Yaddaşın intiharı - Ağı

Yaddaşın intiharı - Ağı

Mövludun özünü yox, intiharını yaddaşda təzələyərkən...

Aydın CANIYEV

Yaddaşın intiharı, intiharın yaddaşı!

Bu gün söz hava çəkir - sözün havasına oynayan imzalardan biri bir ildi gedib bizim illərlə gecikdiyimiz yerə! Yüzünü də apardı özüylə.

Himn sözlərini oxumalyıkən, mərsiyə oxuyası oldular!

Bizim qəşəng, cavan, fidan, şümal, abırlı-həyalı sözlərimiz ölüb!

Bizim qılıncdan (raketdən, tankdan, bombadan) kəsərli, güclü, qalib sözlərimiz ölüb!

Sözün rəngi saralıb, sözün səsi dəyişib, üzü, alnı qırışlanıb, əlləri əsir, beli bükülüb, kəsəri azalıb, dəyəri itib. Qocalıb Söz!

Bizim tox, əyilməz, sınmaz sözümüz acından ölüb, beyinə çatası sözümüz mədədən yuxarı qalxmır, sözümüzün qanı donub. Qan işləmir nə ayağa, nə başa, nə ürəyə - başımız söz anlamır, ürəyimiz sözə isinmir, ayağımız sözə yerimir.

Əldən-heydən düşüb söz!

Sözü cavan saxlayan Cavanlar isə... nə söz öyrənə bilirlər, nə də söz deyə bilirlər!

Bizim sözü cavan saxlayan uşaqlara söyüş öyrətdilər!

Bizim sözün namusunu çəkəcək qollu-güclü cavanların qolun qırdılar, gücün aldılar!

Ən qoca Söz özünü daşıya bilməyən ən qoca adamların ümidinə qaldı!

Söz indi meyitdi!

Sözü çiynində daşıyacaq cavan da yoxdu!

Çünki söz artıq namus deyil!

Söz söyüşdü - heç kim sözün meyitini nə çiyninə götürür, nə də öldüyü yerdən. İndi Kişi sözü yoxdu. Ortada qalan sözlər də indi qadınlarımızı söyməyə yarayır!

İndi sözün qeyrətini çəkməyə kişi qəhətdi!

İndi sözün cənazəsinə analar dəsmal götürüb ağlayır!

Bəzən vaxtında ölməmək qalan həyatı elə ölü kimi yaşamaqdı!

Ölməyən sözümüz - yalandı! Sözümüz doğru olmadı - yaşamadı! Öldü...

Yalan söz yaddaşı intihara aparır! İntiharın yaddaşı təzələnir.

Mövlud artıq nə omonimdi, nə sinonim, artıq sadəcə intiharın təyininə çevrildiyi mövluddu - oksimorondu!

Bir az daha irəli gedəndə... intiharın təzələnən yaddaşıdı!

və... intihar mövlud edir!

Söz bitir!

Söz bitəndə... söyüş söyməyə ünvan qalmır!

Ünvansızlıq yaddaşın intiharıdı! İntihara isə yaddaş lazım deyil!

p.s. Söz daha rəqs etmir! Söz daha sığala gəlmir! Söz daha böyümür, elə gənc ölür! Söz daha yaşatmır!

Başıqapazlıdı Söz!

Sözün Atası ölüb, Sözün Anası ağlayr! Sözün balaları Müslümün balaları kimi səhralara didərgin düşüb!

Və Söz dar ağacından qopsa da, türmədən, kanslagerdən, müharibələrdən diri çıxsa da, diplomatiyanın qalibi olsa da, daha yaşada bilmədiyi üçün özü intihar edir!

Ən rahat yolu 17-ci mərtəbədi! - o yolu, pillələri qalxmaq üçün Alışqan və gediş kartı ilə... Dayanacaqsız! Cəmi bir stansiya!

Qapısını bağladığı açarı da üstündə götürməklə - Sözün qapısı da bağlıdı!

Allah rəhmət eləsin!


Xəbər 5076 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR