“Ən ağır mədə xəstəliklərini pəhrizsiz sağaldıram” – Doktor Davud

“Ən ağır mədə xəstəliklərini pəhrizsiz sağaldıram” – Doktor Davud

"Dünən 3 yaşlı uşağın mədəsində qaraciyərə metastaz vermiş şiş aşkarladıq” 


Aktual.az Azərbaycanın ilk özəl klinikasının yaradıcısı Davud Qüdrətovun medicina.az-a müsahibəsini təqdim edir: 

- Davud həkim, siz uzun illər həkim kimi fəaliyyət göstərmisiz. Hansı missiya, hansı arzu sizi özəl klinika açmaq fikrinə saldı?

- Mən 1986-cı ildən Azərbaycana gəlmişəm. O vaxta kimi Moskvada işləyirdim. 1989-cu ilə kimi dövlət müəssisəsində şöbə müdiri kimi çalışmışam. 1989-cu ildə özəl tibbi fəaliyyətə başlamışam. O vaxt Qorbaçov bütün peşə sahiblərinə fərdi sahibkarlıq fəaliyyətinə icazə verdi. Mən də həkim kimi qərar verdim ki, özəl fəaliyyətə başlayım. O zaman Azərbaycanda bu cür fəaliyyətlə məşğul olan yeganə həkim bəlkə də mən idim. 1999-cu ildə  mərhum prezidentimiz Heydər Əliyev səhiyyənin özəlləşdirilməsi üçün müvafiq sərəncamlar verdi. Mən də "Doktor Davud” klinikasını yaratdım və rəsmiləşdirdim.

- Davud klinikasının özəlliyi nədədir?

- Mədə-bağırsağın zondsuz yoxlanması metodunu çox uğurla tətbiq etməyimiz əsas özəlliyimizdir. Bu metod xəstəyə çox rahat və əlverişlidir. Bilirsiniz ki, zond və kolonoskopiyadan xəstələr qorxur, buna görə yoxlanmaq istəmir. Bu metodu həkim terapevtlər, qastroenteroloqlar da tətbiq etməlidir. Mədənin USM-i diaqnostik baxımdan çox informativdir, hətta dəqiqlik baxımından qastroskopiya və rentgendən də üstündür. Niyə bizim həkimlər müasir və dünyada qəbul olunan mədə USM-ni müayinədə tətbiq etmir, bu mənə maraqlıdır. Baxın, bu "Qastroenterologiyada ultrasəs diaqnostikası” kitabıdır.  Bunu alimlər, professorlar yazıb. 

Bu da 2016-cı ildə çıxmış, Pimanovun "Mədə xəstəlikəri” tibbi kitabı - burda dünyanın elmi araşdırmalarının nəticələri qeyd olunub. Kitabda yazılır: "Mədənin bədxassəli şişlərinin transobdinomal müayinəsi 18 xəstənin heç birində səhv diaqnoz qoymayıb”. Yəni şiş olduğunu göstərib. Halbuki bu 18 xəstənin rentgen və qastroskopik müayinəsində 3-4 dəfə yayınma olub, yanlış nəticə göstərib, yəni şişi görməyib. 

- Yəni zondun görmədiyini USM təyin edib? Bu ki, dəhşətdir... 
- Mədənin 2 növ şişi olur: eksofit və endofit törəmələr. Eksofit törəmə mədənin boşluğuna çıxan və görünən törəmələrdir ki, bu da mədə xərçənginin 15 faizini təşkil edir. Qalan 85 faiz endofit toxumalar – mədə divarının içindədir. Təbii ki, mədəyə daxil olan zond bu şişi görməyəcək. Məhz bu divardaxili törəmələri erkən mərhələdə tapmaq üçün USM vacib üsuldur.  İndiyə kimi o qədər xəstə olub ki, ilkin mərhələdə biz mədədə şiş görmüşük, amma gedib başqa yerdə zondla baxıblar, deyiblər, yoxdur. Lakin zaman keçdikcə, o toxuma böyüyür, metastaz verir, mədə divarından mədə içinə keçir, o zaman ki zond görür, onda da artıq gecdir. Yüzlərlə belə faktlar var, sənədləşdirib saxlamışıq. Mədə diaqnostikasında qastroskopiyanın effektivliyi 65-70 faizdir. USM müayinəsində isə bu rəqəm 90 faizdir. Rentgen də gözəldir, qastroskopiya da, amma mədənin şiş törəmə xəstəliklərinin lap erkən mərhələdə diaqnozunda USM müayinə lap gözəldir. Həm də xəstə üçün rahatdır. Bu zond udmaq məsələsinə görə çox xəstələr gecikmiş mərhələyə kimi yubadıblar. Amma bilsələr ki, belə asan üsul var, tez-tez müayinə olarlar. 

Mədə diri bir orqandır. Onun motor funksiyasını endoskopiya müayinə edə bilməz. Mədənin dinamikasını, hərəkət funksiyasını, ötürmə mexanizmini də USM ilə görmək olur. Mədə xəstəliklərinin 70%-i funksional pozğunluqlardır: şiş yox, xora yox, amma xəstə şikayət edir, mədə köpür, həzm getmir, ağrı olur. Buna görə mədəni endoskopiyaya salmağın nə mənası var?  Həyəcanlanmış və ya yatmış mədənin təyinində USM həkimə əvəzsiz kömək edir. Həmçinin bağırsaqlarda bədxassəli daxili gizli şişlərin aşkarlanmasında əvəzsizdir. 
 

- Həmçinin kolonoskopiya... son zamanlar istənilən bağırsaq problemində pasiyenti kolonoskopia edirlər.
 
- Bu metod da gözəldir. Amma baxır kimə: hər qarnı ağrıyana kolonoskop etmək düzgün deyil. Bağırsaqda şişin olub-olmamasını bağırsaqların USM ilə görmək mümkündürsə, o zondla bağırsaqlarda gəzib, xəstəyə əziyyət verməyin nə mənası. Əgər kolonoskopla biopsi götürməmisənsə, onda niyə kolonoskopiya etdin ki? Kolonoskopiya ağır formalarda, biopsiyaya ehtiyac varsa, olunur. Hazırda 100 kolonoskopiyadan 90-ı biopsiyasızdır. Xəstəni təkcə müayinə edib, narkoz verib, zond salmaq, kolonoskop etməklə iş bitmir. Xəstəni doğru müalicə edib, ortaya iş çıxarmaq lazımdır.

Mədə, 12 barmaq və yemək borusunun xəstəliklərini Helikobakter infeksiyası yoxlanmadan müalicə etmək mümkün deyil. Bu bakteriya isə hamıda var: ağızdan-ağıza keçir. Ailədə arvadda varsa, ərdə də ola bilər.  Elə adam var, bu bakteriya ona pis heç nə etmir, çünki immuniteti, mədənin selikli qişası sağlamdır. Helikobakterin ştampları çoxdur: xərçəngli xəstədən keçməsi də mümkündür. Onu bədəndən təmizləmək çox çətin işdir. Qastroskopiyada bu bakteriyanın ötürülməsi də baş verə bilər. Analar körpəyə əmzik verəndə neynir: ağzında dezinfeksiya edir. Anada helikobakter varsa, ağız suyundan əmziklə uşağa keçə bilir. Helikobakter dərhal xəstəlik yaratmır, amma sonradan münbit şərait yarananda aktivləşir. 

- Azərbaycan mədə-bağırsaq xəstəlikləri ən çox yayılan ölkələrdəndir. Mədə-bağırsağı normal adam demək olar yoxdur. Müalicələr isə az effekt verir.

- Ən böyük aqressiya altında olan orqan mədəmizdir. Mədə ikinci beyindir, ən ağıllı orqandır. Çox hissiyatlıdır, hər dəyişikliyə birinci reaksiya verir. Harda nə gördüm aldım yedim, allı-güllü qablaşdırılmalı yeməklər, qidalar, bəzəkli qutularda ərzaqlar, konfetlər – bunlar mədənin evini yıxır. 

Daimi gərginlik, stress, işdəki narazılıq – bunların zərbəsini mədə çəkir. Ona görə ideal mədə tapmaq qeyri-mümkündür. Amma onu getdikcə pisləşməkdən, xəstələnməkdən qorumaq olar. Belə bir fikir var: QİDANI ALLAH YARADIB, KULİNARİYANI ŞEYTAN. Kolbasa, sosis, marketlərdə allı-güllü qutularda bəzənmiş istənilən şirniyyat, yarımfabrikat məmulatlar– hamısı Şeytan məhsuludur. Allah qidanı o cür yaratmayıb. Mədə sağlam qidaya həsrətdir. Məhsullar xarab olmasın deyə, mütləq ona əlavə kimyəvi maddələr qatılır, rəng vurulur, aromatizatorlar əlavə olunur. Kolbasa, sosiskanın tərkibində olan nitrit mədənin qənimidir. Selikli qişanı bir nömrəli zədələyici faktordur, kanserogen birləşmələr yaradır. Mədənin yerli immunitetini məhv edir. Helikobakteri də bunlar çoxaldır. 
 
- Bəs siz özünüz nələri yemirsiz?

-  Mən kolbasa, sosis, şoraba, tutma, rəngli konfetlər, yarımfabrikatlar yemirəm. Arada nəyinsə dadına baxmaq olar. Mədə-bağırsaq müalicəsində bəlkə də yeganə həkiməm ki, pəhriz təyin etmirəm. İstər xora, istər qastrit, istər qanaxması olan xəstələrə mənim pəhrizim: nə istəyirsən ye, amma yaxşı qidalar ye. Mədə horra, həlim qida xoşlamır,  kobud, amma saf qida sevir. Tibbdə indi bir istiqamət var: təcrübə ilə sübut olunmuş müalicə. Mən illərdir öz təcrübəmdə xəstəyə pəhriz gözlətməmişəm, yaxşı da effekt almışam. Xəstə var illərdir qızartma yemir, ancaq suda həll bişmiş, pörtmüş. Mədəsi isə düzəlmir. Biz necə ki, atəşkəslə ermənini Qarabağdan çıxara bilmərik. Savaşa qarşı savaşmalısan ki, müharibə bitsin. Mədə ilə həmçinin: hücum edib qalib gəlməlisən. Kobud qida: kababdı, qabırğadı, cız-bızdı, bozbaşdı, küftədi, plovdu. Təbii ki, çox yox, az yeyirsən, naz yeyirsən. 
 
- Bəs yediyimiz yağlar  mədəyə ziyan edirmi? 

- İnsan üçün əsas enerji daşıyıcıları: yağ, zülal, karbohidratlardır. Yağ saf, yüksək keyfiyyətli olmalıdır, satış üçün hardansa nəsə tapırlar, əlavə nələrsə qatılır, təki qazanım. Ən yaxşı yağ nehrə yağdır. Amma onun özünə də indi nələrsə qatılır. Tapsanız təmiz nehrə yağı alın, amma biz də sizin kimi mağazadan yaxşı bildiyimiz kərə yağlarından alırıq. Yağların şahı-kərə yağıdır. 

  - Davud doktor, özünəməxsus müalicə metodunuz, xüsusi dərmanınız, hər hansı sirriniz varmı?

- Doktor Davud özü dərman düzəltmir. 
 
Dərmanlar 3 cürdür: orijinal, geneliklər, saxta. Mənim etibar etdiyim dərmanlar var.  Mən həmişə yüksək mənimsəmə qabiliyyətli dərmanlar təyin edirəm. Kasıbdı deyə ucuz dərman yazmaqla, ona 2-3 dəfə dərmana pul xərclətmək olmaz. Məndə Amerika brendi NOW Food-un elə dərmanları var ki, aptekdə o gücdə dərman yoxdur. Xəstə qəbul edən kimi, qısa müddətdə yaxşılaşır. Xəstəyə saxta dərman yazmaq cinayətdir. Həkimin ilk işi yüksək keyfiyyətli dərman seçməkdir. Dərmanın ki, adını dəyişdilər, ondan uzaq olun. Dərman düzgün təyin olunanda müalicə edir. Səhv yazıldısa, dərmanlıqdan çıxır. Bir məsəl var: "Yumurtlamasan da fala dəymə”. Prinsipim budur. 
 
- Mədə xərçənginin sayının ildən-ilə artmasının səbəbini nədə görürsüz?

- Say ona görə artır ki, vaxtında diaqnoz qoyulmaların sayı artıb. İnsanlar daha çox müayinələrə gedir, vaxtında aşkar olunur. Səbəblər isə bizdən asılı olan və olmayan faktorlardır: qida, ekoloji, stress, texnika. Hazırda ətrafımızda konsaregen maddələr kifayət qədərdir. 30 il əvvəl atmosferdə bu qədər raiodalğa yox idi. İndi evdə bütün ailə üzvlərinin telefonu var. Müxtəlif dalğalar, vibrasiya, səs – bunlar orqanizmi yükləyir. Bu da indiki sivilizasiyanın problemidir. Ömür verən Allahdır, bir də var Əcəl-mayallaq. Biz o əcəl-mayallağın qarşısını alırıq. İnsanın yaradılışında ona 100 il ömür kodlaşdırılıb. İnsanda anadan olandan var olan kök hüceyrələrdən də çox şey asılıdır. İnsanı həyati vacib amillərlə - vitamin, minerallar, enerji mənbəyi ilə düzgün təmin edəndə onun bioloji yaşına xələl gəlmir. Bir də insana Yaradana inam, səbr, şükür güc verir. Əgər bədənində ağrı, narahatlıq varsa, bu siqnaldır. Sənin bir insan olaraq həyatın və Allahın qarşısında borcun vaxtında həkimə getməkdir. 
 
- Son pasiyentlərinizdən sizi şok edən pasiyent hansı olub?

- Elə dünən 3 yaşlı uşaqda mədəsində qaraciyərə metastaz vermiş şiş aşkarladıq. Diaqnoz qoyduq, kontrast KT də bu diaqnozu təsdiqlədi. Bu məni məyus etdi ki, bu yaşda körpədə bu cür metastazlı şiş.... Bu da bir sınaqdır. Həyatın sınaq və imtahanlarına şükür və səbr etmək lazımdır.
 
Xəbər 11579 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR