"Facebook" dakı şəkli ilə ürəkdağlayan şəhid qızına MƏKTUB


Əfsələddin Ağalarov

O əlindəkini bizə ver balaca. Qucaqlama onu, sinənə basdırma. Bəsdi, sil gözünün yaşını. O darağın hər iynəsi sənin sinənə batır, möhkəm basdırma ürəyinə. Sənin dərin incədi, bax göyərir dərin. Gördün neynədin, izi qaldı bax...

(Atasının darağını qucaqlayıb hər gün onun gələcəyini gözləyən ŞƏHİD gizir Rusif Ağayevin qızı Zəhra)

Dur yerdən Zəhra, soyuqdu yer. Sonra qarnın ağrayacaq, sonra yenə xəstələnəcəksən. Qoy onu yerinə. O sənin atan deyil, yoxdu daha sənin atan. O daraqdakı atanın saçının qoxusudur, o da çəkilib gedəcək indilərdə. Elə birazdan olmayacaq o qoxu da. Bəyaqdan burnuna çəkirsən darağın hər iynəsinin arasındakı kəpəklə dolmuş saç qırıntılarını. Birazdan bitəcək o saç qoxusu da, dolacaq ciyərlərinə hamısı.

Dur yerdən, utandırma bu qədər insanı. Sənin atan şəhid oldu, o bir mələk kimi göylərdən sənə baxır. Gör sənə nə qədər böyük bir ad verib – Zəhra. O daraq indi dünya qədər ağırdı qollarında. Gücün çatmaz onu çox daşımağa, qolun ağrayar. Bilirəm, o darağı hər qoxladığında, başını iki dizinin arasına salıb əllərinlə qulaqlarını möhkəmcə tutub qışqırmaq istəyirsən. Bəlkə dərin yuxudan oyanıb qarşında atanı görəsən deyə. Amma yuxuda deyilsən qızım. Bu yuxu deyil, bu sənin həyatla ilk tanışlığın, ilk salamlaşmağındır.

***

Daha heç nə sənin üçün əvvəlki kimi olmayacaq. Məktəbə gedəcəksən, daha da böyüyüb universitetə başlayacaqsan. Atan yanında olmayacaq heç birində. Sən atasının aldığı hədiyyədən danışmaq istəyən qızların sözünü ağzında qoyub dünən baxdığın filmdəki oğlanın qıza necə evlilik təklifi etməyindən danışacaqsan. Dərsdən sonra atasının maşının arxa qapısını açıb oturmaq istəyən tələbə yoldaşının “gəl səni də evə aparaq” sözünə “yox, atam gəlib götürəcək” deyəcəksən. Gülümsəyərək yalan danışacaqsan. Sonra o maşın yerdən tərpənən kimi arxasından çıxan qara tüstü düz burnuna qədər yaxınlaşacaq. Qara, ürəkbulandırıcı qoxunu heç bu qədər əsəblə ciyərlərinə çəkəcəyin ağlının ucuna belə gəlməzdi. Amma o gün çəkəcəksən. Daraqdakı qoxu kimi düz nəfəsinin ən son akkorduna qədər çəkəcəksən ciyərinə.

Amma o gün sənin atan yenə gəlməyəcək maşınla. O gün də metroya düşüb uzun metro qatarlarının ən sonuncu vaqonuna tərəf yaxınlaşacaqsan. Ayağını vaqona atıb gedib düz axırda, küncdə əyləşəcəksən. Üzbəüzündə qoca, ölümünə lap az qalmış bir qadın oturacaq. Corablarındakı palçıq, həftələrlə yuyulmayan düm ağ saçları və əlindəki rəngi qaçmış köhnə, içi boş bazarlıq “klyok”u ən çox diqqətini çəkəcək. Amma sən elə birincidən onun gözlərində zillənib qalacaqsan. Mənasız-mənasız ona baxıb susacaqsan. Heç o qadına baxdığının belə fərqində olmayacaqsan. “Növbəti stansiya...” cümləsində diksinib ayağa duracaqsan. Son anda vaqondan düşüb, qapının arasında qalma təhlükəsindən belə çəkinmədən özünü atacaqsan qatardan yerə. Səndən sonra maşinist qatarın qapısında kiminsə qaldığından qorxuya düşüb o qapıları yenidən açıb bağlayacaq. Sənsə artıq çıxışa doğru son sürətlə addımlamış olacaqsan.

Yenə evin yolun tutacaqsan gözəl qız. Sonra sevəcəksən, seviləcəksən, xəyanətə düçar olacaqsan və mütləq bir ər silləsi sənin də üzünü qızardacaq. Ərindən “məni istədiyin qədər döy, vur, çırp, amma nə olar atamı söymə” deyə xahişlər edəcəksən, yalvaracaqsan. Onun hər istədiyini edəcəksən, təki atanı söyməsin, onu təhqir etməsin deyə.

***

Anan dünyadan köçəndə “o bizə həm ata oldu, həm də ana oldu” deyəcəksən yasa gələnlərə. Ata sözünü belə ana sözündən əvvəl işlədəcəksən. Oysa, sənin anan sənə ilk olaraq atadan çox ana olmuşdu. Amma “ana” sözü ikinci olacaq həmişə.

***

Bax belə, ver indi o darağı bizə. Bu gün sənin düz 5 yaşın tamam olur. İlk dəfə atasız qeyd edəcəksən bu günü. Bu gündən sənin atasızlığın başlayır. Bu gündən artıq o tort sənin üçün heç bir mahiyyət daşımayacaq. Bu gündən bütün şirin şeylərdə sənin üçün bir acı mütləq olacaq. Mütləq...

Xəbər 2553 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR