İlham Əliyevdən Lavrova sillə kimi CAVAB

İlham Əliyevdən Lavrova sillə kimi CAVAB


Azərbaycan prezidenti: "Aprel döyüşləri göstərdi ki, kimin ordusu yenilməzdir" 
İlham Əliyev son sözünü dedi: "Əbəs yerə gözləməsinlər" 
Prezident heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcəyini deyib. 
 
"Bu gün dünyada maliyyə-iqtisadi böhran davam edir. Ancaq buna baxmayaraq, biz bu məqsədlər üçün böyük vəsait ayırırıq və ayıracağıq. Bunu təmin edən güclü iqtisadiyyatdır. İqtisadiyyatda aparılan işlər, islahatlar bizim ordumuzu, dövlətimizi gücləndirir”.

Aktual.az-ın AzərTac-a istinadən məlumatına görə,  prezident İlham Əliyev Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində "N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışı zamanı deyib.

İlham Əliyev bildirib ki,  Azərbaycan dünyada öz hesabına yaşayan nadir ölkələrdəndir: "Azərbaycan heç kimdən asılı deyil, heç kimin maliyyə yardımına ehtiyac duymur. Öz hesabımıza yaşayırıq və ildən-ilə daha yaxşı yaşayırıq. Bütün bu nailiyyətləri biz özümüz əldə etmişik, öz hesabımıza, güclü iqtisadiyyat hesabına. Çünki əgər güclü iqtisadiyyat olmasaydı, biz bütün bu işləri görə bilməzdik”.

Dövlət başçısı vurğulayıb ki, yaradılan hərbi şəhərcik bu gün bizim həm ordumuzun, həm dövlətimizin gücünü göstərir: "Bizim ordumuz güclü ordular sırasındadır. Son illər ərzində ordumuzun maddi-texniki təminatı böyük dərəcədə inkişaf edib. Bu gün təminat-təchizat baxımından yüksək səviyyəyə malik olan Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər”.

Dövlət başçısı qeyd edib ki, aprel döyüşləri Azərbaycanın böyük hərbi qələbəsidir. "Uzun illər Ermənistan öz ordusu haqqında miflər yaradırdı, uydurmalar irəli sürürdü ki, guya bunların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, kimin ordusu yenilməzdir. Ermənistan öz acı məğlubiyyətini etiraf etmək istəməsə də, məcburdur ki, etiraf etsin. Məhz aprel döyüşlərindən sonra Ermənistanın müdafiə naziri başda olmaqla bir çox yüksək vəzifəli hərbçilər öz vəzifələrindən kənarlaşdırıldı. Bu, aprel döyüşlərinin nəticəsi idi. Bizim əsgərlərimiz, zabitlərimiz qəhrəmanlıq göstərdilər. Biz şəhidlər də verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq torpağımızı qoruduq, torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdik. Aprel döyüşləri hərbi kitablara salınmalıdır. Azərbaycan Ordusu həm hərbi peşəkarlıq, həm qəhrəmanlıq göstərib”.

Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu deyən prezident vurğulayıb ki, əsrlər boyu Azərbaycan xalqı Dağlıq Qarabağda yaşayıb-yaradıb: "Orada yerləşən tarixi, dini abidələrimiz bizim qədim mədəniyyətimizi əks etdirir. Bu gün heç kimə sirr deyil ki, bizim işimiz haqq işidir və biz öz torpağımız uğrunda vuruşuruq. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Təkcə Dağlıq Qarabağ deyil, indiki Ermənistanın ərazisi tarixi Azərbaycan torpağıdır. Əgər statistikaya nəzər salsaq görmək olar ki, XX əsrin əvvəllərində İrəvan şəhərinin əhalisinin 70 faizi azərbaycanlılar idi. İndiki Ermənistanın bir çox toponimləri Azərbaycan mənşəlidir. İrəvan, Zəngəzur, Göyçə bizim tarixi torpaqlarımızdır. Bizim torpaqlarımızda erməni dövləti qurulubdur. Özü də əfsuslar olsun ki, bizim öz dəstəyimizlə. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda onun ilk qərarlarından biri də İrəvanı Ermənistana vermək qərarı idi. Yəni bu, tarixdir, yaxın tarixdir. Bu tarix bir daha onu göstərir ki, Azərbaycan xalqı bu ərazilərdə əsrlər boyu yaşayıb və yaşamalıdır: "O ki qaldı, Dağlıq Qarabağ əhalisinə, onu da tarixçilər və bu məsələ ilə məşğul olanlar yaxşı bilirlər. Əlbəttə, Azərbaycan xalqı da bilir ki, XIX əsrin 20-ci illərində Dağlıq Qarabağa İrandan və Şərqi Anadoludan kütləvi surətdə erməni əhalisi köçürülüb. O məqsədlə köçürülüb ki, həmin ərazidə milli və dini tərkib dəyişdirilsin və məhz buna görə XX əsrin 20-ci illərində Azərbaycan ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. Yəni bu, tarixdir. Tarix və ədalət bizim tərəfimizdədir. Yenə də deyirəm, bu, bizim haqq işimizdir, bu, bizim torpağımızdır və biz bu torpağa qayıtmalıyıq. Əfsuslar olsun ki, bizim ölkəmiz uzun illər ikili standartlarla üzləşir. Bəzi yerlərdə BMT Təhlükəsizlik Şurasının qətnamələri bir gün ərzində icra edilir, bizə gəldikdə isə 20 ildən çoxdur ki, bu qətnamələr kağız üzərində qalır və onları qəbul edənlər də buna biganə qalırlar. Belə olan halda Azərbaycan öz gücünü artırmalıdır və artırır.

Biz hərbi gücümüzü artırmışıq və artıracağıq. Siyasi addımlar atılacaq ki, beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı öz mövqeyini daha da geniş ifadə etsin. Biz öz iqtisadi gücümüzü artıracağıq və bütün böhranlara baxmayaraq, ordumuza nə qədər vəsait lazımdırsa, o qədər də təmin ediləcəkdir. Bu gün də bizim büdcə xərclərimizin strukturunda hərbi xərclər birinci yerdədir. Bizim başqa ehtiyaclarımız da var. Sosial məsələlərin həlli, infrastruktur layihələrinin icrası, digər vacib məsələlər var. Onlar da öz həllini tapır. Amma ilk növbədə, ordu quruculuğudur. İlk növbədə, ordumuzun ehtiyacları təmin edilməlidir və biz gücləndikcə, əlbəttə, münaqişənin həllini yaxınlaşdıracağıq”.

Münaqişənin həllinin çox sadə olduğunu deyən dövlət başçısının sözlərinə görə, birincisi, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir: ”Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy, əbəs yerə gözləməsin. Bu, olmayacaq! Dağlıq Qarabağ Azərbaycan torpağıdır, həm tarix, həm bütün dünya birliyi bunu belə qəbul edir. Azərbaycan müstəqilliyə qovuşanda, vahid dövlət kimi BMT-yə üzv olanda Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edilib. Yəni bu məsələnin həlli bundan ibarətdir. BMT Təhlükəsizlik Şurasının qətnamələrində göstərildiyi kimi, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Azərbaycan vətəndaşları, məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar.

O ki qaldı Dağlıq Qarabağın gələcək statusuna, bu status ancaq vahid Azərbaycan dövləti çərçivəsində mümkün ola bilər. Münaqişənin həlli bundan ibarətdir və Ermənistan rəhbərliyi bunu nə qədər tez anlasa, onlar üçün bir o qədər yaxşı olacaq. Ərazi bütövlüyünün təmin olunması, işğala son qoyulması bu münaqişənin həlli üçün əsas amillərdir. Bu məqsədlərə nail olmaq üçün bir daha demək istəyirəm, daha da güclü olmalıyıq və biz bu gün dünya miqyasında böyük təqdirlə qarşılanan güclü Azərbaycan dövləti yaradırıq. Biz öz azad gələcəyimizi qururuq, müstəqil həyatımızı qurmuşuq. Biz 25 ildir ki, müstəqil dövlətik və bir daha demək istəyirəm, heç kimdən heç bir yardım almadan, bəzi başqa ölkələr kimi heç kimin ətəyindən yapışmadan bunu əldə etmişik. Bu gün açığını deməliyik, Ermənistan müstəqil dövlət kimi dünya xəritəsində sadəcə olaraq formal mövcuddur. Ermənistan asılı ölkədir, öz gələcəyini özü müəyyən edə bilmir. İşğalçı siyasəti onları bax, bu vəziyyətə gətirib çıxarıbdır. Onların vəziyyətdən yeganə çıxış yolu qonşularla münasibətləri bərpa etməkdir. Bunun üçün isə işğala son qoyulmalıdır”. 




















Xəbər 8861 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR