İmtahana mobil telefon keçirmək istədilər

İmtahana mobil telefon keçirmək istədilər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) may ayının 15-də ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

Aktual.az modern.az-a istinadən bildirir ki, imtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 27 binada aparılıb.

İmtahan bütün binalarda saat 11:00-da başlanıb və 3 saat davam edib.

İmtahan prosesinin idarə olunması üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi bütün binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub.

TQDK bildirir ki, bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səvyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahandan sonra TQDK-da müstəqil ekspertlər tərəfindən abituriyentlərə təqdim olunmuş test tapşırıqlarının qapalı rejimdən sonrakı ekspertizası həyata keçirilib və test tapşırıqlarının elmi-metodiki cəhətdən düzgün tərtib olunduğu, cavabların birmənalı, dəqiq, ümumtəhsil müəssisələrinin qüvvədə olan tədris proqramına, dərsliklərə və TQDK-nın qəbul proqramına tam uyğun olması bir daha təsdiq edilib. Həmçinin "Space" telekanalında canlı yayımlanan "Abituriyent" verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdiriləcək.

İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK‑nın internet saytında yerləşdiriləcək.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

"Çox təəssüf ki, dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, bəzi abituriyentlər şəxsiyyəti təsdiq edən sənədi və buraxılış vərəqəsini imtahana gətirməyi unutmuş, bəziləri isə imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon keçirməyə cəhd göstərmişdir.
İmtahanın gedişi zamanı köçürməyə cəhd etmiş, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv edilib",-deyə TQDK-dan bildirilib.

Xatırladırıq ki, bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 29-dan avqustun 10-dək aparılacaq.

Xəbər 417 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR