Elşən Musayev: Bu gün ad günümdür...

Elşən Musayev: Bu gün ad günümdür...

Elşən Musayev

Ruh kimiyəm mən, hər ad günümdə. Vücudumdan çıxıb görünməz oluram. Dolaşıram o başdan üzü bu başa. Boxça götürüb yollanıram keçmişə, itirdiklərimi yol boyunca yığa-yığa gəlirəm. Uşaqkən hər ad günümdə dovğa bulayan, təndir başında sırf mənim üçün balaca kökə yapan nənəmi, sanki adətmiş kimi saçımı qarşdıraraq (əlində hədiyyə, yanında qırmızı sovet onluğu) yuxudan oyadıb alnımdan öpüb təbrik edən atamı, nə az-nə çox düz 4 il - "O gördüyün dağın arxasında oyuncaq dükanı var” – deyə başımı aldadan babamı və illər uzunu itirdiyim bütün əzizlərimi yığıb, toplayıb qayıdıram. Oturduram onları masaya.  Üzərində hamının rəsmi olan iri bir tort kəsirəm. Sonra başlayıram tamadalığa.  


Hamı bir-birindən xəbərsizdir. Məsələn, atam anama qəribə baxır. Amma fikrini Fidanla yayındırıram. Tanış edirəm onu nəvəsi ilə. Ardınca çönüb nənəmə deputat mandatımı göstərirəm. Əməllicə sevinir. Bir az kənardakı dostlardan isə məktəbdə ilk sevdiyin qızın, məhəllədəki yiyəsiz baxçamızın, zamanında 20-cə qəpik müqabilində bir dondurma, bir xoruz şirniquşu ilə mümkünatı olan xoşbəxtliyin aqibətini xəbər alıram...


Əqrəblər İsveç saatına köklənsə də, masa İsveç masası deyil. Arzular da, ümidlər də masaya servis olunub. Fəqət, heç nə doyacaq qədər deyil, sadəcə hamıya çatacaq qədərdir.


***


Mən - düz 6-cı sinifə keçənə qədər elə bilmişəm, rus dilində canavara "nu poqadi” deyirlər. 


Mən – xoşbəxtliyi daim rüzgar sanmışam. Əsib aldanmışam, əsməyib yenə aldanmışam. 


Mən – əlcəklərimi yayda qurutmuşam, qolsuz köynəklərimi qışda suya çəkmişəm. 


Mən -  heç nəyi itirib ayılmamışam. Hər şeyi ayılıb itirmişəm.


***


Masa səssizdir. Qədəhlər quruca süzülür, qalxır, toqquşur, boşalır.

Etməyin belə. Lütfən. 

Bu gün ad günümdür axı mənim....

Xəbər 1210 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR