İçinin azadlığını qoruyan polkovnikin hekayəsi

İçinin azadlığını qoruyan polkovnikin hekayəsi

Şamil Seyidli Yardımlı camaatına çox əzizdir. O, rayonumuzda polis rəisi işlədiyi müddətdə insanların sevgisini, rəğbətini qazana bilib, ürəklərində yurd salıb. Necə deyərlər, Yardımlıya kişi kimi gəldi, kişi kimi işlədi, kişi kimi də getdi...

Təsadüfi deyil ki, bir neçə il öncə Şamil Seyidlinin 55 illik yubileyinə hədiyyə olaraq, Yardımlı Xeyriyyə Cəmiyyəti onun rayonumuzdakı fəaliyyətinə işıq tutan "Ömrün Yardımlı döngəsi" adlı kitab ərsəyə gətirib. 
Aprelin 15-i Şamil müəllimin 57 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, uzun ömür, can sağlığı, bol-bol uğurlar arzulayırıq. Və "Ömrün Yardımlı döngəsi"ndən bir gözəl yazını Sizə təqdim edirik.
Azərbaycana sədaqətlə xidmət edib Xalqın rəğbətini qazanan vətən oğullarını Allah qorusun!
İÇİNİN AZADLIĞINI QORUYAN POLKOVNİKİN HEKAYƏSİ
Onun polis olmağını ailəsi heç düşünməyib. Bu İSTƏK o təbəqənin arzusu deyildi... Polis olmaq onun uşaqlıq arzularının siyahısında da yox idi... O, POLİS POLKOVNİKİ OLDU. Polis işləmək onunçün fürsət deyil, ALLAHIN ona verdiyi ŞANS fürsətdi. Polis mundiri ona rəğbət qazandıran, yanmışlıq verdiyinə gözdağı çəkdirən, getdiyi yerdə vahimə yaradan LİBAS deyil, o libas onun üçün sadəcə UNİFORMADIR...
O, polis rəisidir, amma zəhmindən tük ürpənmir, heç səsinin tonu da bağırçatladan deyil... O, kresloya yaxılmır, kreslo ona çımxırmaq üçün söykənəcək də deyil... Kreslo sözünün kəsəri olmaq üçün ona oturacaq yeridi. Keçmişində polis forması geyən kimsəsi olmayıb. O FORMA dədə-baba ocaqlarının divarında evin dəyərini göstərən matah şeylər kimi nə xalçanın üstündən asılmayıb, nə də paltar sabunuyla yuyulub çəpər üstünə sərilməyib ki, qonşu-bacaya evin kişisinin ZOR SAHİBİ olduğunu qandırsın... O, formanın çəpər-çoluğa dırmanan, bağ-bostana göz verib, işıq verməyən kənd uşaqlarının zəhrini yarmağının çox ŞAHİDİ olub... Onun uşaqlığı da o formanın zəhmini görüb. O qorxunu canı çəkdiyindən CANLARDAKI QORXUNUN dəyərini bilib və o, həmin formanın qara-qorxusunu sındırmaq istəyib. Ağzıgöyçəklər ona "göyçək” ağızlarını büzüb:"Sən müəllimlik eləyirsən”,- deyib irad tutublar. O, AĞILLI BAŞLARIN hesabında İSƏ ƏSL İNSANDIR...
TƏQDİMATIN ÖZÜ
Şamil Seyidli Naxçıvanda doğulsa da bütövlükdə Azərbaycanı sevir. Onunçün VƏTƏN doğulduğumuz, xeyirin-bəhrin gördüyümüz, oğul-uşağa pay-puş elədiyimiz, üstündə BAŞI SƏRKİLİ GƏZDİYİMİZ torpaqlar deyil, Onunçün VƏTƏN üstündə qan tökdüyümüz ƏSİR TORPAQLARIMIZDI... 
Kasıbçılığın qara üzü onun uşaqlığının köhnə TANIŞIDI... O da tələbəçilikdə kartofla keçinib, yeyimcil kənd kişilərinin para tikəsi olan bulkuyla, yarım stəkan siropla tələbəçiliyin uzun gününü yola da verib, onun da ayaqqabıları su verən yerlərindən payızın sısqa yağışını içinə çəkib, o da təri dabanından çıxana qədər qara fəhləçilik edib. O vaxtlar əyinlərin yırtıb əskiyə döndərdyi sifarişli kostyumu onun əyni Tayqada tələbə-inşaat dəstəsində əlinin daş kimi qabarı ilə qazandığı pulla görüb, o kostyumu şəhərin ən ucuz dərzisinə tikdirib həm də... O, QİSASÇI OLMADI; nə MİLLƏTƏ, nə İNSANA, nə də ki, üzümüzü sürtdüyümüz TORPAĞA... Çəkdikləri karına gəldi: İNSANA DƏYƏR VERMƏK ÜÇÜN, İNSANLIĞI ANLAMAQ ÜÇÜN, HAQQI NAHAQDAN SEÇMƏK ÜÇÜN...
"İnsanlar var ki, onlar ALLAHI yada salırlar”,- Onunla söhbətləşəndə Peyğəmbərin bu hədisini mənə aid etdi. Mən tərsini gördüm... Hədis daha çox ona aid idi. O HAQQ onun idi. Mən, ALLAHIN titulsuz, rütbəsiz quluyam, o isə SEYİD OCAĞINDA doğulub. O OCAĞA ov gəlirmiş, insanların hənirindən qaçan çölün ov heyvanları gəlib O OCAQDA su içib gedirmiş...
Şamil müəllimin təbiətindəki DOĞRULUQ, DÜRÜSTLÜK, SÖZ CƏSARƏTİ ona O OCAQDAN VƏRƏSƏDİ. Atası Mirəziz ağa kiçik bir işin yiyəsi imiş, HAQQ isə Onun üçün çox BÖYÜK olub. Mənfəətinə başqasının haqqını satmayıb, harama baş əyməyib. Şamil müəllim OCAQLARININ ƏDALƏTİNİ görüb. O OCAQDA haqqa EHTİQAD olub, başqasının haqqı əziz tutulub. Atası kimi anasının da gözü öz tabağında olub, sıxıntının içində də ALLAHINA güvənib. Yaman günün ömrünün az olmağına İNAMI olduğundan dar gündə özünü TOX APARIB... Bu ocağın övladı Şamil də özünün və ailəsinin haqqını heç kəsə satmayıb. Tay-tuşlarının tələbəçiliyin forsunu verdiyi vaxtda o, atasına edilmiş haqsızlığa qarşı tək-tənha döyüşüb:
1-ci haşiyə
Atası sənətinin ustası olub, kolxozda mexannik işləyirdi. İşin başdan aşan vaxtında Mirəziz ağa ehtiyat hissəsinin dalıyca gedir. Tərslikdən rayonun- Şərurun birinci katibi ora gəlir. Qışqırır ki, hanı mexannik?! Sədr qorxudan özünü itirir, sözün düzünü deyə bilmir. Birinci katibin tapşırığı ilə Mirəziz ağanı işdən çıxardırlar. Onda Şamil müəllim Neft və Kimya institutunun ikinci kursunda oxuyurdu, on doqquz yaşı var idi. Atasının haqsız yerə işdən çıxarılması şəninə toxunur. Tələbə Şamil L.İ.Brejnev, SSRİ-nin Baş Prokroru Rudenko və Azərbaycan MK-nın birinci katibi H.Əliyevə ərizə yazır. Məktubların cavabları gəlir. Onu rayonun birinci katibinin yanına aparırlar. O da qorxmadan haqqı tapdalanan atasını müdafiə edir... Və cəsarəti birinci katibin xoşuna gəlir...
CƏSARƏTİ Onun hər yerdə karına gəlib və İÇİNİN AZADLIĞINI heç vaxt itirməyib...
2-ci haşiyə
Şamil müəllim institutdan sonra Şərur rayonunda "Təmir-tikinti istehsalat birliyi”nin komsomol təşkilat katibi işləyirmiş. Birliyin direktoru da kəndsayağı desək "qoyma ağıl” adam imiş, onun-bunun sözü ilə oturub-dururmuş. Şamil müəllim divar qəzeti buraxır. Keçəl baş çəkdirir, dörd misradan ibarət şeir də yazır:
Mal var başqasınındır,
Qoç var başqasınındır.
İdarədə o kimdir,
Başı başqasınındır?
Altından da yazır ki, yozması bizdən, açması sizdən. İdarədə kimsə qəzetin küncünə yazır ki, müdir. Aləm qarışıb, məzsəb itir və onun cəsarətinin arxası YERƏ DƏYMİR...
Millətlərin min illərlə arzuladığı ƏDALƏT və AZADLIQ Şamil Seyidlinin İÇİNDƏDİ... "İmkanlılar gedib, Kişilər ölüb, məzlumlar qalıb. Qalanların deyə bilmədiyini mən deyirəm”,- deyə bilən də ODUR. Onun içində əminlik var ki, ALLAH haqqı deyənləri qoruyur və o, ONA arxayındı. O, başının üstündəki PORTRETƏ və QANUNLARA ehtiramlıdı. Onun EHTİRAMINDA işinə kara gələn SAXTALIQ yoxdu. O, haqsızın dostu deyil, o, MİLLƏTİ sıxıb rahatçılığını da təmin etmir. O, içindəki AZADLIĞI qorumağı bacarır. Onun İÇİNDƏ öz dünyası var. Orada ƏMİN-AMANLIQDI. İçi rahatdı. O, qəlbini TƏMİZ SAXLAYANLARDANDIR...
3-cü haşiyə
Polis təcridxanasına düşən birisi Şamil müəllimdən xahiş edir ki, namaz vaxtlarını bilmək üçün ona saat versinlər. Şamil müəllim öz qol saatını açıb ona verir...
SÖZ SÖZÜ ÇƏKƏR
"Aləmlərə sığmayan MƏN sizin qəlblərinizə sığdım. Sizin qəlbləriniz mənim EVİMDİ. Evimi TƏMİZ SAXLAYIN”,- bu, UCA ALLAHIN bəyanıdı. O, özündən ÇOX NARAZIDI. Hələ də BÖYÜK MƏQAMA yetişə bilmir... Sufilərə görə dünya üç hissəyə bölünür. Kolu-kosu, qanqalı, şərri gözümüzə girən, qeybətini, yalanını, nahaqqını qulaqlarımızın eşitdiyi DÜNYA, İnsanlığın ALİ MƏQAMI olan DÜNYA və ƏMƏLLƏRİMİZİN cavabını verəcəyimiz AXİRƏT. Hamımız doğuluruq və ölürük. Yunis İmrə düz deyirdi ki, ana bətnindən gəldik bazara, bir kəfən alıb dönək məzara...
Şamil müəllim üçün DÜNYA DAR deyil. O, əlli yaşında da anası üçün yana-yana ağlayır, yaddan çıxmışları yada salmağı bacarır, dostlarının xeyir-şərinə birinci o yetişir, dünyanın ailə səadətində gözü qalan subay tələbə yoldaşına ad günü keçirir, sıravi polislərlə futbol oynamağı özünə ar bilmir, şəxsiyyət vəsiqəsini dəyişməyə gəlmiş imkansızın cibinə pul qoyub yola salır, dostu Çingizin dörd il uşaq həsrəti çəkən gəlin qızının ana olacağını o, yuxusunda GÖRÜR, polis rəisi işlədiyi Yardımlının kasıb-kusubunu, əlsiz-ayaqsızını, dilsiz-ağızsızını o, ÖZ DOĞMASI bilir, oğlunun institutunu Bakıdan Naxçıvana dəyişir ki, kökünü unutmasın, ŞƏRƏF və DOSTU bildiyi AİLƏSİNİ doğru yola-ALLAHIN YOLUNA O vadar edir, İMANLI qadınına, ƏDALƏTLİ hakim olmaq istəyən oğluna, OCAĞININ ƏXLAQINA yaraşan qızına o, kürəyini SÖYKƏYİR, Məqamı ALLAHIN yanında olan SÖZÜN DƏYƏRİNİ də bilir. Bəlkə də ona görədir ki, şeir yazmağı da var... O, Şərur yallısını duyub oynayır. Dostu Çingiz müəllim deyir ki, Şamilin qarmonda çaldığı "Vağzalı”sını eşitməyə qulaq, duymağa insan lazımdı. Onun heç kimə, heç dostlarına da açmadığını qəlbi və barmaqları danışır... 
O, futbolu da çox sevir, həm də boksçu olub.
Şamil müəllimə haqsızlıq edənin nə günə düşdüyünü çoxları ÇOX GÖRÜB. Görənlər deyirlər ki, onun qəlbi təmizdi, ona sataşan zərər çəkir...
O da bütün insanlar kimi səhv və içinə uyğun olmayan hərəkətlər edib, ancaq altını da çəkib, peşiman da olub. Özünü isə heç ALDATMAYIB. Pisini pis GÖRÜB...
ALLAHIN sevmədiyi YALANLARDAN və YALANÇILARDAN Şamil Seyidli də heç XOŞLANMIR...
P.S. ALLAHIM, SƏNDƏN çox razıyam. Şeytana fürsət vermədin ki, azdırıb SƏNİN sevmədiyin YALANI yazım...

Şükür Səlimxanlı,
mart 2012-ci il

Xəbər 1754 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR