“Heydər Əliyev bizə müasir Azərbaycanı bəxş edib” - İqbal Məmmədovla MÜSAHİBƏ

“Heydər Əliyev bizə müasir Azərbaycanı bəxş edib” - İqbal Məmmədovla MÜSAHİBƏ

Millət vəkili İqbal Məmmədovun aktual.az-a müsahibəsi

- İqbal müəllim, ilk öncə Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi haqda danışaq. Bildiyim qədər yubiley tədbiri Lerikdə də çox yüksək təntənə ilə keçirilib.

- Tamamilə doğrudur. Tədbir Lerik rayon Mədəniyyət mərkəzində keçirildi və həqiqətən olduqca təmtəraqlı bir mərasim alındı. Başqa cür ola da bilməzdi. Çünki millətimiz, xalqımız çox gözəl bilir ki, Azərbaycanın ən çətin anlarda xilası,  bu günki rifahı, mövcudluğu, inkişafı birbaşa YAP-ın və onun qurucusu olan Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Yeni Azərbaycan Partiyası yaranmasaydı, ümummilli lider bu şərəfli missiyanı, yükü həmin vaxt öz üzərinə götürməsəydi Azərbaycanın ümumən, geniş anlamda varlığı belə təhlükə altında qalacaqdı. Heydər Əliyev parlamentdəki məşhur çıxışında da qeyd edirdi ki, bu tarixi yükdən xalqımın naminə, xalqımı sevdiyim üçün imtina etmədim və bundan sonra nə ömrüm qalıbsa həmin ömür də hər zaman olduğu kimi yenə Azərbaycan xalqına həsr olunacaq. Ulu Öndər bu sözləri dedi və dediyini də etdi. Yaşatdı Azərbaycanı. Qorudu Azərbaycanı. Bilirsiniz, öz timsalımda deyirəm: insan yaşa dolduqca dərin mətləbləri, həqiqətləri daha gözəl anlayır. Onda da anlayırdıq, amma bir yerə qədər. İndiki kimi deyil. İllər keçdikcə Heydər Əliyevin həmin vaxtlar nə əziyyətlər çəkdiyini, hansı gərginliklər, yuxusuz gecələr hesabına Azərbaycanımızı ayaq üstdə saxladığının fərqinə varırsan. Allah Ulu Öndərimizə qəni-qəni rəhmət eləsin. Nə yaxşı xalqımızın içindən belə bir lider çıxdı, o da bizə müasir Azərbaycanı, "Yeni Azərbaycan” adında partiyanı bəxş elədi. 25 il yaxın keçmişdi. Amma həm də şərəfli bir yolu özündə ehtiva edən müddətdir. Biz də yaşlaşırıq artıq. Amma çox şükürlər olsun ki, YAP-ın mahiyyətini, gücünü, sanbalını dərk edən böyük bir gənclik ordusu yetişir, onlar ürəklə, şövqlə, sevinclə, ümidlə bu partiyanın sıralarına qoşulurlar. Yeni Azərbaycan Partiyası keçmişin, bu günün və gələcəyin partiyasıdır, əzəmətli bir partiyadır, Azərbaycançılıq ideyasından doğan partiyadır. Bu gözəl gün, 25 illik yubiley münasibətilə medianın imkanlarından istifadə etməklə bir daha xalqımızı və partiyadaşlarımı təbrik edirəm.

- Dünən Prezidentin sərəncamı ilə bəzi partiyadaşlarınız təltif olundu. Onlara ünvanlanacaq bir sözünüz varmı?

- Əlbət ki, var. Hamısını təbrik edirəm. Hər biri mənim əzizlərim və doğmalarımdır. Bilirsiniz, YAP həm də birlik, doğmalıq etalonudur, nümunəsidir. Biz bir-birimizin uğurlarına sevinə-sevinə böyüyürük, ucalırıq, möhkəmlənirik. Dəyərli həmkarım Siyavuş müəllim də, sərəncamda adları keçən digər partiya üzvləri də o gözəl təltifləri, adları haqq ediblər. Heydər Əliyev siyasətini, ideyalarını davam etdirmək bizim üçün ləyaqət işidir. Cənab prezidentə də sonsuz təşəkkürlərimi bildirirəm ki, bu partiyanın qurulmasında, möhkəmlənməsində əməyi və zəhməti olan insanların fəaliyyətini bu şəkildə dəyərləndirib və onları təltif edib. Bir daha bu münasibətlə fərəh hissimi və təbriklərimi bölüşürəm.


 - Azərbaycanın beynəlxalq aləmdə, qlobal siyasətdə bugünki rolunu necə görürsünüz?

 - Cənab prezident hər zaman balanslı siyasətin tərəfdarı olub. Təbii, söhbət beynəlxalq yönümdən gedir. Ermənistan istisna olmaqla bütün qonşularımızla gözəl münasibətlər qurulub. Ermənistanla da bağlı məsələ aydındır. Çünki torpaqlarımızı işqal edib, BMT-nin qətnamələrinə əməl etmir, öz naqis siyasətinə haqq qazandırmağa çalışır. Eyni zamanda bu siyasətlə özünü Qafqaz regionundakı, Avropa miqyasındakı böyük layihələrdən təcrid edib. Beynəlxalq hüququn prinsiplərinə əməl etmədikcə də bu vəziyyət beləcə qalacaq. Amma görün, Azərbaycanımızın nə qədər böyük uğurları var. Elə Bakı-Tbilisi-Qars dəmir yolu xəttini götürək. Ən yaxın günlərin hadisəsi olduğu üçün. Bütün dünya mediasının manşetləri bu hadisədən yazdı. Ya da olsun Avropa oyunları, İslam həmrəyliyi oyunları, "Evrovizion” tədbiri.  Səsi-sədası hər yerə yayıldı.  Bilirsiniz, siyasət elə ancaq siyasi təmayüldən, siyasi gedişatlardan, diplomatiyadan ibarət deyil. İdman da, mədəniyyət də özü özlüyündə siyasətdir. Yəni dediyim odur ki, Azərbaycan kompleks siyasət yürüdür və bütün sahələr üzərindən Avropaya, dünyaya pəncərələr açır. Ona görə beynəlxalq nüfuzumuz, adımız həmişə üst pillələrdədir. 


 - İqbal müəllim, qarşıdan prezident seçkiləri gəlir. Siyasi meydanda YAP-a rəqib olacaq partiya, siyasi güc görürsünüzmü?

 - Qətiyyətlə deyirəm ki, xeyr! Görmürəm. Siz indi bunu məndən millət vəkili, ölkə iqtidarına, onun rəhbərinə simpatiyası olan biri kimi soruşursunuz. Amma inanın, sadə xalq, sadə vətəndaş da eynən mənim kimi düşünür. Bu ölkənin istənilən məkanına, istənilən rayonuna, bölgəsinə, zonasına gedin, sorğu aparın, heç deməyin jurnalistsiz, sadəcə münasibət öyrənin. Hamı mən deyəni, İlham Əliyevə güvəndiyini deyəcək. Cənab prezident rəhbər olduğu gündən etibarən bu xalqın, bu millətin qeydinə qalıb, onu göz görəsi uğurlara aparıb, ən əsası da bu dövləti Qafqazın ən güclüsü, Avropanın, dünyanın isə ən güclülərindən biri edib. Belə bir insanın, onun rəhbərlik etdiyi partiyanın alternativi, rəqibi ola bilərmi? Yox, məncə. Ola bilməz. Yeni Azərbaycan Partiyası müxalifət partiyaları kimi seçkidən-seçkiyə deyil, hər saat, hər gün, hər ay, hər il işləyən, çalışan partiyadır. Yeni Azərbaycan Partiyası müxalif partiyalardan fərqli olaraq ideoloji əsaslar üzərində qurulub. Yeni Azərbaycan Partiyası bəzi radikal iddiaçılardan fərqli olaraq gücünü kənardan deyil, öz xalqından alır, öz xalqının səsinə güvənir. Ona görə də davamlı qalib olur. 2018-ci il seçkilərində də belə olacaq. İlham Əliyev bu millətin, bu xalqın nicatıdır. O qalib partiyanın qalib lideridir və Azərbaycanı bundan sonra da öz rəhbərliyi ilə daha böyük uğurlara doğru aparacaq.

Aktual.az

Xəbər 2018 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR