“Dövlətlə şantaj dili ilə danışmaq olmaz” Vahid Əhmədov

“Dövlətlə şantaj dili ilə danışmaq olmaz”  Vahid Əhmədov

Hakim partiya namizədlərinin siyahısını açıqlamağı gecikdirməklə cəmiyyətin diqqətini özünə yönəltməyə nail olub. Seçki prosesi başlayandan ortaya iddia qoyanlarla yanaşı, hələ ki, YAP-ın iddialılarının rəsmiləşməsini gözləyənlər də az deyil. 
Milli Məclisin hazırkı tərkibində yer alan bəzi deputatlar isə artıq seçki dairəsini konkretləşdirib və prosesə start verib. Deputat, parlamentin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov 52 saylı Quba seçki dairəsindən namizədliyini yenidən irəli sürüb. 

Aktual.az Vahid Əhmədovun “Yeni Müsavat”a müsahibəsini təqdim edir: 

- Vahid bəy, əksər iddialılar YAP-ın siyahısını gözlədikləri halda, siz namizədliyinizi qətiləşdirdiniz. Seçdiyiniz dairə ilə bağlı hakim partiyadan hansısa reaksiya varmı?

- Mən artıq öz ərizəmi dairəyə təqdim etmişəm və imza vərəqələri də təqdim olunub. Ancaq YAP-la əlaqədar elə bir məlumatım yoxdur. YAP-çı dostlarım çoxdur, onların sırasında millət vəkilləri də var. Düzdür, YAP-ın qərarı var ki, partiyanın üzvü olan şəxs ancaq partiyanın siyahısı ilə namizəd olmalıdır. Ona görə də namizəd olmaq istəyən YAP üzvləri partiya siyahısını gözləyirlər. Amma mənim YAP-la əlaqədar elə bir ciddi problemim yoxdur, orda da həmkarlarım var. Odur ki, mən öz namizədliyimi müstəqil olaraq həmişəki kimi, 52 saylı Quba seçki dairəsindən vermişəm.

- Hakim partiyanın bu qədər tərəddüd etməsi, sizcə, nə ilə bağlıdır? Məlumatınız varmı?

- Yəqin ki, bu gün-sabah siyahı açıqlanacaq. Fikir verirsinizsə, deyirlər rektorlarla, biznesmenlərlə əlaqədar müəyyən problemlər var. Amma mən də bunu yalnız mətbuatdan oxuyuram. İstənilən halda YAP-ın İdarə Heyətinin qərarı bütün məsələlərə nöqtə qoyacaq.

- Kifayət qədər parlament təcrübəniz var, istiqlalçı deputatsınız. Azərbaycan parlamentini hansı tərkibdə görmək istərdiniz?

- Mən parlamentdə bir qədər dəyişklik olmasını istərdim. Daha çox ictimai-siyasi vəziyyəti gözəl analiz edə bilən, Azərbaycana qarşı dünyadakı təzyiqləri, təhdidləri anlaya bilən, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatı ilə uzlaşmasına töhfələr verə bilən şəxslərin millət vəkili seçilməsinin tərəfdarıyam.O cümlədən mənimçün ən çox əhəmiyyət kəsb edən məsələ Azərbaycanın müstəqilliyidir. Azərbaycanın müstəqilliyini qoruyub-saxlamağı bacaran, hər yerdə onun mənafeyini müdafiə edən insanların Milli Məclisə seçilməsinin tərəfdarıyam. Çünki indi çox ağır zəmanədir, dünyada çox ciddi siyasi proseslər gedir. Yaxın Şərqdə baş verənlər, qanlı müharibələr, Azərbaycan torpaqlarının Ermənistanın işğalında qalması, Azərbaycana qarşı son hadisələr, xüsusilə də ölkəmizin inkişafını gözü götürməyən bir sıra dövlətlərin - istər qonşu olsun, istər Avropa dövlətləri - təhdidləri, ümumilikdə bütün bunlar Azərbaycanda, əlbəttə ki, güclü parlamentin formalaşdırılmasını, siyasi-iqtisadi cəhətdən dərin biliyə malik olan, analitik təfəkkürə malik, qanunvericiliyi yüksək səviyyədə bilən şəxslərin deputat olmasını tələb edir. 

“Rusiyanın şirin vədinə heç vaxt inanmamışam, indi də inanmıram”

- Yəni deyirsiniz, ən azı biznesmenlərin öz biznesi ilə məşğul olmasına imkan yaratmaq lazımdır?

- Ola bilər Milli Məclisdə biznesmen də lazımdır. Çünki iqtisadiyyatla əlaqədar məsələlər var, o müzakirələrdə iştirak edirlər. Amma ən yaxşısı bu olar ki, biznesmen daha çox gedib öz biznesi ilə məşğul olsun, Azərbaycan iqtisadiyyatını inkişaf etdirsin, əhalinin iqtisadi tələblərinin yerinə yetirilməsində yaxından iştirak etsin. Bu, çox vacibdir. Lakin biznesmen də deputat olmalıdır. Çünki müəyyən biznes tələbləri var ki, biz müvafiq komitələrdə həmin məsələləri müzakirə edəndə biznesmenlərin mövqelərini həmişə nəzərə alırıq.

- Vahid bəy, dövlət başçısı son müşavirədəki çıxışında hökumətin yeniləşəcəyini bildirdi. Ciddi islahatlar gözləntiniz varmı?

- Prezident son günlərdə iki iclas keçirtdi. Birində əksər məmurlar iştirak edirdi, digərində isə 8 məmuru yığıb bir sıra məsələlərə aydınlıq gətirdi. Mən deyərdim ki, cənab prezident ictimaiyyətə çox ciddi mesajlar çatdırdı, bir sıra nazirlikləri tənqid də etdi və Azərbaycana olan təhdidlərdən geniş danışdı. Hətta Azərbaycanda Maydan hərəkatını başlatmaq istəyən qüvvələrin ölkəmizə qarşı təzyiqləri, bunun qarşısının alınmasından, həm ölkə xaricində, həm daxildə müstəqilliyimizi istəməyən müəyyən insanların xəyanətindən bəhs etdi. Cənab prezident bizim gözümüzün qarşısında baş verən bu hadisələri bir daha əhaliyə çatdırdı ki, Azərbaycanın iqtisadi inkişafını, onun sabitliyini istəməyən qüvvələr çoxdur.

- Bu günlərdə Avropa Parlamenti Azərbaycana qarşı çox kəskin qətnamə qəbul edib. Belə situasiyada ənənəvi “kimdir günahkar” sualı ortaya çıxır. Sizin yanaşmanız necədir?

- Azərbaycan bütün dövlətlərlə həmişə bərabər və özünə layiq səviyyədə siyasət aparıb, müəyyən müqavilələr imzalayıb, iqtisadi, mədəni əlaqələr qurub. Avropa dövlətləri ilə Azərbaycanın iqtisadi və mədəni əlaqələri həmişə yüksək olub. Azərbaycanın nefti və qazı Türkiyə vasitəsilə əsasən Avropaya ixrac edilir. Azərbaycan hətta son vaxtlar Ukrayna hadisələri ilə bağlı yaranmış qaz problemini həll etmək üçün Avropa dövlətləri ilə çox müsbət danışıqlar aparıb. Bu danışıqlar şərait yaradır ki, Azərbaycan qazının Avropaya çıxarılmasında problem olmasın. Yəni iqtisadi və siyasi cəhətdən Azərbaycan Avropa dövlətləri ilə müəyyən anlaşmalar əldə edib. Amma çox təəssüflər olsun ki, ikili standartlar bu məsələlərdə də özünü göstərir, Azərbaycan dövlətinə qarşı belə təhdidlər, şantajlar mütəmadi olaraq həyata keçirilir. Fikir verin, bu gün Ermənistanda mitinqlər gedir, hökumətin istefasını tələb edirlər, aksiya iştirakçıları zorakılıqla dağıdılır, görün bir Avropa dövləti buna toxunurmu? Yox. Ukraynada baş verənlərə görə Avropa dövlətlərinin bircə sərt reaksiyasını görmədim. O cümlədən miqrantlarla əlaqədar Avropada yaşananlar da göz önündədir. Yəni bu dövlətlər daha çox öz maraqlarını təmin etməyə çalışır. 

- Azərbaycan hətta Avropanın maraqlarının təminatçısı statusunda da çıxış etdiyi halda niyə sərt reaksiya ilə üzləşir, burada əsas səbəb nədir? 

- Problem cənab prezidentin apardığı siyasətlə əlaqədardır. Çünki prezident Azərbaycanın müstəqilliyini qoruyub-saxlamaq üçün ölkə əhalisinə arxalanaraq çox müstəqil siyasət aparır. Bir sıra dövlətlər, o cümlədən Avropa dövlətləri Azərbaycanın müstəqil siyasətini qəbul etmirlər və mütəmadi şəkildə Azərbaycan dövlət başçısına, hökumətə belə təzyiqlər göstərirlər. Yox, əgər biz də Ermənistan kimi Rusiyanın marionet dövləti olsaydıq, əlbəttə, bizimlə belə rəftar eləməzdilər. 

- Bu konfrontasiya mühiti Azərbaycanı Rusiyaya doğru itələmir ki? 

- Mən ona inanmıram. Çünki bizim bütün iqtisadi əlaqələrimiz Avropa ilə qurulub, bütün neft-qaz ixracımız bu dövlətlərlə əlaqədardır. Amma Avropa apardığı siyasətlə sanki Azərbaycanı özündən uzaqlaşmağa məcbur edir. Hər bir siyasəti müəyyən bir nöqtəyə qədər aparmaq olar, ondan sonra artıq dövlətlər müəyyən qərarlar qəbul etməli olurlar.

Azərbaycan ilk gündən elan edib ki, Avropaya inteqrasiya edir, Avropa dövlətləri ilə ikitərəfli, sıx əlaqələrə üstünlük verir. Amma Avropa Parlamentinin qəbul etdiyi son qərarın mənasını mən başa düşə bilmirəm. Hər bir ölkədə insan azadlıqları ilə əlaqədar müəyyən problemlər var. Amerikada da, Avropada da. Fikir verin, Avropada miqrantlara necə divan tuturlar. Bu problemləri də dialoq yolu ilə həll etmək lazımdır. Amma yenə deyirəm, Azərbaycana qarşı bu təzyiqlərin əsas səbəbi dövlət başçısının müstəqil siyasətidir. 

- Bu kritik vəziyyət yalnız Azərbaycanın düşmənlərini sevindirə bilər. Belə bir situasiyadan itkilərsiz çıxmaq üçün Azərbaycan dövləti öz tərəfindən hansısa addımlar atmalıdırmı və atılmasını gözləyirsinizmi? 

“Ola bilər seçkilərdən sonra, ya elə qabaq Avropa dövlətlərini maraqlandıran məsələlərlə əlaqədar hökumət müəyyən qərarlar versin” 

- Yəqin ki, müəyyən danışıqlar gedəcək. Avropa İttifaqının Azərbaycandakı nümayəndəsini də XİN-ə dəvət ediblər, nazir müavini onunla söhbət edib, müəyyən iradlarını çatdırıb. Biz bəzi dövlətlər kimi qapalı dövlət deyilik ki. Dövlət başçımız həmişə deyib ki, biz siyasətdə də, iqtisadiyyatda, mədəni əlaqələrdə də bizimlə normal dillə danışanlara açığıq, o cümlədən də Avropa ilə. Məncə, bu vəziyyət müvəqqətidir, hər şey öz yerini tutacaq. 14 sentyabrda Milli Məclisdə bu barədə iclas keçiriləcək, çıxışlarımız olacaq. Biz Avropa Parlamentinə öz qəti iradlarımızı bildirəcəyik. Amma Avropa Parlamenti də başa düşməlidir, Azərbaycan azad, müstəqil dövlətdir, siyasəti də müstəqil olaraq aparır. 

- Parlament seçkilərinə müşahidəçi göndərməməklə bağlı ATƏT-ə edilən müraciət sizi narahat edirmi? 

- Bəli, o da var. Müşahidəçi göndərdi, göndərmədi, bu, təzyiq metodudur, bundan istifadə edirlər. Avropa dövlətləri bu metodlardan istifadə etməklə görünür nəyəsə nail olmaq istəyirlər. Amma Azərbaycan müstəqil dövlətdir və onunla müstəqil dövlət dili ilə danışmaq lazımdır. 

- Ancaq bu da həqiqətdir ki, dünyanın güc mərkəzləri ilə üz-üzə gəlib sonda qalib olmaq sadə məsələ deyil. Xüsusilə də Azərbaycan kimi ərazi problemini yaşayan ölkə üçün. Bu mənada hansısa qərarların verilməsini zəruri sayırsınızmı?

- Yəqin ki, Azərbaycan dövləti və hökuməti bu barədə fikirləşir. Ola bilər seçkilərdən sonra, yaxud elə seçkilərdən qabaq Avropa dövlətlərini maraqlandıran məsələlərlə əlaqədar müəyyən qərarlar verilsin. Mən heç vaxt ciddi konfrontasiyanın tərəfdarı olmamışam. Azərbaycan da istər Avropa, istər Amerika, istər Rusiya, istərsə Türkiyə ilə münasibətlərini həmişə bərabər və yüksək səviyyədə saxlamağa çalışıb. 

Hökumət məhbuslarla bağlı məsələni məhkəmə qərarları ilə əsaslandırır. Belə məsələləri yalnız dialoqla həll etmək lazımdır. Azərbaycan hökuməti də vəziyyəti başa düşür, bunlar bizim vətəndaşlarımızdır. Həmin məhbuslarla bağlı, işin siyasi tərəfini bir kənara qoyuram, iqtisadi cinayətlər törədiblərsə, onlarla bağlı amnistiya tətbiq etmək, məsələləri dialoq vasitəsilə həll etmək olar. Məncə, vəziyyəti daha da gərginləşdirməyə heç bir ehtiyac yoxdur. Amma bu gün Avropa təzyiq metodunu ki seçib, bu, düzgün deyil. Dövlətlə şantaj dili ilə danışmaq olmaz. Azərbaycan 90-92-ci ilin Azərbaycanı deyil, dünyanın inkişaf etmiş dövlətləri sırasındadır. Görün dünyada necə böhranlı vəziyyətdir, Azərbaycan pis-yaxşı özünü qoruyub-saxlayıb. 

-Seçkidən sonra manatın devalvasiyasına gediləcəyi barədə proqnozları bölüşürsünüzmü?

-İnanmıram. Bu ilin axırına qədər elə bir ciddi problem yaranmayacaq. Çünki Azərbaycan Mərkəzi Bankı və Neft Fondunun kifayət qədər ehtiyatları var, bu ehtiyatlardan istifadə ediləcək. Manatla əlaqədar devalvasiyaya getməyə də ehtiyac yoxdur. Manatı qoruyub-saxlamaq lazımdır. 

- İndiki durum Rusiyaya Azərbaycanı təsir dairəsinə salmaq üçün ideal şərait yaradır. Hətta bu arada Moskvanın Qarabağı Azərbaycana qaytaracağı barədə şayiələr, rus politoloqlarının rəyləri də artıb. Sizcə, bu, təsadüfidirmi? 

- Rusiya Qarabağı qaytarmaq istəsəydi, çoxdan qaytarmışdı, Azərbaycanı da Avrasiya İttifaqına daxil etmişdi. Mən öz fikrimdə qalıram, qanla alınmış torpaq elə-belə verilmir. Ermənistan bizim torpaqlarımızı işğal edib, özü də Rusiyanın köməyi ilə. Ukrayna ətrafında baş verənlərə görə bir tərəfdən Avropa günahkardırsa, digər tərəfdən Rusiya günahkardır. Qarabağla bağlı 20 ildir danışıqlar gedir, biz bir metr də irəliləyişə nail olmamışıq. Azərbaycanda güclü ordu yaranır və ordumuz gec-tez torpaqlarını azad edəcək. 

Mən Rusiyanın şirin vədinə heç vaxt inanmamışam, indi də inanmıram. Bəli, Rusiya bizə qonşu dövlətdir, çox ciddi əlaqələrimiz var, orda bizim xeyli soydaşımız yaşayır, ticarət dövriyyəmiz 4 milyarda yaxınlaşır. Belə baxanda problemlərimiz yoxdur. Amma mən Rusiyanın işğalçılıq siyasətini, bizə “böyük qardaş” kimi yuxarıdan-aşağı baxmasını heç vaxt qəbul etməmişəm, bu gün də qəbul etmirəm! 

Xəbər 1046 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR