İlham Əliyev Fransanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Fransanın yeni prezidentini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Respublikasının yeni seçilmiş Prezidenti Emmanuel Makrona təbrik məktubu göndərib.

"Qazandığınız qələbə dost Fransa xalqının Sizə olan etimadının və irəli sürdüyünüz yeniləşmə xəttinə dəstəyinin göstəricisidir”, - deyən dövlətimizin başçısı Azərbaycan ilə Fransa arasında ikitərəfli və çoxtərəfli əlaqələrə böyük əhəmiyyət verdiyini vurğulayıb. Prezident qeyd edib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər, müxtəlif sahələrdə genişlənən faydalı əməkdaşlıq, çoxşaxəli mədəni əlaqələr Azərbaycan-Fransa diplomatik münasibətlərinin 25 illik tarixini səciyyələndirən cəhətlərdir. Dövlətimizin başçısı inandığını bildirib ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da inkişaf edəcək və genişlənəcək.
Prezident İlham Əliyev qeyd edib ki, Fransa eyni zamanda regionun ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədridir. Erməni silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində işğal edilmiş tarixi torpaqlarımız Dağlıq Qarabağ və ətrafındakı 7 rayonda etnik təmizləmə siyasəti aparılmış və bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, BMT Baş Məclisi, ATƏT, NATO, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatların müvafiq qərar və qətnamələri var. Lakin Ermənistan buna məhəl qoymur. Fransa digər həmsədrlər kimi indiki status-kvonu qəbuledilməz hesab edir. Azərbaycan Prezidenti Fransanın səylərinə xüsusi əhəmiyyət verdiyini vurğulayaraq ümidvar olduğunu bildirib ki, bu səylər münaqişənin ədalətli həllinə nəhayət öz töhfəsini verəcək. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, münaqişə ancaq beynəlxalq hüququn normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Dövlətimizin başçısı Fransanın yeni seçilmiş Prezidentinə möhkəm cansağlığı, xoşbəxtlik, dost Fransa xalqının rifahı naminə qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.
Xəbər 805 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR