İlham Əliyev: "Zəhranın və nənəsinin qanı yerdə qalmadı"

İlham Əliyev:

"Ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi. Zəhranın və nənəsinin qanı yerdə qalmadı”.
 
APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.
        
Ötən ay Ermənistanın törətdiyi təxribat nəticəsində bir hərbçimizin şəhid olduğunu, lakin ordumuzun yenə də düşmənə layiqli cavab verdiyi deyən prezident İlham Əliyev bir neçə gün öncə Füzuli rayonunun Alıxanlı kəndində törədilən təxribatın qurbanı olan balaca Zəhranın və onun nənəsinin qətlə yetirilməsini hərbi cinayət kimi qiymətləndirib, bunu Ermənistanın siyasi rəhbərliyinin üzünü və erməni faşizminin eybəcər sifətini bütün dünyaya nümayiş etdirdiyini bildirib. "Bu cinayət cavabsız qoyulmadı”, - deyə Azərbaycan prezidenti vurğulayıb.
 
İlin birinci yarısında Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində haqlı mövqeyi ilə bağlı bir çox irəliləyişlərinin olduğunu deyən Azərbaycan prezidenti İlham Əliyev bu ilin əvvəlində separatçı rejimin keçirdiyi "referendum”un dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən tanınmadığını diqqətə çatdırıb: "Mən bir neçə faktı Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmaq istərdim. İlk növbədə, bu il qondarma separatçı rejim Ermənistanın siyasi rəhbərliyinin təhriki ilə Dağlıq Qarabağda növbəti qondarma, qanunsuz, dırnaqarası referendum keçirib. Bu "referendum”un keçirilməsi əslində onların böyük səhvidir, daha doğrusu, axmaqlığıdır. Onların bir qədər ağlı olsaydı, heç vaxt buna getməzdilər. Çünki bəri başdan bəlli idi ki, dünya birliyi bu qondarma tədbiri tanımayacaq. Belə də oldu. Minsk qrupu bəyanat verdi, onun həmsədrləri - Amerika, Fransa, Rusiya "referendum”u tanımadılar. Avropa İttifaqı referendumu tanımayıb. Qonşu ölkələr - İran, Gürcüstan "referendum”u tanımayıb. Digər ölkələr də oxşar bəyanatlarla çıxış etdilər. Bu qondarma "referendum”un tanınmaması Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu bir daha təsdiqləyir. Bütün dünya və münaqişənin həlli ilə bilavasitə məşğul olan ölkələr bu münasibətləri ilə bir daha təsdiq edirlər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, həqiqətdir, bu, tarixi həqiqətdir və əlbəttə ki, bu həqiqət bir daha qeyd olundu. Bu, Ermənistanın növbəti biabırçılığı idi”. 
 
Aktual.az
Xəbər 95 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR