Köhnə paradiqmalar və Bakının yeni vizionu

Köhnə paradiqmalar və Bakının yeni vizionu

Bir aydan bir qədər artıq vaxt keçib. Ötən ayın 11-də səsvermə məntəqələrinə gedərək vətəndaşlarımızın mütləq əksəriyyəti Prezident İlham Əliyevə yenidən etimad göstərməsindən keçən müddət ərzində sağımızda-solumuzda cərəyan edən son dərəcə ciddi hadisələr ölkəmizdə seçkilərin payıza saxlanılmamasının əhəmiyyətini bir daha üzə çıxardı.


İstər Rusiya, İran, Türkiyə kimi qonşu dövlətlərin daxilində və başı üzərində gerçəkləşən ssenarilər, istərsə də torpaqlarımızın bir qismini işğal altında saxlayan Ermənistanda Serj Sərkisyan rejiminin iflasa uğraması fonunda Azərbaycanın öz daxili sabitliyini qoruyaraq, mərkəzi hakimiyyətin güclü bir şəkildə regionda gedən proseslərdə iqtisadi və hərbi baxımdan əsas lokal söz sahibi kimi çıxış etməsinin ciddi naliyyətlərə çevriləcəyinə artıq kimsə şübhə etmir. Bütün nailiyyətlərin təməlində isə üç başlıca amil dayanır:

1) Motivasiya

2) İradə

3) Zamanı dəyərləndirmə.

Bu məqamda bir haşiyə çıxmaq, məşhur üzgüçü, dünya rekordlarını dəfələrlə təzələmiş Florens Çedvikin əhvalatını xatırlatmaq yerinə düşər. La Manş kanalını həm İngiltərədən Fransaya, həm də Fransadan İngiltərəyə üzmüş Çedvikin ən böyük xəyalı Katalina adasından Kaliforniyaya qol atmaq idi. Onu televiziyadan izləyən milyonlarca insanın gözləri önündə, yaxınlıqdakı qayıqdan anasının və məşqçisinin bütün təkidlərinə rəğmən Kaliforniya sahillərinə lap az qalmış sudan çıxarılmasını istədi. 16 saat üzmüş, nə suyun soyuqluğu, nə də yan-yörəsindəki köpək balıqları onu məqsədindən döndərmişdi. Fəqət arzuladığı sahilə çox az qalmış suyu süzülə-süzülə qayığa mindirilmişdi. Bir neçə gün sonra verdiyi müsahibədə bu qərarının səbəbini belə açıqlamışdı: "Qurunu görə bilmirdim. Əgər görə bilsəydim, mütləq üzərdim”!

Bir neçə ay sonra o, yenidən okeana daldı və gözlərinin önünə sahildəki torpaqları gətirərək bütün rekordları təzələdi.

Bəli, Prezident İlham Əliyevin Azərbaycan üçün xərclədiyi böyük enerjinin, çəkdiyi misilsiz zəhmətin motivi bəllidir. Bu, birmənalı olaraq Azərbaycan sevgisi, qüdrətli Azərbaycan sevdasıdır. Cənab prezidentin nə qədər mətin və sarsılmaz bir iradə sahibi olmasını vurğulamağa da xüsusi ehtiyac yoxdur. Söhbətin məğzinə dönsək, Azərbaycanda seçkilərin erkən keçirilməsini indi - səsvermədən cəmi bir aydan azacıq çox vaxt keçmiş bir ərəfədə - dövlət başçımızın tam məqamında qərar vermək məharəti kimi qarşılamaq lazımdır.

Yuxarıda diqqət çəkdiyimiz kimi, ətrafımızdakı ölkələrdə baş verən hadisələr fonunda isə cənab İlham Əliyevin prezidentliyinin yeni dönəmində xalqımıza verəcəyi maksimum töhfələri onun, obrazlı desək, məhz "qurunu görmək” bacarığının bariz ifadəsi sayılmalıdır. Bu bacarıq hədəflərin aydın və dəqiq şəkildə müəyyən edilməsi kimi keyfiyyətlərlə zənginləşdiyindən Azərbaycan istər bölgəmizdə, istərsə də bölgəmizin də daxil olduğu geopolitik məkanda proseslərin inkişaf məcrasından asılı olmayaraq dövlət və cəmiyyət olaraq rahatdır, üstəlik, istənilən situasiyada öz haqlı mövqeyini diqtə etmək potensialına sahibdir.

Əslində, geniş rakursdan baxdıqda məsələnin mahiyyəti aydın görsənir: SSRİ-nin dağılması və post-sovet məkanında yeni cümhuriyyətlərin yaranması prosesi artıq geridə qalıb. Keçmiş müttəfiq respublikalardan Azərbaycanın timsalında müstəqil yaşaya bilmək, bir dövlət kimi öz xarakterini nümayiş etdirmək imkanı olanlar da artıq bəllidir, Ukrayna və Gürcüstanın nümunəsində geopolitik eksperimentlər poliqonuna çevrilənlər, Ermənistan kimi heç zaman öz ayaqları üstündə daya bilməyəcək zamana marginal təzyiq icmaları da. Lakin iş həm də ondadır ki, prosesləri miqyası daha genişdir, bir yanda ikili standartlar, qloballaşma çağırışları dalana dirədiyi halda, digər tərəfdə də süni, ötən əsr boyunca siyasi dizaynerlərin əl işi kimi ortaya çıxmış dövlətlər zamanın sürətli tempinə çata bilmir. Mənzərəni öz adı ilə ifadə etmək lazımdırsa, bu, birmənalı olaraq böhrandır. Bir-bir göstərməyə və incələməyə gərək yoxdur, ətrafımızdakı ölkələrə, həmin ölkələrin müqəddəratına təsir etmək gücünə malik superdövlətlərə baxın, hər biri böhran içindədir. Beynəlxalq münasibətlərdəki bu böhranı Azərbaycan dövləti və xalqı da öz üzərində onillərdir ki hiss edir - Qarabağ münaqişəsinin hələ də öz həllini tapmaması həm cəmiyyətimiz, həm də bütövlükdə çağdaş dünyanın sülh platforması üçün ciddi problemlər yaradır. Viziya - o zaman ortaya çıxır ki, mövcud paradiqmalar üzləşilən problemləri həll edə, gerçəkliyi açıqlaya və dəyişə bilmir. Əgər mövcud beynəlxalq sistem və mexanizmlər mövcud problemləri çözə bilmirsə, o zaman yeni viziyanın ortaya çıxması qaçılmazdır. İlham Əliyev Azərbaycanın iştirakçısı olduğu beynəlxalq münasibətlərdə məhz yeni viziyanın yaradıcısı, Cənubi Qafqazda yeni əməkdaşlıq və rəqabət/mübarizə şəraitinin əsas fiquru, bu konteksdə sadəcə Azərbaycanın deyil, bütövlükdə regionun siyasi mədəniyyətini yenidən tərtib edən liderdir.

Son prezident seçkilərindən sonra dövlət başçımız İlham Əliyevin verdiyi qərarlara, qatıldığı tədbirlərə, ölkə və dünya ictimaiyyətinə mesajlarına nəzərə salsaq görərik ki, Azərbaycan lideri xalqımızın, respublikamızın və bölgəmizin inkişafına mane olan bütün maneələri ustalıqla dəqiqləşdirirərək aradan qaldırmaq əzmi nümayiş etdirir. İstər sadə vətəndaşın gündəlik həyatında, istərsə də respublikamızın strateji inkişafının qarşısında dayanan və kökü Azərbaycanın, bütövlükdə Şərq xalqlarının tarixi inkişaf mərhələlərini Qərb dövlətləri ilə eyni zamanda yaşamamasına dayanan əngəllərin çözümü bir günün işi olmasa da, növbəti mərhələyə daha sürətlə adlamaq mümkündür. Azərbaycan prezidentinin yürütdüyü siyasətin qayəsini də məhz bu yanaşma, məhz bu məqsəd təşkil edir. Bu cür yüksək keçid cəmiyyətimizin sadəcə fəal kəsimlərinin deyil, ümumən hər bir vətəndaşın üzərinə bir mənəvi-siyasi məsuliyyət qoyur. Heç kim yaxasını qırağa çəkməli deyil, necə deyərlər, əlinin daşın altına hər kəs qoymalıdır. Qısacası, vətənə və cəmiyyətə yanaşmalarımızda bəzi dəyişikliklər etməli, hər birimiz dünənimizə, bu günümüzə və gələcəyə baxışlarımızı tam sahiblik hissi əsasında yeniləməli, İlham Əliyevin vətənə və vətəndaşa xidmət anlayışını mənimsəməli, paylaşmalıyıq.

Başqa sözlə, vətəndaş seyirçi yox, iştirakçı, o cümlədən ölkə prezidentinin dünyanın köhnə paradiqmalarına qarşı irəli sürdüyü yeni vizionun şaxələnmə prosesinin fəal iştirakçısı olmalıdır. Azərbaycan üçün görülən və görüləcək işlərin bir parçası olmamaq, gerçəklikdən qopmaq və ya kapriz nümayiş etdirmək tarix qarşısında qınanılası tövrdür.

Aydəm İsmayılov,

Fəlsəfə üzrə fəlsəfə elmləri doktoru

Xəbər 477 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR