“Iməkləmə, qaça-qaça get!”- Deputatdan Ramiz Mehdiyevə sillə kimi sözlər....

“Iməkləmə, qaça-qaça get!”- Deputatdan Ramiz Mehdiyevə sillə kimi sözlər....

Ramiz Mehdiyev yenə "gül vurub”. Gözünü yumub, ağzını açıb. Düşündüklərini dilə gətirib. Üzündəki maskanı öz əli ilə yırtıb. Lap Əli Kərimli kimi danışıb.

Akademik elə epitetlərdən istifadə edib, elə səbatsız ifadələrdən yararlanıb ki, müəllifi deməsələr sanarsan bunu yazan Nurəddin Məmmədli-filandır. Amma yox! Bu, Ramiz Mehdiyevdir. Məhz Ramiz Mehdiyev. Akademik səviyyəni, etikanı hamıdan əvvəl gözləməsi vacib olan kəs – Akademiyanın Prezidenti Ramiz Ənvər oğlu Mehdiyev...

Mehdiyev kükrəyir. Ən rahat yol üzü sulu-sulu getmək ikən kükrəyir. Niyə dirəşib anlaşılmır. Mehdiyevin fikrincə hamı səhvdir, bircə özü düz. Oturub müxalifəti ələ salır, küçə jarqonlarından istifadə edir, Parlament deputatlarına atmacalar atır, açıq təhqirə yol verir, öz aləmində dirəniş göstərir. Nədir bunun adı? Vəzifəpərəstlikmi? - Sanmıram. Çünki, ən böyük vəzifəpərəst belə 84 yaşında bu qədər israrla kreslodan tutub yapışmaz. Hikkəmi? – Hikkənin də qədəri, miqyası var. Hər şey əleyhinə ikən hikkə nə effekt verəcək ki? Ədalət, şəffaflıq axtarışımı? – Ədalət sözü Mehtiyevin antonimidir. Ramiz Ənvəroviç ədalətdən dəm vursa ədalət anlayışı gedib özünü xam ipdən asar. Yaxşı bəs nə? Nədir bir insanı ahıl çağında bu qədər biabırçılığa, urvatsızlığa məhkum edən səbəb? Evin tikilsin, get nəvələrinlə oyna da. Telefondan, kabinetdən ayrıl da. Bir dəfə də iş formatından çıxıb ailə formatına gir də. Abırına qısıl da. Sus da. Razılaş da. Hesablaş da. Rahatlaş da. Sakitləş də. Niyə özünə əl qatmısan?

"Avtobus müxalifəti”, "cib müxalifəti” də nə idi? Sən axı Ramiz Mehdiyevsən, niyə Cəmil Həsənli kimi danışırsan? Niyə Gültəkin Hacıbəyli "mod”una girmisən? Ta vəziyyət belədi-belədi, keç "Milli Şura” ya, "AXCP”yə, biz də işimizi bilək də. Bilək ki, radikal müxalifətin növbəti seçkilərdə növrəstə, cavan bir vahid namizədi olacaq, üstümüzə "İramiz” gələcək.

Unutma ki, "avtobus müxalifəti” dediyin insanlar, Partiya liderləri sivil mübarizə və dialoq üslublunu siyasətdə hər şeydən daha üstün tutanlardır. Üstəlik, söhbət o dialoq və üslubdan gedir ki, həmin icraatların, hərəkətliliyin olmaması (!) üçün illər boyunca bacardığın və mümkün olan bütün maneələri yaratmısan, barrikadaları qurmusan.

Yaxşı bəs neyləyəydi Partiyalar? Sözünü ancaq mitinqlərdənmi deyəydi? Siyasi münasibətlər sənin arzuların və zehniyyətindəki kimi yalnız konfliktlər üzərindənmi qurulaydı? Hər şey bağlı qapılar arxasında, separat formadamı cərəyan edəydi? 10 ildə bir dəfə salam-əleyk eləmədiyniz Partiyalar indi sivil formada az qala hər ay görüşə dəvət olunursa, normal müzakirələr aparılırsa, müxalifətli-iqtidarlı hər kəs milli maraqlar, Qarabağ naminə birləşirsə, bəyanat qəbul edirsə, həmin o haqqında danışdığın avtobusla Ağdama, Şuşaya gedilirsə, bunun nəyi pisdir? Əvvəl dahamı yaxşı idi? Əvvəl sənin bürokratik tapşırıqların əsasında bu məsələlər dahamı yaxşı tənzimlənirdi? Hə, anlayıram, qane deyilsən. Qane ola bilmərsən. Çün, hazırki konfiqurasiya dəyişikliyi sənin iradənə də, təfəkkürünə də tam ziddir. Güman ki, Partiyalar arasındakı dialoqun, normal münasibətlərin əsas təşəbbüskarı və birbaşa icraçısı olan Ədalət Vəliyev də sənin gözünün düşmənidir. Bəlkə hətta:"Ay nə olardı keçmiş halım, salardım bu Partiyaları da Akademiyanın gününə”- deyib köks belə ötürürsən. Amma yox, Mehdiyev. O dövran bitdi. Sənin dövranın dəqiq bitdi. Tək sənin yox ha, camaatın ana-bacı ilə bərabər oturduğu restoranlarda, kafelərdə (lap dəqiq ünvanı da deyə bilərəm – "Yoka Suşi”də) içib, yaman günə qalıb, ağzının danışığını bilməyən qohumlarının da zamanı bitdi! Geri sayım başlayıb.

Get, Mehdiyev, get. İməkləmə, Sürünmə. İri addımlarla get.

"Bir qalanın sirri” filminin son epizodunda "Göygöz Kosa”nın yoxluğu zamanı çiçəklər necə açırsa, buzlu sular necə əriyirsə, dağlar, yamaclar necə canlanırsa inan, sənin də siyasi və ictimai həyatdan yox olub buxarlandığın gün eyni təzahüratlar yaşanacaq.

Get Mehdiyev, get. Bayaq iri addım dedim. Amma sən yenə də ehtiyatını tutub qaça-qaça get.

84 illik həyatında barı 1 dəfə doğru olanı et.

Elşən Musayev

Milli Məclisin deputatı

Xəbər 1431 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR