Hər gün 1 milyard fincandan artıq içilən içki

Hər gün 1 milyard fincandan artıq içilən içki

Bu içkininin dünyada nə qədər içilməsini dəqiq hesablamaq yəqin ki, mümkün deyil. Amma dünyanın əksər ölkələrindən əldə olunan statistikaya görə dünyada hər gün təxminən 1.5 milyard fincan qəhvə içilir. Ağılasığmaz bir rəqəmdir, amma faktdır.
 
Aktual.az
 saytı mövzu ilə bağlı yazını təqdim edir.
 
Qəhvə dünyada ən geniş yayılmış içkilərdən biridir. Müxtəlif yerlərdə və müxtəlif şəraitlərdə, səhər, yataqdan duranda, işdə, kafedə, işguzar görüşlərdə qəhvə içmək əksər insanlar tərəfindən vərdişə çevrilib. Hazırda bu içkinin bir çox növləri və hazırlanma qaydaları var.
Əvvəlcə qəhvənin tarixinə nəzər yetirək. Hesab edilir ki, insanlar ilk dəfə qəhvəni 3000 il bundan əvvəl içməyə başlayıblar. Qəhvə ağacının meyvələrini içmək fikrinə düşmək insanlar üçün o qədər də asan olmayıb, çünki kal vəziyyətdə bu meyvələr çox dadsız və acı olur. Bu səbəbdən qəhvədən içki kimi istifadə edənədək çox uzun zamanlar keçib.
Qəhvənin vətəni Efiopiya sayılır. Köçərilər buradan onu Yəmənə gətiriblər və beləliklə də bu bitki becərilməyə başlanıb.
Əvvəllər insanlar qəhvə ağacının yarpaq və dənələrini yalnız çeynəyiblər, bu da onlara gün ərzində gumrah qalmağa kömək edib.
İlk dəfə qəhvə dənələrini qovuranın kim olduğunu bilmək mümkün olmasa da, belə bir fərziyyə var ki, qəhvə kollarının yandırılmasından sonra insanlar küldə bütov qalmış, lakin qovrulmuş dənələr tapıblar.
Qəhvə on yeddinci əsrin əvvəllərində Avropada ilk olaraq İngiltərəyə, sonra isə Fransaya gətirilib. Buraya qəhvəni Asiya ölkələrindən gələn səyyahlar gətiriblər. Qəhvənin Rusyaya gətirilmə tarixi isə 1665-ci ilə təsadüf edir.
1901-ci ildə Yaponiya mühaciri-amerikalı kimyaçı Satori Kato həll olunan qəhvə icad edib. Bu qəhvə bir çox insanların zövqünü oxşayıb və bütün dünyada böyük populyarlıq qazanıb.
Maraqlıdır, bəs qəhvə insan sağlamlığına necə təsir edir?
Qəhvənin insan sağlamlığına təsiri haqda müxtəlif fikirlər mövcuddur. Bəziləri onu faydalı, digərləri isə əksinə ziyanlı hesab edir.
Son araşdırmalara görə qəhvənin tərkibində olan kofein beyinə müsbət təsir göstərir, yaddaşı və diqqəti yaxşılaşdırır.
Alimlər özəlliklə müəyyən ediblər ki, kofein beyinin qısa müddətli yaddaşa cavabdeh olan alın payında baş verən biokimyəvi prosesləri aktivləşdirir.
Qəhvənin uzun müddət içilməsi isə qocalıq kəmağıllığını inkişaf etmə riskini azaldır.
Bundan əlavə, qəhvənin içilməsi xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır və bununla onkoloji xəstəliklərin təhlükəsini azaldır.
Həmçinin, müəyyən edilib ki, əgər insan gündə heç olmasa bir fincan qəhvə içsə, onda qaraciyər sirrozunun əmələ gəlmə ehtimalı 20 faiz azalar. Alimlər keçirdikləri tədqiqatlardan belə nəticəyə gəliblər ki, qəhvə hətta, şəkərli diabetin yaranması təhlükəsini də azaldır.
O cümlədən qəhvənin sidikqovucu vasitə olduğu da məlumdur. Bütün bunlarla yanaşı, əlbəttə ki, hamımız qəhvənin gumrahlıq mənbəyi olduğunu bilirik və hansısa səbəblərdən yuxusuz qalmaq məcburiyyəti qarşısında qalanda  qəhvədən istifadə edirik.
Lakin bir fikir də mövcuddur və heç də əsasız deyil ki, qəhvə insanın ürək-damar sistemi üçün ziyanlıdır. Həqiqətən, kofein arterial təzyiqi artırır və ürək döyünməni sürətləndirir. Bu səbəbdən qəhvə adətən hipertoniklərə zərərdir. O, həzm sisteminə də təsir göstərir, yüksək miqdarda mədə şirəsinin ayrılmasına səbəb olur, bu isə qastrit və mədə xorası zamanı zərərli ola bilər.
Beləliklə, əgər insanda qəhvə içməyə görə heç bir əks göstəriş yoxdursa, bu içki ona nəinki ziyanlı deyil, hətta faydalıdır.
Qəhvə haqda bir neçə faydalı məsləhəti də yadda saxlamaq gərəkli olardı.
Qəhvə germetik qabda saxlanılmalıdır. Əks təqdirdə o öz dad xüsusiyyətlərini itirir. Qəhvəni paketdə almısınızsa, yaxşı olar ki, onu dərhal kip bağlanan bankaya tökəsiniz.
Qəhvəni plastik qablarda saxlamaq olmaz.
Qəhvəni birbaşa dəmləməkdən əvvəl qovurmaq və üyütmək lazımdır, çünki üyüdülmüş saxlanılan qəhvə tədricən dad və ətrini itirir.
Qəhvə dəmləmək üçün bir çox üsullar mövcuddur, lakin bütün hallarda qab yaxşı yuyulmalıdır. Qəhvənin dəmlənməsi üçün istifadə olunan qab başqa məqsədlərlə istifadə olunmamalıdır.
Dəmləmə zamanı içkini qaynama həddinə çatdırmaq və xüsusən də qaynatmaq olmaz. Köpük qalxandan dərhal sonra qəhvədanı ocaqdan götürmək lazımdır.
Qəhvənin dadının yaxşılaşdırılması üçün ona bir çimdik duz əlavə etmək olar.
Qəhvə adətən ilıq deyil, ya çox isti, ya da soyuq içilir.
Bu içkiyə qarşı orqanizminizdə əks göstəriş yoxdursa milyonların sevimli içkisi olan qəhvədən siz də zövq alın. Və unutmayın ki, bu içkinin əsl zövqünü yalnız təbii qəhvədən almaq olar. //Modern.az
 
Aktual.az
Xəbər 947 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR