Əsgər ölümündə təqsirləndirilən gizir azadlığa buraxıldı

Əsgər ölümündə təqsirləndirilən gizir azadlığa buraxıldı

Füzuli Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Pərviz Paşayevin ölümündə təqsirləndirilərək həbs edilən gizir Ramin Bayramovun işi üzrə məhkəmə prosesi keçirilib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmə istintaqı zamanı P.Paşayevin ölümündə R.Bayramovun iştirakı təsdiqlənməyib. Məhkəmənin hökmü ilə o, məhkəmə zalından azadlığa buraxılıb.
Məhkəmənin hökmü ilə razılaşmayan qarşı tərəf apellyasiya şikayəti verilib. Şikayət Şirvan Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilib.
Xatırladaq ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, 30 iyul 2016-cı ildə, saat 12:50 radələrində mərhum əsgər Paşayev Pərviz Paşa oğlu xidmət etdiyi bölmənin əsgərləri ilə birlikdə üzərlərində böyük təyin olunmuş gizir Bayramov Ramin Cahangir oğlunun göstərişinə əsasən, Beyləqan şəhərindən keçən Mil-Muğan su kanalının üzərində qurulmuş piyada keçidi üçün nəzərdə tutulmayan metal boruların üstü ilə kanalın bir sahilindən digər sahilinə keçmək istəyərkən müvazinətini itirərək kanala düşüb və suda boğularaq ölüb.
Faktla bağlı Füzuli rayon Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə hadisə yerinə baxış keçirilib, mərhum P.Paşayevin meyitinin xarici və daxili müayinələri aparılıb, çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-trasoloji ekspertizaları təyin olunub və digər zəruri hərəkətlər yerinə yetirilib.
Mərhum əsgər P.Paşayevin meyitinin xarici və daxili müayinələrinin nəticələrinə dair məhkəmə-tibb ekspertinin gəldiyi ilkin qənaətə görə, onun ölümünə suda boğulması səbəb olub.
İstintaq zamanı gizir Bayramov Ramin Cahangir oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.2-ci (rəisin öz xidməti borcuna səhlənkar yanaşması ağır nəticələrə səbəb olduqda) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiq olunduğundan, ona 2 avqust 2016-cı il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan olunub və Füzuli rayon Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, gizir R.Bayramov 2016-cı ilin aprel ayında cəbhədə erməni hərbi birləşmələrinin törətdiyi təxribatın qarşısının alınmasında iştirak edib.
 
Aktual.az
Xəbər 400 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR