Aktual.az xəbər verir ki, Modern.az-ın yazdığına görə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini və daha 7 ətraf rayonu işğal edən Ermənistan hakimiyyəti işğalçılıq siyasətinin əsas hədəfinə - Dağlıq Qarabağın dünya birliyi tərəfindən öz əraziləri kimi tanınmasına nail ola bilməyib. Əksinə, dünyadan təcrid olunmuş vəziyyətdə qalan bu ərazilərdə yaşayan 80 minə yaxın Azərbaycan ermənisi faktiki olaraq rəsmi Yerevanın girovuna çevrilib.

Hər an yeni müharibənin başlanacağı gözləntisi, yerli məmur və hərbi komandirlərin özbaşınalıq etdiyi, beynəlxalq blokada şəraitində heç bir perspektivin olmadığı Qarabağ ermənilər üçün bataqlığa çevrilib. Onlar hər vəchlə bu bataqlıqdan qurtulmağa və öz xoşbəxtliklərini Ermənistanda, Rusiyada və Qərb ölkələrində tapmağa çalışırlar.

Fransanın "Le Monde” qəzeti reportajlarının birində Qarabağdan mühacirətin miqyasını Şuşada yaşayan 29 yaşlı Surenin simasında təsvir etmişdi: "Mən Qarabağa dönmüşəm ki, evimi satım və ailəmi də götürüb Rusiyaya köçüm. Ölkə xaricində daha yaxşı çörək qazanmaq imkanımız var”.

Surenin dilindən Azərbaycan torpaqlarında yaşayan ermənilərin psixoloji durumu və narazılıqları da əks olunur. "Bizim ölkə (Qarabağdakı separatçı rejim-red.) sanki dərin yuxuya gedib. Dağlıq Qarabağın inkişafı mümkünsüzdür. Hökumət əsasən özlərini düşünən biznesmenlərdən ibarətdir. Onlar uf demədən insanları uçurumun kənarına atırlar”.

Ermənistan hakimiyyəti Qarabağda yaratdığı marionet rejimin inkişafda olduğunu, təbii artım və repatriasiya nəticəsində əhalinin çoxaldığı illüziyasını yaratmağa çalışsa da, Suren kimi sadə ermənilərin açıqlamaları bu illüziyanı sabun köpüyü kimi dağıdır. İşğal altındakı ərazilərdə son siyahıyaalama yerli əhalinin 150 minə çatdığını təntənə ilə elan etsə də, qeyri-rəsmi məlumatlar bu rəqəmin yalnız kağız üzərində olduğunu və Ermənistan ictimaiyyətini aldatmağa hesablandığını göstərir.