İbrahim Rüstəmli: “Silah adı çəkiləndə qələm heç kimin yadına düşmür...”

İbrahim Rüstəmli: “Silah adı çəkiləndə qələm heç kimin yadına düşmür...”

Əməkdar jurnalist, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli Azadinform-a müsahibə verib.  

 

İbrahim Rüstəmli kimdir? 

- Mən əsgərəm! Özü də lap uşaqlıqdan. Səmimi sözümdü, illərin o tayındakı şəkillərimdə atamı, böyük qardaşlarımı necə qarşılamışamsa, illərin bu tayında qalan indimi də eləcə, hər səhər əsgəri salamlarla qarşılayıram...

Mən əsgərəm! Ağlım kəsəndən bu adı özümdən çox sevmişəm, özümdən çox qorumuşam. Həyat tərzim, davranışım, mütaliəm, yaradıcılıq axtarışlarım, yuxusuz gecələrim, bir sözlə, hər şey və hər şey bu adın qələbəsi üçündür!

"Şahnazaryana açıq məktub”, "Serj Sərkisyanın heç yerdə görmədiyiniz portreti, yaxud yas yerindən reportaj”, "Gevorkyanlar ailəsinin sirri”, "Ermənistan (ordusu) –zəncirin sın(dırıl)mış halqaları”, "Qraçik Muradyana açıq məktub”, "Aprel döyüşləri” və s. və i. Sadaladığım bu yazıların da həqiqi müəllifi əslində mən deyiləm, o Əsgərdi! Döyüşən Əsgər!.. 

Doğulduğunuz yer, həyata ilk addımlarınız...

- Nəsil şəcərəmizin coğrafiyası zəngindi. Üzü bəri gələ-gələ bir babamızı Qarsda, bir babamızı Göyçədə, bir babamızı Qazaxda, bir babamızı da Biləsuvarda dəfn etmişik. Özüm Kəlbəcərdə doğulmuşam. O vaxt atamın xidməti işi ilə əlaqədar ilin yarısını aranda, yarısını da Qarabagda, Basarkeçərdə, bir sözlə, dağlarda köç salardıq. Yəni, mən öz həyatımı qan yaddaşımın və hər şeyə qeyri-adi heyrətlə baxan bir uşağın diqtəsilə yaşamışam. O uşağın fantaziyası kimi, Vətəni də sərhəd tanımayıb.  Bəlkə elə buna görə heç vaxt özümə sığmamışam: həmişə özümdən daşmışam. Hər halda, yurdu yağmalanmış insan üçün bu yükü daşımaq çox ağırdır. Ancaq indi mən nə edim ki, qan yaddaşım kimi, hər şeyə qeyri-adi heyrətlə baxan o uşaq da insaf-mürvət tanımır! Həyatımın axarını dəyişəcək dərinliklərin sirri isə məxfi kodlarla şifrələnib. O kodların açarı Göyçədədir, Zəngəzurdadır, Qarabağdadır. İlk dəfə cəbhədə gördüyüm, tanış olduğum dostlarım ətrafındakılara məni tez-tez "Qarabağlı biləsuvarlı” kimi təqdim edirlər. Tanımayanlarda bu, təbii gülüş doğurur. Amma təqdimatın semantikası kifayət qədər ciddi məqamlarla cilalanıb. Alt şüurdan gələn siqnallar yeraltı çaylar kimidir, gecə-gündüz kükrəyir, kirimək bilmir. Və yalnız dənizə qovuşanda kəşf olunurlar! Məsələn, Ağdam mənim uşaqlığımın nağıl kimi möcüzəli şəhəridir. Ağdam mənim işğal olunmuş uşaqlığımdır! Ona görə də özümü dünyanın ürəyindən vurulan, amma yenə də nəfəs alan, yaşayan yeganə əsgəri sayıram. Nəfəs almaq, yaşamaq bir kənara dursun, bu əsgər həm də döyüşür! Çünki o qanuni əsgərdir! Qanuni oğrulardan bəhs etməyimiz yetər! Bir az da qanuni əsgərlərdən danışaq! Ola bilsin indi bu döyüşçüləri çoxu tanımır, amma yeraltı çaylar kimi, onlar da öz dənizinə - Zəngəzura, Göyçəyə, Qarabağa qovuşanda mütləq kəşf olunacaqlar...

Qələm və silah. Hansı daha çox öldürür, hansı daha sərrastdır?

- Silah adı çəkiləndə qələm heç kimin yadına düşmür, amma qələm deyəndə ilk düşündüyümüz silah olur. Yəni silah qələmə aid cəhətlərin ancaq bir hissəsidir. Deməli, silah yalnız öldürmək üçün deyil, silah həm də yaşatmaq üçündür.

 

Bir əsgərin duyğularını hansı dolğun ifadə edər?

- Fikrimcə, hər yaxşı qələm sahibi həm də yaxşı əsgərdir, amma hər yaxşı əsgər əsl qələm sahibi deyil...

Əsgərliyi başa vurdunuzmu?

- Mən indi özümü daha çox əsgər sayıram, mən indi özümü daha çox ordumuzun yanında görürəm, mən indi özümü heç vaxt olmamış kimi qoruyuram. Azıb gələn qəzaların, təsadüflərin qurbanına çevrilmək bir əsgər üçün dünyanın ən ucuz faciəsidir. Çünki azıb gələn qəzalar, təsadüfi ölümlər o əsgərin həyat kitabını bir andaca yarımçıq əlyazmaya çevirir. Bu əlyazmanın davamını isə ondan başqa heç kim görmür, heç  kim oxumur. Bu, cəbhədə iki ayağını itirən döyüşçünün öz anasını hər gecə yuxudan oyadıb "ayaqlarımın altı qaşınır, ana, ayaqlarımın altını qaşı” deməsi kimidir... Sözə-söhbətə sığmayan müsibətdir. Çünki əsl əsgərin həyat kitabı ancaq və ancaq ya düşmən gülləsilə, ya da Qələbə salnaməsinin möhtəşəm akkordları ilə tamamlana bilər... 

Ağrımı, azadlıqmı güclüdür?

 

- Azadlıq kamil insanlara xas cəhətdir. Yaranışın sirlərindən agah olanlar öz ağrılarını əbədi azadlıqları ilə bələyiblər. Biz o ağrıları heç vaxt olduğu kimi görmürük, hiss etmirik. Onlardan bizə qalanlar isə bu ağrıların vəhşi bir ehtirasla üstümüzə yeriyən, iliyimizədək işləyən bumbuz heykəlləridir. Hüseyn Cavidin məzarından tapılan bir cüt yun corab kimi...

Gündə neçə dəfə ölürsünüz?

- Mən ancaq bir dəfə - heç kim bu sualı mənə verməyəndə öləcəm...


Yazılmamış qanunlar var. Və bu özünü ən çox savaşlarda biruzə verir. Siz həm də ehtiyatda olan polkovnik-leytenantsız. Mənə elə bir xatirənizi danışa bilərsinizmi ki, onun yazılı izahı olmasın?


- ...Döyüşdə həlak olan əsgərə yaxınlaşdım. Gözləri dipdiri idi. Mənə elə gəldi ki, O hələ ölməyib, O hələ sağdı! Onun sağ olduğuna, qulaqlarımı dodaqlarına söykəyəcək qədər inanmışdım. Bu inam indinin özündə də o şəhidin gözləri kimidir, dipdiridir... Son sözü ağzında qalmışdı. Mən onda ilk dəfə Sözün şəklini gördüm. Başa düşdüm ki, Söz də canlıdır. Söz də nəfəs alır. Bu mənim həm də Sözlə ilk sehrli təmasım idi: izahı mümkünsüz məqamlarla dolu təmasım. Bircə onu deyə bilərəm ki, Söz bizim duyduğumuzdan, gördüyümüzdən qat-qat artıqdır...

Qələbənin rəngi varmı?

- Əlbəttə, var! Bütün qələbələr qan rəngindədir!..

"Vətən savaşda kasıbların, barışda zənginlərindir”. Siz necə düşünürsünüz? 

- Gürcü yazıçısı Qoderzi Çoxelinin "Küknarlara məktub"unu xatırlayırsınızmı? Baxın mən də o əsərin baş qəhrəmanı Be­ri kimiyəm. Kürəyimdə neçə-neçə xəncər tiyəsi cücərib. O tiyələrdə əl izləri qalan adamlar haqqında bildiklərimin mində birini yazsam, durduqları yerdə yüz ildən sonra da ot bitməz. Ona görə, ümumiyyətlə, bu haqda düşünmək və danışmaq istəmirəm. Mətbəx qoxusu verən məişət söhbətlərindən uzağam. Düşünmək və yazmaq üçün kifayət qədər mövzum var. Onlara ancaq vaxt tapıram. Yeganə istəyim Azərbaycan Əsgərinin kamil bir obrazını yaratmaq və cəmiyyətə təqdim etməkdir. Onun bu təqdimata haqqı var...

Hərbçi və jurnalist. İbrahim Rüstəmli bu ikisini necə ram edir?

- Hərbçi, düşmən, cəbhə, səngər, silah, döyüş... Görün bu sözlərin dinamikası nə qədər güclüdür. Yalnız ali təhsil ocaqlarında yiyələndiyin biliklərlə bu dinamikanın öhdəsindən gələ bilməzsən. İlk növbədə güclü xarakterin və davamlı mütaliən olmalıdır. Sonra düşüncə işgüzarlığı, yaradıcı münasibət gəlir. Və ən ümdəsi: Sözün nüfuzu! Sözün nüfuzunu qorumalısan ki, Söz də sənin nüfuzunu qorusun. Cümlələrində hər bir kəlmənin, hər bir durğu işarəsinin harmoniyasını, "qohumluğunu”, doğmalığını hiss elətdirməlisən; hər sözü özündən əvvəlkinin davamına çevirməlisən. Mən buna Sözlərin xoreoqrafiyası deyirəm...

Bununla belə, xidmət dövründə bir sıra xarici ölkələrdə nüfuzlu informasiya mütəxəssislərinin mühazirələrində iştirakımı da xüsusi vurğulamalıyam. Amerika, Almaniya, Fransa, Türkiyə, İtaliya, Polşa, İspaniya... kimi dövlətlərin döyüş təcrübəsi keçmiş informasiya  generallarının hər biri ayrı-ayrılıqda praktik baxımdan akademik biliyi ilə yadımda qalıb. Onlarla hər görüşüm məndən ötrü əsl hadisəyə çevrilib. Əgər hərbi jurnalistikada uğur qazanmışamsa, buna görə həm onlara, həm də bu görüşün səbəbkarına, yəni öz ölkəmə minnətdaram. 

Sonda ordumuzla bağlı fikirlərinizi də eşitmək maraqlı olardı.

- Ordu ilə bağlı düşüncələrimdə heç vaxt ciddi redaktələrə ehtiyac duymamışam. Məqsəd və məramımın özəyində həmişə milli maraqlarımız dayanıb. Özümü ordu ailəsinin tam hüquqlu üzvü sayıram. Silahlı Qüvvələrimizdə qazanılan hər bir uğur, həm də mənim uğurumdu. Xüsusilə Ermənistanda yaşananlarla bağlı silsilə yazılarımı, öz səngərimdən düşmən düşərgəsinə atdığım mərmi kimi, hərbimizə dəstək məqsədilə qələmə alıram. Axı ordu ölkənin ən mürəkkəb mexanizmə və struktura malik institutudur. Onun xüsusilə informasiya dəstəyinə həmişə ciddi ehtiyacı var. O üzdən yarana biləcək hər hansı bir boşluğu vaxtında doldurmaq ilk növbədə vətəndaşlıq borcumuzdur. 

Ümumiyyətlə, son dövrlərin statistikası ciddi məqamlarla yadda qalır. Silahlı Qüvvələrimizdə qeydə alınan neqativlərin sayı minimuma endirilib. Nizam-intizam, döyüş hazırlığı gücləndirilib. Silahla davranmada, qarşılıqlı münasibətlərdə pozitiv dinamika qeydə alınır. Sosial sferada dəyişiklər yüksələn xətlə cərəyan edir.

Fikrimcə, bunun əsas səbəblərindən biri də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən son dövrlərdə hərbi qurumlara nəzarət mexanizmində aparılan ciddi kadr islahatıdır. Digər tərəfdən, ölkə başçısının tapşırığı ilə ali idarəetmə strukturu rəhbərlərinin tez-tez hərbi hissələrə baş çəkməsi, şəxsi heyətin sosial-məişət şəraiti, döyüş hazırlığı, nizam-intizamı ilə yerindəcə maraqlanması da gələcək perspektivlər üçün ciddi zəmin yaradır. Bu mənada ötən həftə prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərovun müdafiə naziri, general-polkovnik Zakir Həsənovla cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olması xüsusilə diqqəti çəkir. Bütün bunlar əgər bir tərəfdən idarəetmə strukturlarını yerlərdəki şəxsi heyətə daha da yaxınlaşdırırsa, digər tərəfdən problemlərin çevik həllinə yol açır. 

Bilirsiniz, ordu milli maraqlarımızın təməl sütunudur: böyük missiyanın, ağır yükün lokomotividir. O bu yükün altında hər bir kəsin çiynini hiss edəndə yenilməz gücə çevrilir, qalib olur...

 

Картинки по запросу İbrahim Rüstəmli

Картинки по запросу İbrahim Rüstəmli

 
Xəbər 1098 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR