Gələn il kimlərin maaşı artacaq?

Gələn il kimlərin maaşı artacaq?

Müəlllim və həkimlərin gəliri çoxalacaq...

Gələn il ölkə üzrə maaşların artırılacağı gözlənilir. Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Milli Məclisdə büdcə müzakirəsi zamanı bildirib.

Nazir çıxışı zamanı diqqətə çatdırıb ki, gələn ildən yoxlamaların azaldılması, inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi tədbirləri sürətləndiriləcək, sosial proqramın icrası təmin ediləcək və orta aylıq əmək haqqı artaraq 474 manat, yaşayış minimumu 136 manat, inflyasiya 3,3% təşkil edəcək.

Kimlərin maaşları artırılacaq?

İqtisadçı ekspert Vüqar Bayramov AzVision.az-a açıqlamasında bildirib ki, növbəti ilin dövlət büdcəsində maaşların artırılması ilə bağlı vəsait nəzərdə tutulub.

Ekspertin sözlərinə görə, büdcə gəlirlərinin azalmasına baxmayaraq, 2016-cı ilin dövlət büdcəsində sosial xərclərdə artımlar olacaq.

V.Bayramov qeyd edib ki, neftin dünya bazarında qiyməti aşağıdır, regional çətinliklər var, amma bütün bunlara rəğmən sosial xərclərdə azalmalar deyil, artımlar proqnozlaşdırılıb: “Gələn ilin dövlət büdcəsində sosial xərclər əsas prioritet təşkil edir. Belə ki, 2016-cı ilin dövlət büdcəsində sosial xərclərin məbləği 5 milyard 867 milyon manat olacaq. Birbaşa əmək haqqı xərclərinə 3 milyard 523 milyon manat vəsait ayrılacaq ki, bu da 2015-ci il ilə müqayisədə 26,7 faiz çoxdur. Təqaüdlərin və sosial müavinətlərin verilməsinə 1 milyard 827 milyon manat vəsait ayrılacaq və bu da əvvəlki il ilə müqayisədə 11,2 faiz çoxdur. Əmək haqqı artımları müxtəlif sektorları əhatə edəcək. Bundan əlavə pensiyalarda da artımlar olacaq”.

Ekspertin qənaətinə görə, ən çox artım müəllimlərin maaşlarında qeydə alınacaq.

“Belə ki, differensial əmək haqqı sisteminin tətbiq edilməsi müəllimlərin əmək haqqılarında artım səviyyəsinin daha yüksək olmasına imkan verəcək . Eləcə də səhiyyə işçilərinin əmək haqqılarında artımların olacağı proqnozlaşdırılır. Həmçinin gələn il İcbari tibbi sığorta tətbiq ediləcək. Bu da səhiyyə sisteminin maliyyələşməsinə müsbət təsir göstərəcək.

2016-ci ilin dövlət büdcəsində müəllimlərin və həkimlərin maaşlarında artımlar proqnozlaşdırılıb. Müəllimlərin əmək haqqında daha yüksək artım qeydə alınacaq. Eyni zamanda təqaüdçülər də 2016-cı ilin dövlət büdcəsindən faydalanmaq imkanlarına malik olacaqlar”.

Xəbər 5371 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR