İlham Əliyevin Paris səfəri ölkəmiz üçün hansı aspektlərdən önəmlidir?

İlham Əliyevin Paris səfəri ölkəmiz üçün hansı aspektlərdən önəmlidir?

Azərbaycan prezidenti İlham Əliyevin Fransaya səfəri başlayıb. Səfər Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə gerçəkləşir. Səfər zamanı Fransa-Azərbaycan ikitərəfli münasibətləri, beynəlxalq və regional məsələlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılacaq. Fransızların hələ də futbol üzrə DÇ-da Fransa millisinin qələbə sevincini yaşadıqları bir zamanda Azərbaycanın dövlət başçısının Parisə səfəri bizim üçün hansı aspektlərdən önəmli və əlamətdardır?

Əvvəla onu qeyd edək ki, son vaxtlar Angela Merkelin mövqelərinin sürətlə sarsılması fonunda, elə Emmanuel Makron da eyni sürətlə vahid Avropanın siyasi liderinə çevrilməkdədir. Daha doğrusu, o, buna iddialıdır və nəyin bahasına olursa-olsun məqsədinə nail olmağa can atır. Avropa Birliyinin (AB) taleyi də bu gün Almaniya və Fransadan asılıdır. Yəni ki, bu ölkələr AB-nin iki əsas, aparıcı sütunu sayılır və AB-da həlledici qərarları məhz Almaniya və Fransa verir. Ona görə də, bu ölkələrlə, xüsusən də Fransa ilə etibarlı əlaqələrə, yaxşı münasibətlərə malik olmaq Avro-Atlantika məkanına inteqrasiya etmək istəyən hər bir ölkə üçün, o cümlədən, Azərbaycan üçün də çox önəmlidir.
Üstəlik, əgər nəzərə alsaq ki, Fransa həm də Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir, bu ölkənin Azərbaycan üçün əhəmiyyəti ikiqat artır. Emmanuel Makronun özü də sələflərindən (Nikolə Sarkozi və Fransua Ollanddan) fərqli olaraq Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında daha fəal rol oynamağa çalışır.
Bu səfərin digər əhəmiyyətli cəhəti isə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi niyyətləri ilə bağlıdır. Özü də bu niyyət birtərəfli deyil. Yəni ki, təkcə Azərbaycan Fransa ilə yox, eynilə Fransa da Azərbaycanla iqtisadi əməkdaşlığı daha da genişləndirmək və gücləndirmək niyyətindədir. Nəzərə alaq ki, D.Trampın AB ölkələrinə qarşı elan etdiyi qeyri-rəsmi "ticarət müharibəsi"ndən və Merkeli Rusiyadan milyardlarla dollar həcmində qaz almaqla Rusiyanı varlandırmaqda ittiham etməsindən sonra, Azərbaycanın istər AB ölkələri üçün, istərsə də Fransa üçün önəmi daha da artır.
Bu gün Azərbaycan iqtisadiyyatı ilə Fransa iqtisadiyyatı arasında bir-birini tamamlayan və bir-birinə dəstək ola biləcək məqamlar çoxdur. Bizim iqtisadiyyatlarımız bir-birini tamamlayır. Hal-hazırda Fransa Azərbaycana öz iqtisadi potensialının şaxələndirilməsində və sənaye proqramlarının inkişafında etibarlı tərəfdaş və yardımçı ola bilər. Şaxələndirmə Azərbaycanın əsas hədəflərindən biridir. Buna dəstək məqsədilə Fransa da bizə öz fərqli təcrübələrini və texnologiyalarını təqdim edə bilər. Habelə, Fransanın töhfəsi enerji sahəsindən başqa, digər sahələrdə də ola bilər. Belə ki, güclü kənd təsərrüfatı ənənələrinə malik olan Fransa kənd təsərrüfatının inkişafı və emal sənayesinin transformasiyası, infrastruktur, nəqliyyat, logistika, tikinti kimi sahələrdə Azərbaycanın inkişafına töhfə verə bilər. Azərbaycan kimi xammalla zəngin olan bir ölkə üçün əlbəttə ki, bu, sənaye və kənd təsərrüfatı sahəsində dinamik inkişafa təkan verər, eləcə də ən son texnoloji innovasiyalara giriş imkanlarımızı artıra bilər. Ətraf mühitin qorunması, alternativ enerjilərdən istifadə, nəqliyyat idarəetmələri, infrastrukturlar kimi vacib sahələrdə də ikitərəfli əməkdaşlıq üçün geniş imkanlar var. Odur ki, bu gün rəsmi Bakı Fransa-Azərbaycan münasibətlərinə uzunmüddətli planda və strateji yanaşma ilə baxır. Elə İlham Əliyevin dünən və bu gün Parisdə ən böyük fransız transmilli şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlər də bunu sübut edir.
Azərbaycan üçün xeyirli-uğurlu olsun!

Əlisahib Hüseynov 
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Xəbər 308 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR