəstək olduğunu diqqətə çatdırıb. Kiprlə ilk tanışlığı barədə xatirələrini bölüşən Əhməd Şahidov hələ 1999-cu ildə rəhmətlik Rauf Raif Denktaşla görüşündən söz açıb və məhz bundan sonra Kiprə sevgisinin yarandığını deyib. Azərbaycan, Türkiyə və Şimali Kiprin bütün beynəlxalq platformalarda eyni mövqedən çıxış etməsinin zəruriliyini vurğulayan hüquq müdafiəçisi xüsusən də gəncləri bu sahədə daha fəal olmağa çağırıb. Daha sonra çıxış edən Şimali Kiprin millət vəkili Zorlu Töre, Doğu Akdeniz Universitetinin prorektoru Prof. Dr. Cem Tanova, SOCAR nümayəndəsi Ramin Quliyev və digər natiqlər Azərbaycan-Kipr münasibətləri və bu münasibətlərin inkişaf etdirilməsində gənclərin rolu barədə danışıblar. Tədbirin sürpriz qonağı isə özəl olaraq, Bakıdan təşrif buyuran Azərbaycan Respublikasının Əməkdar Artisti, Sənət Akademiyasının rəhbəri, tanınmış sənətçi Aybəniz Haşımova geniş konsert proqramı ilə çıxış edib və Azərbaycanı tərənnüm edən vətənpərvər mahnılarını təqdim edib. Konsertdə ‘Bülbüllər’ qrupunun sevilən üzvü Tərlan Eyvazov da öz gözəl ifaları ilə çıxış edib.
Xəbər 988 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR