Ərini bıçaqla öldürən qadın azadlığa buraxıldı - (EKSKLÜZİV FOTO)

Ərini bıçaqla öldürən qadın azadlığa buraxıldı - (EKSKLÜZİV FOTO)

Bakı Apellyasiya Məhkəməsində Cəlilabad rayon sakini Nuridə Kərimovanın (1989-cu il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmə prosesi başa çatıb. 

Aktual.az xəbər verir ki,  ötən il iyulun 23-də daxil olan məlumatla əlaqədar Sabunçu RPİ 12-ci polis bölməsinin əməkdaşları Ramana qəsəbəsinə yollanıblar, 9-cu neft mədəni ərazisində yerləşən ünvansız evdə üst-başı qanlı vəziyyətdə 1983-cü il təv. Vüqar Kərimovun meyiti aşkar edilib. Hadisə yerində müayinə aparılıb, cinayət məişət-təsərrüfat təyinatlı bıçaqla törədilib. Mərhumun arvadı Nuridə Kərimova saxlanılıb.

Təyin edilən məhkəmə-tibbi ekspertizasının nəticəsinə görə, Vüqar Kərimovun ölümünə - döş boşluğuna nüfuz edərək ürəyin yaralanması ilə əlaqədar kəskin qanitirmə səbəb olub. 

İstintaqın gedişatına müəyyən edilib ki, Nuridə Kərimova 2009-cu ildə ailə həyatı qurduğu əri Vüqar Kərimova qarşı, sonuncunun spirtli içki aludəçisi olması, digər zərərli vərdişləri, ailəsinə qayğı göstərməməsi, onu mütəmadi döyməsi və sair əməlləri səbəbindən daxilində nifrət hissi bəsləyib. İyulun 23-ü gecə saat ikinin yarısında sərxoş vəziyyətdə evə daxil olan yoldaşından gec gəlməsi səbəbi ilə maraqlanan Nuridəyə Vüqar zərbələr endirib, divara çırpmaqla, ona beyin silkələnməsi kimi xəsarət yetirib. Emosional gərginlik halnda masanın üzərində olan bıçağı əlinə alan Kərimova ərinin ürək naniyyəsinə zərbə endirərək, onu qəsdən həyatdan məhrum edib.

İş üzrə dindirilmiş Nuridə Kərimova ifadəsində, valideynlərinin istəyi ilə Vüqar Kərimovla ailə həyatı qurub. İlk 2 ili Kürdəmir rayonunda yaşayıblar, 2011-ci ildə Sona adlı övladları dünyaya gəlib, 2014-cü ildə isə Bakının Ramana qəsəbəsində ev alıblar. Həyat yoldaşı hər gün evə sərxoş halda gəldiyindən uzun müddət münasibətləri yaxşı olmayıb. Vüqar Sabunçu qəsəbəsində kafedə işləyib, gecə saat 2- radələrində içkili vəziyyətdə gəlib, dava salıb. Ailəli olduqları müddətdə əri onu çox incitib, əzab verib, azyaşlı qızının yanında onu amansızcasına döyüb. Dəfələrlə ata evinə gedib, lakin Vüqar bir neçə gündən sonra gəlib, hər şeyin yaxşı olacağını bildirərək onu geri qaytarıb. İyulun 23-ü gecə saat 2 radələrində evə gələn yoldaşından niyə gec gəldiyini soruşduqda, sonuncu yaxşı elədiyini söyləyərək, Nuridəni itələyib və boğazından tutaraq, möhkəm divara çırpıb. Baş nahiyəsindən bərk ağrı alaraq taqətini itirib. Vüqar qollarından tutub, ona növbəti zərbəni endirib. Otağda olan plastik oturacağı götürüb, başına vurmaq istəyərkən o, özünü müdafiə etmək üçün cəld əlini bıçağa atıb. Yoldaşını qorxutmaq, onu vurmasına mane olmaq və özündən uzaqlaşdırmaq istəyib. Vüqar üstünə gələrkən, kəsici alət sinə nahiyəsinə girib. Qonşulara xəbər vermək üçün küçəyə çıxıb, onlardan biri təcili yardıma və polisə zəng edib. Polis bölməsində əməlini səmimi etiraf edib. Kərimova qeyd edib ki, Vüqarı sevib, döyüb, incitməsinə baxmayaraq ondan ayrılmaq fikri olmayıb.

Zərərçəkmişin hüquqi varisi Safa Kərimov bildirib ki, Nuridədən gəlini olaraq pislik və ya əxlaqsız hərəkət görməyib. Hakimlərdən xahiş edib ki, o azadlığa buraxılsın, çünki nəvəsinin anasız böyüməsini istəmir.

Cinayət işinin bütün hallarını araşdıraraq məhkəmə nəticəyə gəlib ki, təqsirləndirilən şəxsin əməli Sabunçu rayon prokurorluğu tərəfindən düzgün tövsif edilməyib. İttiham aktı obyektiv hallarla yox, istintaqın subyektiv mülahizələri əsasında tərtib olunub.

Məhkəmə hesab edib ki, Vüqar Kərimov təqsirləndirilən şəxs tərəfindən yetirilmiş bıçaq xəsarəti nəticəsində ölsə də, o, bu hərəkəti zəruri müdafiə vəziyyətində törədib. Odur ki, CPM-nin müvafiq maddələrinə əsasən Nirudə Kərimovanın barəsində bəraət hökmü çıxarılmalıdır və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ ona izah edilməlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Kərimovaya bəraət verilib. Onun barəsində seçilmiş həbs-qəti imkan tədbiri ləğv edilib və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunub. 

Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib. 

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, protesti təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü 
qüvvəsində saxlayıb.











Xəbər 605 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR