Emin Millinin üzərindəki qanlı ləkə

Emin Millinin üzərindəki qanlı ləkə

Taleh Şahsuvarlı

Azərbaycanımızda kifayət qədər ağır hadisələr baş verdi. Mingəçevir elektrik stansiyasında baş verən qəza nəticəsində ölkəni bürüyən qaranlıq əhali arasında təşviş və stressi təbii olaraq gücləndirdi, cəmiyyətdə gərginlik artdı. Bu, təbiidir. Çünki elektrik kəsintisi harada və hansı səbəbdən baş verməsindən asılı olmayaraq, infrastrukturu anında iflic edir, sosial həyatın bütün sferalarına öz neqativ təsirini göstərir. Bu cür fövqəladə vəziyyətdə medianın iki əsas vəzifəsi var. Birincisi, xalqın xəbər almaq haqqı çərçivəsində doğru-dürüst məlumatlar yaymaq; ikincisi, əhali arasında yaranmış panikanın, gərginliyin azalmasına çalışmaq, sosial həmrəyliyi dəstəkləmək, fəsadların qısa zamanda aradan qalxmasına töhfə vermək. 

Söhbət təkcə ondan getmir ki, Azərbaycan müharibə şəraitində yaşayan ölkədir və bu cür fövqəladə hallardan düşmən maksimum istifadə edə bilər. Elektrik enerjisinin kəsilməsi və bu kəsintinin saatlarla davam etməsi hətta torpaqları işğal altında olmayan ölkələrdə belə qarətlərə, soyğunlara, iğtişaşlara və tələfatlara səbəb ola bilər. İctimai maraqları hesablamaq məhkumiyyəti olan media quruluşları bütün bu riskləri göz önündə tutmağa borcludur. Bəs, həmin qaranlıq günlərdə Avropadan yayınlanan, "daha çağdaş və daha peşəkar” olduğunu iddia edən "Meydan TV”-nin rəhbəri Emin Milli nə etdi? Xalqın doğru xəbər almaq haqqına açıq sayğısızlıq göstərməklə cəmiyyətdə panikanın dərinləşməsi, ictimai gərginliyin artması və bunun sosial- siyasi etiraz dalğasına çevrilərək inqilabi proses xarakteri alması üçün çalışdılar. 

Əlbəttə, mən bir insanın hər hansı hakimiyyətdən narazı olmasına və onu dəyişmək üçün çaba göstərməsinə təbii baxıram. Ancaq hakimiyyəti dəyişmək təşəbbüslərini seçkidənkənar mexanizmlərlə gerçəkləşdirməyə çalışanların gerçək demokrat olduqlarına inanmadığım kimi, cəmiyyətə fayda verdiklərinə və verə biləcəklərinə də dərindən şübhə edirəm. Hər kəsə yaxşı məlumdur ki, yeni hakimiyyət formalaşması bir saatın, bir günün, hətta bir ayın işi deyil, cəmiyyətin bütün alt və üst strukturlarını silkələyən uzunmüddətli hüquqi prosesdir. İndi gəlin bircə anlığa təsəvvür edək ki, Emin Millinin ideoloqlarından biri olduğu sərgərdan-qaragürüh dəstənin işıqlar sönən kimi səsləndirdiyi "istefa” tələbini Azərbaycan iqtidarı qəbul edərdi və prezident İlham Əliyev nazirləri, digər məmurları toplayıb vəziyyəti nəzarətə götürmək, problemləri çözmək əvəzinə, bütün hökumətlə birgə görəvindən əl çəkdiyini açıqlayardı. Bu o demək olardı ki, ölkə günlərlə, aylarla işıqsız qalacaq, xəstəxanalarda və yollarda insanlar tələf olacaq, aclıq və susuzluq boy göstərəcək, evlər yarılacaq, mülklər talan ediləcək, fürsəti fövtə verməyən ermənilər də hücuma keçib bir neçə rayonumuzu işğal edəcək. Deməli, Emin Milli və ictimai rəyin onun xitab etdiyi tüfeyli seqmenti üçün nə vətənin, nə dövlətin, nə də insanların taleyi maraqlıdır. Demokratiya, hüquq, azadlıq və təhlükəsizlik kimi anlayışlar da onlar üçün əhəmiyyətli deyil. Əsas istəkləri odur ki, ölkə sözün tam anlamında xaosa yuvarlansın. Təki Emin Millilərin eqosu rahatlasın, qarşısında öhdəlik götürdüyü mərkəzlər tərəfindən təriflənsin və mükafatlandırılsın! Siz deyin, bu zehniyyətdə olan birini həm psixi, həm də ictimai maraqlar baxımından sağlam hesab etmək olarmı? 

Elektrik enerjisinin kəsilməsindən dolayı cəmiyyətdə stressin artdığı bir ərəfədə Azərbaycanın ikinci böyük şəhəri Gəncənin İcra başçısı Elmar Vəliyev güllələndi. Xəbər yayılar-yayılmaz hər kəs sui-qəsdi həyata keçirənin kimliyi ilə maraqlandı. Az sonra məlum oldu ki, Elmar Vəliyevi öldürməyə çalışan Yunis Səfərov adlı Rusiya vətəndaşıdır və radikal dindardır. Mühacirlər isə dərhal dezinformasiyalar tirajlamağa başlayaraq hadisənin səbəbi kimi "Yunis Səfərovun hamilə bacısının Elmar Vəliyev tərəfindən təhqir olunmasını” göstərdilər. "Hamilə bacı” söhbətinin ortaya atılması kökündən ağ yalan olmaqla terrora haqq qazandırmaq üçün düşünülmüş bir texnologiya idi. Məqsəd Yunis Səfərovun gerçəkləşdirdiyi terror aktına "sosial narazılıqdan doğan silahlı üsyan” qiyafəsi vermək və onu "qəhrəman” kimi təqdim etməklə ictimai rəyi xaosa hazırlamaq idi. Axı necə ola bilər ki, Almaniyada hüquq təhsili almış Emin Milli bilməsin, yaxud başa düşməsin ki, siyasi post tutan bir dövlət təmsilçisi güllələnirsə, həmin qəsd zamanı günahsız insanlar da yaralanırsa, tətikçi ideologiya daşıyıcısıdırsa və öz ideyasinı şiddət üsulu ilə iqtidara daşımaq niyyəti güdürsə, əməli alt və narazı qruplara  hesablanıbsa, bu, birmənalı olaraq terror deməkdir?!. Emin Milli necə hüquq müdafiəçisidir ki, hətta dünyanın ən zalım, ən qəddar məmuru olsa belə, bir insanın yaşamaq haqqına qarşı törədilən sui-qəsdi öyür və canlı yayıma çıxaraq sui-qəsdçini "qəhrəman” elan edir? Emin Milli necə demokrat, necə çağdaşlıq tərəfdarıdır ki,  məsciddən başlayan mübarizənin, hətta silahlı olmasa belə, son dayanacağının vətəndaş cəmiyyəti olmadığını anlamış deyil? Ən nəhayət, Emin Milli necə jurnalistdir ki, Yunis Səfərovun anası ilə telefonla danışır, amma ona əsas sualları ünvanlamır? 

Bəli, əgər doğrudan da Yunis Səfərovun anası ilə danışıbsa, Emin Milli ondan soruşmalı idi ki, xanım siz indi harada çalışırsınız? Çünki Azərbaycan cəmiyyətində iddialar var ki, Yunis Səfərovun anası Rusiyanın xüsusi xidmət orqanları üçün kadr yetişdirən ali məktəbdə kitabxanaçı işləyir və bu cür vəzifələrdə adətən həmin quruma bağlı olmayan şəxslər çalışmır... Görəsən, Emin Milli niyə həmin xanıma sual etmir ki, sizin gəlininiz hazırda haradadır? Maraqlıdır, Emin Milli Yunis Səfərovun həyat yoldaşının əvvəl audio, sonra isə görüntülü mesaj yayması, o mesajlarında ərinin qətl təşəbbüsünü "İmam Hüseynin və Taleh Bağırzadənin azyaşlı uşaqlarının qisasını almaq” cəhdi kimi təqdim etməsi faktını niyə ört-basdır etmək istəyir? Mənfəəti nədir ki, Emin Milli maddi güzəranı Moskvada normal olan, Rusiya pasportu daşıdığı üçün Azərbaycanda vətəndaş-dövlət münasibətlərinin subyekti sayılmayan, o cümlədən Gəncədə sahibkarlıq fəaliyyəti göstərməyən birinin əlinə silah alıb məmur güllələməsinin arxasında heç bir ölkədaxili mənəvi-siyasi faktor dayanmadığını niyə qəbul etmək istəmir, qarşılığında diqqəti terrorçunun təlimat ala biləcəyi mərkəzlərdən yayındırmaq üçün dəridən qabıqdan-çıxır?   

Emin Milli yenə də hay-həşir salır. Bu dəfə Gəncədə iki polis zabitinin qətlə yetirilməsindən xarici kəşfiyyatların aləti olan radikal dindar qruplara ictimai bəraət hasil etməyə çalışır. Azərbaycan cəmiyyətinin mövqeyi göz qabağındadır. Hər kəs polis qatillərini, onların arxasında dayanan məkrli qüvvələri lənətləyir. Bu lənətdən bir pay da elə Emin Milliyə düşür. Çünki Gəncədə yaralanan, ikisi şəhid olan üç polis əməkdaşının qanı sadəcə əlinə xəncər alıb asayiş keşikçilərinin üstünə şığıyanların deyil, həm də həmin iğtişaşların baş tutmasına ideoloji zəmin hazırlayan Emin Millilərin üzərindədir. O sadə səbəbə görə ki, Emin Milli tam bir terror dəstəkçisidir. Bəli, başa düşürəm ki, bu çox ciddi iddiadır, lakin rəyimi isbat etmək üçün istinad edəcəyimiz olduqca çox hüquqi və elmi dəlil var. Məncə heç kimə sirr olmamalıdır ki, terror demokratik üsullarla öz iddialarını reallaşdıra bilməyənlərin özlərini isbatlamaq cəhdidir. Fərqi yoxdur, demokratik üsullarla öz iddialarını gerçəkləşdirə bilməyənlər əlinə silah alıb dövlətin və cəmiyyətin güvənliyini sarsıdır, yoxsa qələm, hər iki halda canilik edir. Budur, Amerika Birləşmiş Ştatlarında Yüksək Məhkəmə (Supreme Court) tərəfindən çıxarılan bir hökmdə deyilir: "Terrorçu qruplara tövsiyyə və fikir vermək maddi dəstək səciyyəsi daşıyır və cinayətdir”! Əgər xatiriniz çəkirsə, terror və kütləvi informasiya vasitələri münasibətlərindən az-çox başı çıxan hər kəsdən soruşa bilərsiniz, onlar da bu sözümü təsdiq edəcək ki, terrorçular sadə insanlarda özlərinə qarşı simpatiya yaratmaqla cəmiyyətdə tərəfdar toplamaq üçün yeni mediya platformalarından maksimum istifadə etməyə çalışırlar. Emin Milli mənim fikrimcə heç də emosinal olmayan səbəblərdən terrorçulara simpatiya yaratmaq və dövlət ərkanını basqı altında saxlamaq xətti tutmaqla Azərbaycanın düşmənləri ilə eyni sırada qərar tutdu. 

İstənilən terrorçu və ona haqq qazandıran zehniyyətin daşıyıcısı öz sosial mənşəyinə görə dışlanmış tipdir. Sözün açığı, Emin Millinin Azərbaycan xalqı tərəfindən dışlanmasının əxlaqi tərəflərinə toxunmaq, daha doğrusu, bu barədə dərinə getmək istəmirəm. Lakin mən desəm də, deməsəm də, onun Bakıdakı mənzilində baş verənləri bilməyən, eşitməyən, izləməyən yoxdur. Necə deyərlər, axsaq atın kor nalbəndi olur. Yüz illərin sınağından çıxmış bu hikməti də xatırladıqda, Gəncədə polis zabitlərini qətlə yetirmiş şəxslərdən birinin ana qatili olması əsla təəccüblü görsənmir. Çıxan nəticə birmənalıdır: onlar ağıllı, savadlı, təmiz və demokrat olduqları üçün yox, əksinə, potensial ana və vətən qatilləri olduqları üçün dışlanıblar. Odur ki, Emin Milli ilə Əlikram Hümbətovun, Zabil Məhərrəmovun Azərbaycana qarşı aldıqları səfi sadəcə "səhv” kimi qiymətləndirmək olmur. Bu, heç tiraj, reytinq qayğısı da deyil! Xüsusən də nəzərə alanda ki, terrorçular həmişə simvollardan istifadə edir və təxribat günlərində müasirləşən Bakının simvolu sayılan "Alov qüllələri”nin Ermənistan bayrağına montaj edilmiş fotoları sosial şəbəkələrdə geniş yayılırdı, anlamaq asandır: düşmən ölkənin lobbi və kəşfiyyatı da Azərbaycanda gerçəkləşdirilən terror ssenarisindən ən azı bəhrələnməyə çalışırdı. 

Bəli, bir dövlət o zaman terrora meyil edir ki, öz hərbi, iqtisadi, diplomatik və s. gücü ilə maraqlarının toqquşduğu ölkəyə öz şərtlərini qəbul etdirə bilməsin və məqsədlərinə bu cür beynəlxalq hüquqa zidd olan üsullarla çatmaq istəsin. Bu baxımdan Azərbaycanın 26 iyunda keçirdiyi möhtəşəm paraddan sonra Ermənistanın terrordan bəhrələnməyə çalışması yox, fürsəti fövtə verməsi təəccüblü olardı. Terror təcrübəsi geniş olan bir ölkə kimi Ermənistanın yeni media məkanında istifadə edə biləcəyi və etdiyi texnologiyaları da fərq etmək çətin deyil, bu, terror şəbəkələri tərəfindən sınaqdan çıxmış və PR biliciləri tərəfindən çoxdan çeşidlənmiş üsullardır: olayların qarşısını almadığı bəhanəsi ilə hökumətlər, siyasət müəyyənləşdiricilər,  güvənlik qurumları ittiham edilir, dalğanın böyüyəcəyindən spekulyativ bir şəkildə söz edilərək əhali arasında panika yaradılır, "birini öldür, minini qorxut” taktikası işə salınır. 

Əlbəttə, Azərbaycan cəmiyyətinin prezident İlham Əliyevə göstərdiyi böyük inam və etimad qarşısında bu məkrli taktikaların heç biri ölkəmizi Suriyaya çevirə, vətəndaş savaşının fitilini atəşləyə bilməz. Xalq öz müstəqilliyinə, dövlətinə sonacan sahib çıxmaq əzmindədir. Ancaq meydana şeytan kimi çıxması, Bakını Dəməşqə, Gəncəni Rakkaya çevirmək planlarına maşalıq etməsi onu göstərir ki, Emin Millinin fondreyzinq elanları həm də erməni kəşfiyyatından və lobbisindən qoparlmış və qoparılacaq qara paraları yumağa xidmət edir. Yəqin ki, alacaq da, yuyacaq da! Ancaq ictimai vicdan qarşısında terroru dətəkləməklə bioqrafiyasına saldığı qanlı ləkəni heç zaman yuya bilməyəcək!
Xəbər 583 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR