“Gedin deyin Putinə...” - Zelenski danışıqlardan imtinanı rəsmiləşdirdi: müharibə qızışacaq, yoxsa...

“Gedin deyin Putinə...” - Zelenski danışıqlardan imtinanı rəsmiləşdirdi: müharibə qızışacaq, yoxsa...

Donbas regionu, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına ilhaqından sonra Ukrayna Putinlə və onun iqtidarı ilə danışıqlardan rəsmən imtina etdi. Belə ki, prezident Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya Prezidenti Vladimir Putinlə danışıqların mümkünsüzlüyü barədə qərarını təsdiqləyib. Sənəddə qeyd olunur ki, "Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə danışıqların aparılmasının mümkünsüzlüyü konstatasiya olunur”.

Bununla paralel Ukrayna prezidentinin, Ali Radanın sədrinin və baş nazirin NATO-ya qəbul olunmaq haqqında müraciətinin mətni də təsdiqlənib. Həmçinin sənəddə "Rusiya Federasiyası tərəfindən eskalasiyaya müvafiq sanksiyalar və digər cavab tədbirləri haqqında” qanun layihələrinin qəbulunu sürətləndirmək üçün Ali Radaya tövsiyələr yer alıb.

Prezident Zelenskinin bu addımına Kremldən reaksiya verilib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Zelenskinin və ya Ukraynanın hər hansı gələcək prezidentinin mövqeyində dəyişiklik etməsini gözləyəcəyini bildirib.

Bəzi təhlilçilər bildirir ki, Zelenski Qərbin razılığı və tələbi ilə bu qərarı verib. Əgər Rusiyanın gözlədiyinin əksinə olaraq Zelenski qərarını dəyişməsə, danışıqlar masasına razı olmasa, bu, Rusiya-Ukrayna müharibəsinin daha geniş miqyas alacağı ehtimalını gücləndirir. Hətta müharibəyə digər ölkələrin qoşulacağı və ən azı regional savaşa çevrilməsi də qaçılmaz ola bilər. Geriyədönüş yoxdurmu? Hansı şərtlər daxilində tərəflər danışıqlar masasına razı ola bilər?


Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev deyir ki, Putin atom bombasına əl atarsa, burada hər kəs məsuliyyət daşıyacaq: "Əslində Rusiya və Ukrayna arasında başlayan müharibənin genişmiqyaslı olacağı hələ lap əvvəldən ehtimal edilirdi və bunun qarşısı vaxtında alınmalı idi. Müharibənin qarşısını almaq üçün isə mütləq kənardan təsir olmalıdır, beynəlxalq təşkilatlar məsələyə müdaxilə etməlidir, tövsiyələr verməlidir, dünya liderləri ortalığa mövqe qoymalıdır. Bunların hansısa biri oldumu? Olmadı. Oldusa da dostcasına olmadı. Artıq müharibə fazasına keçən həmin münaqişənin tənzimlənməsi, dayanması üçün səmimi təşəbbüs, səmimi vasitəçilik təklifi dünya liderləri arasında yalnız və yalnız Ərdoğandan gəldi. Vəssalam. Qalanlar isə ya prosesi miqyaslandırdı, ya da susdu.

Müharibənin ilk günündə, səhv etmirəmsə, Çin liderinə Qərb jurnalistləri belə bir sual vermişdi ki, prosesə müdaxiləniz hansı səviyyədə olacaq? O isə sualı sualla cavablandırmışdı: "Siz həyatda, məişətdə hansısa dostunuz kimləsə dalaşarkən onu davadan ayırmağa, digəri ilə barışdırmağa çalışırsız, yoxsa həmin dostunuzun əlinə silahı verirsiz?” Məncə, bu cavab çox məqamları ifadə edirdi və bir sıra istiqamətlərə ciddi mesaj idi. Üstəlik, məlum müharibənin geosiyasi maraqlar fonunda artıq lokal getmədiyinə, ad Rusiya və Ukraynanın olsa da, əslində daha geniş həcmdə vüsət aldığına işarə idi.

Təbii, danışıqlar masasına oturulmadıqca proses uzanacaq. Prosesin uzanması isə ölümlərin, humanitar problemlərin artımı deməkdir. Eyni zamanda münasibətlərin kəskinləşməsi. Baxın, Putinin məlum bölgələri Rusiyaya ilhaq etməsindən dərhal sonra Zelenski Rusiya ilə danışıqların mümkünsüzlüyü haqda sənədi təsdiqlədi. Yəni Zelenskinin qərarı Putinə cavab idi. Sabah Putin başqa cavab verəcək, Zelenski başqa. Və beləcə uzanacaq. Üstəlik, nəzərə almaq lazımdır ki, bu qərarların hər biri kritik və geridönüş ehtimalı çox az olan dövlət səviyyəli qərarlardır. Gələcəkdə həmin qərarlardan peşmançılıq hissi duyulsa belə məhz qürur məsələsi imkan verməyəcək ki, əks addımlar atılsın. Beləcə proses daha da qarşısıalınmaz bir məcraya yönələcək. Yaxşı, bəs çıxış yolu nədir? Hesab edirəm, tək çıxış yolu beynəlxalq təşkilatların və dünya liderlərinin məsələyə müdaxiləsidir. Həmin müdaxilə təxirəsalınmaz şəkildə olmalıdır və nəhəng dövlətlər ortaya barışdırıcı mövqe qoymalıdır. Münaqişənin regional savaşa çevrilməməsi, daha qlobal xarakter almaması üçün bütün cəhdlər edilməlidir. Çünki sabah nüvə müharibəsi başlasa, cavabdehliyi artıq hər kəs daşımalı olacaq".

AĞ Partiya Mərkəzi Aparatının rəhbəri, siyasi şərhçi Kamran Məmmədli Zelenskinin savaşı dayandırmaq imkanlarına sahib olmamasından söz açdı: "Rusiya işğal etdiyi ərazilərdə referendum keçirərək oranı öz tərkibinə birləşdirdikdən sonra geriyə dönüş indiki vəziyyətdə mümkünsüz görünür. Çünki danışıqlar masasında nəticənin əldə olunması üçün gərək hər iki tərəf geriyə addım atmağa və müəyyən güzəştlər etməyə hazır olsun ki, bu da indiki məqamda real görünmür. Fikrimcə, Rusiyanın son həftələrdə referendum keçirməsi və daha sonra Zelenskiyə dialoq təklifi ona işarədir ki, Putin işğal etdiyi əraziləri geri qaytarmaq niyyətində deyil. Çünki bunun əksi olsa idi, Putinin dialoqa çağırışı referendumdan sonra yox, öncə olmalı idi ki, dialoqda müzakirə etməyə və müəyyən güzəştlərə yer qalsın. Eyni zamanda Ukraynanın son uğurlu hərbi əməliyyatları və hər gün işğaldan azad olunan yeni ərazilərin elan edilməsi ərəfəsində Zelenskinin dialoqa getməsi Ukrayna xalqı tərəfindən birmənalı qarşılanmaz. Zelenski hazırda ABŞ-ın tam istəyinə uyğun olaraq bu müharibənin uzanmasına çalışır .

Oktyabrın 1-də ABŞ-ın Ukrayna üçün lend-liz qanunun qüvvəyə minməsi və daha sonra Baydenin Ukraynaya öz torpaqlarını geri qaytarmaq üçün hər cür dəstək verəcəyik bəyanatı bu müharibənin hələ başlanğıcda olmasına və illərlə davam edəcəyinə işarədir.
Düşünürəm ki, indiki məqamda müharibə bir müddətlik Ukraynanın cüzi üstünlüyü ilə davam edəcək.
Məsələnin yeganə sülh yolu və dialoq prosesinə qayıtması o halda ola bilər ki, Rusiya 24 fevraldan bu yana qədər işğal etdiyi bütün ərazilərdən geri çəkilsin və yaxud iki ölkədən hər hansı birində hakimiyyət dəyişikliyi olsun. Əks təqdirdə, bu müharibə hələ çox davam edəcək və dünyanı daha böyük fəlakətlərlə üz-üzə qoyacaq".

Tanınmış siyasi yazar Kənan Rövşənoğlu indiki şərtlərdə Kiyevin heç bir halda sülhə getməyəcəyini düşünür: "Əlbəttə, Ukrayna müharibəni dayandıra bilməz. Çünki torpaqları işğal altındadır, müharibəni dayandırması işğalla barışması mənasına gələcək. Çünki Rusiya istəyər ki, müharibə dayansın və qarşıdakı uzun illər boyu mənasız danışıqlar prosesi davam etsin. Amma Ukrayna üçün bu ən pis variantlardan biridir. Çünki hazırda Qərb Rusiyanı zəiflətmək üçün Ukraynaya hər cür yardım edir, müharibə dayanarsa, daha sonra bu yardımın davam etməsi şübhə altındadır. Buna görə də Ukraynanın dayanması üçün heç bir əsas yoxdur. Digər tərəfdən, taktiki olaraq indi Ukrayna ordusu cəbhədə təşəbbüsü ələ keçirib, hücumdadır. Amma yaxın bir-iki aydan sonra bu vəziyyət dəyişə bilər. Rusiyadan yeni qüvvələrin gəlməsi Ukrayna ordusunun çətinliyini artıracaq. Bu səbəbdən də indi dayanmaq yox, daha çox irəliləmək lazımdır. Mən əvvəldən bu fikirdəyəm ki, müharibənin bitməsi üçün indiki şərtlərdə tərəflərin birinin ağır zərbə alıb, ən azından ciddi bir döyüşdə məğlub olması lazımdır. Bu olmayana qədər heç kim dayanmayacaq. Rusiya, yəni Putin, əlbəttə, müharibənin dayanmasını istəyir, amma işğal etdiyi əraziləri qaytarmaq istəmir, Ukrayna isə yarımçıq atəşkəs istəmir, işğalla barışa bilməz. Bu mənada düşünürəm ki, noyabr və ya sonrakı aylarda döyüşlər daha da şiddətlənəcək. Çünki həm torpaq donacaq, hərbi texnikanın hərəkəti üçün əlverişli olacaq, həm də yeni qüvvələr gətiriləcək, Ukrayna yeni silahlar və güc əldə edəcək. O zaman müharibənin taleyini müəyyən edəcək həlledici qarşılaşma baş verə bilər. Düşünürəm ki, Ukrayna ordusu hücumu davam etdirib Rusiya qüvvələrini fevraldan sonra ələ keçirdiyi ərazilərdən qova bilsə, o zaman ruslar sülhə razılaşacaqlar. Əks təqdirdə, sürünən müharibə davam edəcək və tərəflər böyük toqquşmadan yayınıb mövqe döyüşləri ilə kifayətlənmək və yorucu müharibə davam edəcək”./"Yeni Müsavat"


Xəbər 1917 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR