Dövlət Televiziyası – teleməkanda peşəkarlıq nümunəsi

Dövlət Televiziyası – teleməkanda peşəkarlıq nümunəsi

 
1956-cı il fevralın 14-ü... Gənc aktrisa Nəcibə Məlikova çıxışına "Göstərir Bakı!” kəlməsi ilə başlayır. Bununla da Azərbaycan teleməkanında televiziya yayımının əsası qoyulur və 30 il öncə yaradılan Azərbaycan Radiosunun zəfər yolu uğurla davam etdirilir...

Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş olundu. Artıq 1 il sonra Azərbaycan televiziyası efirə həftədə 5 dəfə çıxmağa başladı və verilişlərin gündəlik həcmi 2 saat 20 dəqiqəyə çatdırıldı. 1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artdı. 70-ci illərdən etibarən Azərbaycan Televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırıldı.

2005-ci ilin yanvarından isə televiziya 24 saatlıq fasiləsiz yayıma keçdi. 2005-ci ildən həm də Azərbaycan Prezidentinin sərəncamı ilə şirkət "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə çevrildi. Bu, noyabrın 6-da 90 illiyini qeyd etdiyimiz Azərbaycan Radiosunun və 60 yaşlı Dövlət Televiziyasının fəaliyyət tarixinin sadəcə qısa xülasəsidir. Geriyə baxdıqda isə, qətiyyətlə deyə bilərik ki, ötən illər ərzində Dövlət Teleradiosu dövlətçilik ənənələrinin qorunması, milli təfəkkürün formalaşması, informasiya təhlükəsizliyinin təmin olunması və vətənpərvər gənc nəslin yetişdirilməsində tarixi nailiyyətlərə imza atıb. 

 
Ana və ailə televiziyası
 

Yarandığı gündən Azərbaycanın efir məkanında hər zaman özünəməxsus dəst-xətti ilə seçilən, Ana televiziya statusunu daşıyan Azərbaycan Dövlət Televiziyası dövlətçilik və müstəqilliyimizə xidmət missiyasını həyata keçirir. 1926-cı ildə fəaliyyətinə start verən Azərbaycan Radiosunun uğurlu yolunu davam etdirən televiziya bu günə qədər bir neçə jurnalist nəslinin yetişməsində əhəmiyyətli rol oynayıb, cəmiyyətin maarifləndirilməsində, insanlara mənəvi-əxlaqi dəyərlərin aşılanmasında, vətənpərvərlik hisslərinin təbliğində mühüm xidmətlər göstərib.

Azərbaycan radiosunun və televiziyasının tarixi vətənpərvərlik hisslərinin təbliği ilə yanaşı, bu hisslərin əməldə nümayiş etdirilməsi ilə də zəngindir.

Bunun üçün yaxın tarixdə yer alan bəzi faktlara diqqət çəkmək yetərlidir:

1988-ci ildə başlanan Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə ətrafında cərəyan edən hadisələr zamanı Azərbaycan Televiziyasının əməkdaşları Mixail Qorbaçovun və respublikanın o zamankı rəhbərliyinin milli maraqlardan uzaq olan addımlarına qarşı çıxaraq ölkə Konstitusiyasına, beynəlxalq hüquq normalarına əməl edilməsini, erməni separatçılarının qanunsuz hərəkətlərinin qarşısının alınmasını tələb etdilər və əsl vətəndaşlıq nümunəsi sərgilədilər.

 
Yeni başlanğıc
 

Şübhəsiz ki, Dövlət Televiziyasının fəaliyyətində ulu öndər Heydər Əliyevin müstəsna rolu var. Müstəqilliyini yenicə bərpa etmiş respublikamızda vətəndaş qarşıdurması, siyasi çəkişmələr, parçalanma, qeyri-sabitlik hökm sürürdü və bəzi qüvvələr həmin anarxiyanı televiziya məkanına da daşımaq istəyirdilər. Qeyri-peşəkarlar, siyasi qalmaqallarla məşğul olan siyasətbazlar, jurnalist etikasından uzaq şəxslər televiziyanın informativ-məlumatlandırma və mədəni-maarifçilik funksiyalarını bir kənara ataraq milli mentalitetə yaraşmayan metodlara əl atırdılar. Bu hadisələr tədricən millətin öz televiziyasına olan inamını sarsıdırdı. Məhz ümummilli lider Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə qayıdışı televiziya sahəsində yeni keyfiyyət mərhələsinin start götürməsinə imkan yaratdı.

Ulu öndərin televiziya sahəsinə diqqət və qayğısı hazırda Prezident
İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Mətbuat işçiləri tam şəkildə dövlətin qayğısı əhatəsindədirlər.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirir ki, dövlət başçısının "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” 2010-cu il 22 iyul tarixli sərəncamı ilə jurnalistlər üçün yaşayış binası tikildi, mənzillər 156 KİV əməkdaşına, o cümlədən televiziya və radio işçilərinə paylanıldı. 2013-cü ildə Prezidentin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamına uyğun olaraq jurnalistlər üçün 256 mənzilli yeni bina inşa olunur. Hər il mətbuat işçilərinin bayramlarında, televiziya və radio günü ərəfəsində əməkdə fərqlənən teleradio işçiləri müxtəlif dövlət mükafatları, fəxri adlar, orden və medallarla təltif edilirlər.

 
Novatorluq missiyası
 

2006-cı il avqustun 16-da ölkə başçısının sərəncamı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyinin dəyişilməsindən sonra ana televiziyada ciddi islahatlara başlanıldı. Peşəkar jurnalist və rejissorlar efirə qayıtdı, gənc və istedadlı jurnalistlər televiziyada fəaliyyətə başladı. Tədricən ana televiziya ilə bərabər ailə televiziyasına çevrilən birinci kanalımızda müxtəlif xarakterli proqramların hazırlanmasına start verildi, dövlət və milli maraqlar ən yüksək səviyyədə qorundu, ölkə ziyalıları və tanınmış ictimai xadimlər bu televiziyanın efirindən xalqla təmas qurdular. Dövlət Televiziyası novatorluq missiyasını davam etdirərək qabağcıl dünya dövlətlərinin televiziya təcrübəsindən yararlandı, tanınmış beynəlxalq telekanallarla təcrübə mübadiləsi apardı. Bu da televiziya əməkdaşlarının yüksək peşəkarlıq keyfiyyətlərinə yiyələnməsində əhəmiyyətli rol oynadı.

2007-ci il də Azərbaycan Televiziyası üçün yeniliklər ili oldu: ciddi kadr islahatları aparıldı, yeni proqramlar, verilişlər, tamaşalar meydana gəldi, gənc aparıcı və reportyorlar müsabiqə yolu ilə işə cəlb edildilər, planlı şəkildə efirə və kanalın infrastrukturuna kapital qoyuluşu həyata keçirildi. Məhz həmin islahatların nəticəsidir ki, Azərbaycan TV bu gün də teleməkanda ən peşəkar televiziya olmaq və televiziya dəbinin qanunvericisinə çevrilmək istiqamətində fundamental addımlar atır.

Kənar müşahidəçilər və yerli mütəxəssislər birmənalı şəkildə etiraf edirlər ki, Azərbaycan Dövlət Televiziyası dövlətçiliyimizin və müstəqilliyimizin qorunması prosesində böyük xidmətlər göstərir, düzgün qurulan informasiya siyasəti hesabına Azərbaycan və dünya ictimaiyyətinin ölkəmizdə baş verən hadisələr barədə operativ məlumatlandırılmasına nail olur. Prezident İlham Əliyevin həyata keçirdiyi beynəlxalq, regional və daxili siyasət, azərbaycanın enerji siyasəti, qonşu dövlətlərlə qurulan dost münasibətlərin təbliği, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin azad edilməsində Silahlı Qüvvələrimizin oynayacağı rol, dünya Azərbaycanlılarının həmrəyliyi, ölkəmizdə keçirilən müxtəlif beynəlxalq tədbirlərin əhəmiyyəti, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, respublikamızda həyata keçirilən iqtisadi islahatlar və digər məsələlər Azərbaycan Dövlət Televiziyasının müxtəlif proqram və verilişlərində gündəliyə çıxarılır və həmin hadisələrin tarixi mahiyyəti ölkə ictimaiyyətinin diqqətinə çatdırılır.

 
Milli kanal
 

Hər bir ölkədə milli ruhun yüksəlişinə təkan verən əsas faktorlardan biri də ana dilidir. Ulu öndərin teleradio məkanında Azərbaycan dilinin funksionallığının artırılmasına yönələn proqram siyasəti milli ideologiyanın formalaşması, gələcəyin müstəqil, yeni Azərbaycanının yaradılmasında mühüm amillərdən hesab olunur. Bu gün peşəkar televiziya kollektivi Azərbaycan Dövlət Televiziyasında ana dilinin yaşaması, zənginləşməsi və saflığının qorunmasında birbaşa iştirak edir.

Arif Alışanov ömrünün 40 ilini həsr etdiyi Azərbaycan radio və televiziyasına öz doğma ocağı kimi yanaşır. Səbrlə, sistemli bir fəaliyyətlə, ilk radiomuzun və televiziyamızın inkişafına çalışır. Və bütün bunlar nümayişkəranə şəkildə göz önünə sərgilənmir, yalnız görülən işlərdə, həyata keçirilən uğurlu layihələrdə nəzərə çarpır. Bu isə, heç şübhəsiz ki, yüksək peşəkarlığın və əsl peşəkarlara xas təvazökarlığın nümunəsidir. Arif Alışanovun milli mətbuatımızın 140 illiyində Prezident İlham Əliyev tərəfindən 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunması da məhz bu fəaliyyətə verilən yüksək dəyərin göstəricisidir.

Bu gün Azərbaycan Televiziyası xalqımızın milli-mədəni dəyərləri və tarixi salnaməsinin yaşadılmasında öz üzərinə düşən vəzifələri də layiqincə yerinə yetirir. Dövlət televiziyasının mədəniyyət, ədəbiyyat, ana dili, tarix, sosial-iqtisadi inkişaf və digər sahələrlə bağlı təqdim etdiyi proqramlar bütöv bir nəslin vətənpərvər ruhda tərbiyəsində əvəzsiz rol oynayır. Teleradio həm də xalqımızın keçdiyi inkişaf yolunun video-audio salnaməsini yaradır, qoruyur və gələcək nəsillərə çatdırır.

Azərbaycan Dövlət Televiziyası ölkənin elmi potensialının üzə çıxmasında, yenilikçi və avanqard dünyagörüşünün formalaşmasında, yeni vətənpərvər nəslin yetişməsində, innovativ, modern televiziya texnologiyasının tətbiqində, insan kapitalının dəyərləndirilməsində müstəsna işlər görür. Televiziyanın tamaşaçılara təqdim etdiyi fərqli proqramlarda ictimai həyatımızın bütün sahələri üzrə əldə edilən uğurlara peşəkar yanaşma müşahidə edilir, xalqın aktual problemləri və tələblərinə operativ baxış öz əksini tapır. Bu faktorlar televiziyanın öz işinə peşəkar və milli maraqlar kontekstindən yanaşdığının bariz nümunəsidir.

Ana televiziyamızın zəfər yolunu və yeni dövrün tələbləri çərçivəsində fəaliyyətini uğurla davam etdirməsində ölkədə media sahəsində həyata keçirilən islahatlar da mühüm rol oynayır. Belə ki, Milli Teleradio Şurasının yaradılması, elektron Kütləvi İnformasiya Vasitələrinə ayrılan vəsaitlər, jurnalistlərin maddi-rifah halının yaxşılaşdırılması üçün atılan ardıcıl addımlar, televiziyaların maddi-texniki bazasının möhkəmləndirilməsi, habelə, televiziya sahəsində xidmətləri olan jurnalistlərin müxtəlif fəxri adlarla təltif edilməsi televiziya məktəbi ənənələrinin və jurnalist sənətinə olan hörmətin bərpasına ciddi təsir göstərdi.

 
Televiziya məktəbi
 

Bu məktəbin əsası 60 il öncə qoyuldu. Bu  müddətdə püxtələşən və Azərbaycan Televiziyasının zəngin irsindən faydalanan jurnalistlər nəsli bu gün bir sıra yeni televiziya kanallarında peşəkar fəaliyyətlərini davam etdirir. Doğrudan da, Azərbaycan Televiziyası ölkə teleməkanının formalaşmasında böyük rol oynadı. Televiziya məkanımızın birincisinin izi müstəqillik dövründə yaradılan bütün telekanalların fəaliyyətində özünü qabarıq şəkildə göstərdi. Sonrakı illərdə Azərbaycan Televiziya və Radiosunda yetişən peşəkar kadrlar bir sıra yeni kanalların yaradılması prosesində yaxından iştirak etdilər.

Bu gün Azərbaycan Televiziyasına peşəkar televiziyaçılardan və menecerlərdən ibarət komanda rəhbərlik edir. Təsadüfi deyil ki,  kollektivin üzvü olan bir çox telejurnalist və rejissor müxtəlif illərdə dövlət mükafatlarına – fəxri adlara, orden və medallara layiq görülüb. Çünki onlar milli mənafeləri qorumaqla yanaşı, Azərbaycanın dünya miqyasında tanıdılması istiqamətində də uğurlu layihələr həyata keçirirdilər. Xalq isə öz fədakar övladlarına hər zaman layiq olduğu qiyməti verməyi bacarır.

İbrahim YUSİFZADƏ
Xəbər 399 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR