FHN əməkdaşları Daşkəsənə ezam olundular - Sel səbəbindən

FHN əməkdaşları Daşkəsənə ezam olundular - Sel səbəbindən

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Daşkəsən rayonunda güclü sel nəticəsində dəymiş ziyanı müəyyənləşdirmək üçün rayona ezam olunub.

Aktual.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Daşkəsən rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayev deyib.
Komissiya sədri bildirib ki, hadisə nəticəsində rayona ciddi ziyan dəyib: "Nazirliyin əməkdaşları burdadırlar. Hadisə gecə saatlarında olduğundan kəndlərə dəymiş ziyan bilinmir. Dəymiş ziyan müəyyənləşdiriləndən sonra ictimaiyyətə məlumat veriləcək".
Xatırladaq ki, iyunun 24-də saat 20:00 radələrində Daşkəsən rayonunda baş vermiş təbii fəlakət nəticəsində sel suları rayonun yol, elektrik, qaz və rabitə təsərrüfatlarına, sakinlərin fərdi yaşayış evlərinə və şəxsi təsərrüfatlarına, avtomobillərinə, ərazidə olan sosial obyektlərə, yaylaqlarda vətəndaşların mal-qarasına ciddi ziyan vurub.
Təbii fəlakət nəticəsində rayonun Təzəkənd, Pirverdilər, Rəsullu, Xoşbulaq, Qazaxyolçular, Qaraqullar kəndləri ərazisindəki körpülərə, yollara və obyektlərə daha çox ziyan dəyib. Sel suları Təzəkənd kəndi ərazisində keçid körpülərini tamamilə dağıdıb, Xoşbulaq kəndi ərazisində kəndin iki hissəsi arasında olan körpünü, bəzi istirahət-ticarət obyektlərinin köşklərini dağıdaraq aparıb, çay kənarında yerləşən bir neçə fərdi yaşayış evlərini yararsız hala salıb, bir çox yaşayış evlərini su basıb.
Qaraqullar kəndi ərazisində sel suları kəndlərarası avtomobil yolunun xeyli hissəsini sıradan çıxarıb, bir neçə avtomobili kənddən keçən çay sularının axınına salaraq aparıb. Çoxsaylı kənd yaşayış məntəqələrinin rayon mərkəzi ilə gediş-gəliş əlaqəsi kəsilib. Sel suları xeyli elektrik və rabitə dayaqlarını, 5 ədəd elektrik transformatorunu sıradan çıxarıb. Bir çox ərazilərdə dağlardan iri qaya parçaları qoparaq avtomobil yollarına tökülüb, həmin yollarda nəqliyyatın hərəkəti tam dayanıb və yararsız vəziyyətə düşüb.
Xəbər 167 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR