İran Azərbaycan peyklərinin xidmətlərindən istifadə edə bilər

İran Azərbaycan peyklərinin xidmətlərindən istifadə edə bilər

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfəri zamanı Urmiyada Qərbi Azərbaycan valisi Qurbanəli Səadət Qarabağla görüşüb.

Trend xəbər verir ki, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin də iştirak etdiyi görüşdə Azərbaycan-İran iqtisadi əlaqələrinə, xüsusilə də İranın Qərbi Azərbaycan əyaləti ilə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.
Sonra Urmiyada Azərbaycan və İranın Qərbi Azərbaycan vilayətinin rəsmi şəxslərinin, kənd təsərrüfatı, sənaye, maliyyə, İKT, tikinti və s. sahələrdə fəaliyyət göstərən iş adamlarının iştirakı ilə biznes forumu keçirilib.
Biznes forumda çıxış edən Ş.Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və keçirilən görüşlərin xüsusi əhəmiyyətini vurğulayıb. Bildirilib ki, son 3 ildə Azərbaycan-İran əlaqələri yeni mərhələyə yüksəlib. Hazırda ölkələrimiz sənaye, energetika, tranzit, səhiyyə, nəqliyyat və s. sahələrdə uğurla əməkdaşlıq edir, avtomobil istehsalı və əczaçılıq sahələrində birgə layihələr reallaşdırılır, ölkələrimizin tranzit potensialının reallaşdırılmasında mühüm əhəmiyyət kəsb edən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə işlər görülür. Azərbaycan-İran arasında ticarət əlaqələri genişlənir və 2016-cı ildə ticarət dövriyyəsi 70%-ə yaxın artıb. 2017-ci il üçün beynəlxalq yükdaşımalarında mübadilə edilən icazələrin sayının 10 minə çatdırılması barədə razılığa gəlinib və Azərbaycan bunun artırılmasında maraqlıdır.

İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Mahmud Vaezi İran-Azərbaycan əlaqələrinin strateji səviyyəyə çatdığını, ölkələrimizi dərin tarixi, dini və mədəni köklərin birləşdirdiyini qeyd edib. Bildirilib ki, bütün bunlar ölkələrimiz arasında iqtisadi əməkdaşlğın genişləndirilməsini dəstəkləyir və digər sahələrdə olduğu kimi, iqtisadi əlaqələrimiz də inkişaf edir. M.Vaezi bildirib ki, Azərbaycan Respublikası Prezidentinin viza rejiminin sadələşdirilməsi barədə bu yaxınlarda imzladığı Sərəncam ölkələrimiz arasında əlaqələri daha da genişləndirəcək. M.Vaezi iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də iş adamları arasında əlaqələrin inkişafına dair fikirlərini bölüşüb, dünya bazarına çıxmaq üçün İranın Azərbaycanın tranzit imkanlarından istifadə edəcəyini vurğulayıb.

Sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası baş katibinin müavini Vüqar Zeynalov və Urmiya Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının sədri Həsən İntizar çıxış edərək iş adamları arasında əlaqələrin genişləndirilməsi perspektivləri barədə danışıblar.

Biznes forum çərçivəsində Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Urmiya Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası, AZPROMO və Urmiya Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası arasında əməkdaşlığa dair qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb, iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

Azərbaycan nümayəndə heyəti İranın Qərbi Azərbaycan vilayəti şirkətlərinin istehsal etdiyi məhsulların nümayiş etdirildiyi sərgi ilə tanış olub.
 
Aktual.az
Xəbər 496 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR